RU

Azərbaycan regional gündəliyi formalaşdıran və şərtləri müəyyən edən dövlətdir

Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyevin Münxendə “France 24” telekanalına verdiyi müsahibə Azərbaycanın

post-münaqişə dövründə formalaşdırdığı yeni siyasi arxitekturanın beynəlxalq

auditoriyaya təqdimatı kimi qiymətləndirilə bilər. Müsahibə boyunca Prezident həm

regional sülh prosesinin mərhələlərini, həm böyük güclərlə münasibətlərin

dinamikasını, həm də Azərbaycanın təhlükəsizlik və geosiyasi prioritetlərini

sistemli şəkildə ortaya qoydu.

ABŞ-ın iştirakı ilə Ağ Evdə imzalanmış üçtərəfli sənədin

“münaqişənin bitməsi” kimi təqdim edilməsi xüsusi diqqət çəkir. Bu ifadə siyasi

baxımdan dərin məna daşıyır. Sənədin məhz Vaşinqtonda imzalanması və ABŞ

Prezidentinin şahid qismində prosesə qoşulması sülh prosesinə beynəlxalq

legitimlik qazandırır və onu regional çərçivədən çıxarıb qlobal siyasi

platformaya daşıyır. Bu, həm də Ermənistan üçün geri dönüş imkanlarını məhdudlaşdıran

siyasi mexanizm rolunu oynayır. Azərbaycan diplomatiyası burada təkcə hərbi qələbənin

nəticələrini möhkəmləndirmir, həm də sülhün beynəlxalq təminat mexanizmini

formalaşdırır.

Prezident İlham Əliyevin normallaşmanı rəsmi sülh

sazişindən ayırması da diqqətçəkən siyasi yanaşmadır. Dövlət başçısı faktiki

sülhün artıq mövcud olduğunu vurğulayaraq sərhəddə sabitliyin təmin edildiyini,

iqtisadi əlaqələrin başladığını və tranzit məhdudiyyətlərinin aradan

qaldırıldığını qeyd etdi. Bu, politoloji baxımdan “de-fakto sülh” modelidir. Azərbaycan

bununla göstərir ki, proses artıq geri dönməz xarakter alıb və hüquqi sənədin

imzalanması yalnız texniki mərhələdir. Bu yanaşma Ermənistanın mümkün gecikdirmə

taktikasını siyasi baxımdan zəiflədir.

Ermənistan konstitusiyasında Qarabağa dair müddəanın

dəyişdirilməsi məsələsi isə Prezidentin prinsipial mövqeyini nümayiş etdirir.

Bu tələb təkcə hüquqi detal deyil, gələcəkdə revizionist siyasətin qarşısını

almağa yönəlmiş strateji addımdır. Azərbaycan burada münaqişənin yalnız hərbi

yox, həm də ideoloji və hüquqi səviyyədə tam bağlanmasını istəyir. Bu, uzunmüddətli

sabitliyin təmin olunması baxımından rasional və dövlətçilik baxımından ardıcıl

yanaşmadır.

Müsahibədə ABŞ ilə Strateji Tərəfdaşlıq

Xartiyasının imzalanması və silah satışına məhdudiyyətlərin aradan qaldırılması

məsələsi Azərbaycanın beynəlxalq mövqeyində keyfiyyət dəyişikliyinə işarə edir.

Bu, enerji əməkdaşlığından təhlükəsizlik əməkdaşlığına keçid mərhələsidir. Azərbaycan

artıq regionda yalnız enerji ixracatçısı deyil, həm də beynəlxalq təhlükəsizlik

sistemində aktiv iştirakçı kimi mövqe tutur. Bu, Cənubi Qafqazda güc balansının

Azərbaycanın xeyrinə daha da möhkəmlənməsi deməkdir.

TRIPP layihəsi və Zəngəzur dəhlizinin perspektivi

isə iqtisadi və geosiyasi baxımdan yeni mərhələnin başlanğıcını ifadə edir.

Naxçıvanla birbaşa bağlantının yaradılması yalnız logistik məsələ deyil, Azərbaycanın

ərazi bütövlüyünün kommunikasiya baxımından tamamlanmasıdır. Layihənin ABŞ tərəfindən

dəstəklənməsi və Prezident Trampın adı ilə əlaqələndirilməsi onu regional təşəbbüsdən

çıxarıb qlobal maraq obyektinə çevirir. Bu, Ermənistan üçün layihəni bloklama

imkanlarını azaldır və Azərbaycanın tranzit ölkə kimi rolunu gücləndirir.

Qarabağdakı keçmiş separatçı rəhbərlərin məhkəmə

prosesi ilə bağlı Prezidentin sərt mövqeyi dövlət suverenliyinin hüquqi müstəvidə

təsdiqi kimi qiymətləndirilə bilər. Dövlət başçısı bu şəxsləri “separatçı

rejimin liderləri” və “ağır cinayətlərin təşkilatçıları” kimi təqdim edərək məsələni

humanitar yox, hüquqi və ədalət kontekstində çərçivələndirdi. Nürnberq

analogiyası isə separatizmə və törədilən soyqırım və bu kimi ağır cinayətlərə dövlətin

prinsipial münasibətini göstərir. Bu, həm daxili auditoriya üçün legitimlik

mesajıdır, həm də gələcəkdə separatizmə qarşı preventiv siyasi siqnaldır.

Qarabağ ermənilərinin bölgəni tərk etməsi və

qayıdış hüququ məsələsində Prezidentin simmetrik yanaşması da diqqət çəkdi. Dövlət

başçısı həm Qarabağ ermənilərinə vətəndaşlıq təklif olunduğunu, lakin onların

bunu qəbul etmədiyini və Ermənistana getməyi uyğun bildiklərini, həm də Qərbi

azərbaycanlıların geri qayıtmaq hüququnun gündəmdə olduğunu vurğuladı. Bu

yanaşma Azərbaycanın beynəlxalq diskursda özünü təkcə qalib tərəf kimi deyil, həm

də tarixi ədalət tələb edən tərəf kimi təqdim etməsinə xidmət edir.

Fransa ilə münasibətlərə dair hissədə isə Prezident

İlham Əliyev emosional ritorikadan uzaq, lakin prinsipial xətt nümayiş etdirdi.

O, gərginliyin mənbəyinin Azərbaycan olmadığını bildirdi və Fransanın

separatçılara dəstəyini əsas problem kimi göstərdi. Bununla yanaşı, Makronla

görüşün müsbət keçdiyini və münasibətləri yenidən başlamağa hazır olduqlarını

qeyd etdi. Bu, Azərbaycan diplomatiyasının konfrontasiya deyil, qarşılıqlı hörmət

və praqmatizm üzərində qurulduğunu göstərir.

Ümumilikdə, bu müsahibə Azərbaycanın artıq müdafiə

mövqeyində olan dövlət deyil, regional gündəliyi formalaşdıran və şərtləri müəyyən

edən aktor olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev həm sülh prosesini

reallıq kimi təqdim etdi, həm hüquqi tələblərini açıq şəkildə ortaya qoydu, həm

də ABŞ və Avropa ilə münasibətlərdə Azərbaycanın artan geosiyasi çəkisini göstərdi.

Bu baxımdan müsahibə post-münaqişə dövründə Azərbaycanın siyasi mövqeyinin möhkəmləndiyini

və ölkənin regional liderlik iddiasının daha aydın ifadə olunduğunu göstərən

strateji əhəmiyyətli çıxış kimi qiymətləndirilə bilər.

Vasif Qafarov

Milli Məclisin deputatı,

Tarix elmləri doktoru

Избранный
29
azerbaijan-news.az

1Источники