Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev ilə bağlı cinayət işi ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.
İstintaq orqanları tərəfindən təqdim olunan materiallara əsasən, Ramiz Mehdiyevin hakimiyyətin zorla ələ keçirilməsinə və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş hərəkətlər etməsinə dair çoxsaylı faktiki sübutların toplanıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdim etdiyi məlumatlarda eks-məmurun cinayət yolu ilə əldə edildiyi 17 milyon manatdan artıq vəsaiti leqallaşdırdığı vurğulanır.
Ramiz Mehdiyevin ittiham olunduğu cinayətlərin ağırlığını nəzərə alaraq, onun müxtəlif vaxtlarda təltif olunduğu orden və fəxri adların geri alınması məsələsi aktuallaşır. Hətta bununla bağlı ağır və ya xüsusi olaraq ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı onlara verilən rütbə, fəxri ad və təltifin geri alınmasına dair Cinayət Məcəlləsində müvafiq maddə mövcuddur.
Bundan əvvəl də, ağır cinayətlər törədən şəxslərdən dövlət adlarının geri alınmasına dair presedentlər olub. Məsələn, Milli Qəhrəman fəxri adı almış Surət Hüseynov 1994-cü ildə, Rasim Əkbərov 2001-ci ildə bu addan məhrum edilib.
Dünya praktikasında da bu kimi hallar nadir deyil. Məsələn, Nobel mükafatı laureatı Ceyms Uotson irqçi çıxışlarına görə bütün fəxri adlardan məhrum olunmuşdu. Britaniya şahzadəsi Endryu isə "Epşteyn faylları" ilə bağlı bütün hərbi titullardan və adlardan məhrum olunub. Ümumiyyətlə, Britaniyada son 10 ildə 80-dən çox şəxs təltif və mükafatlardan məhrum edilib. Bu kimi hallar istər elmi sahədə, istər hərbi, idman və dövlət idarəçiliyi sahələrində müşahidə olunur.
Bu baxımdan Ramiz Mehdiyevin də fəaliyyəti dövründə aldığı fəxri ad və mükafatlardan məhrum edilməsi aktualdır. Artıq bununla bağlı ilk addımlar da atılır. Belə ki, ötən gün Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin akademik titulundan məhrum edilməsi ilə bağlı toplantı keçiriləcəyini və bu barədə ictimaiyyətə məlumat veriləcəyini bildirilib.
Onun digər titul və mükafatlardan məhrum edilməsi prosesinin hüquqi tərəfinin necə olacağı diqqətçəkən nüansdır.