RU

İlham Əliyev Münxendən dünyaya mesaj verdi: “Ədalətin bərpası...”

“Azərbaycan Prezidenti İlham Əliyevin Münxendə “France 24” telekanalına müsahibəsi ölkəmizin beynəlxalq mövqeyinin, strateji prioritetlərinin və prinsipial siyasətinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm hadisədir. 

Dövlətimizin başçısının səsləndirdiyi fikirlər Azərbaycanın müstəqil və qətiyyətli siyasət kursunun növbəti dəfə beynəlxalq auditoriyaya aydın və əsaslandırılmış şəkildə təqdimatıdır”.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı ölkəmizin prinsipial mövqeyini və əsas şərtlərini bir daha açıq şəkildə bəyan etdi: 

“Regionda davamlı sülhün təmin olunması üçün ilk növbədə qarşılıqlı olaraq ərazi bütövlüyünün və suverenliyin tanınması fundamental şərtdir. Fikrimcə, sülh sazişi real hüquqi və siyasi əsaslara söykənməli, gələcəkdə hər hansı revanşist meyillərə yol verməyən mexanizmləri özündə ehtiva etməlidir. 

Ermənistanın Konstitusiyasında, Qarabağın işğal altında olduğu dövrdə qəbul edilmiş müddəalar sırasında İstiqlaliyyət Bəyannaməsinə istinadın yer alması xüsusi diqqət doğurur. Həmin bəyannamədə “qondarma Dağlıq Qarabağ və Ermənistan birləşməlidir” məzmunlu müddəanın mövcudluğu faktiki olaraq Azərbaycana qarşı ərazi iddiasıdır.

Bu isə regionda davamlı sülhün təmin olunması istiqamətində aparılan danışıqlara hüquqi və siyasi baxımdan ziddiyyət yaradan əsas məqamlardan biridir. Bu baxımdan, dövlətimizin başçısının da qeyd etdiyi kimi, həmin müddəalar dəyişilməlidir”.

S.Salmanova bildirib ki, Prezident İlham Əliyev jurnalistin Bakıda Azərbaycan məhkəməsinin qərarı ilə həbs olunan separatçılarla bağlı sualını dəqiqliklə əsaslandırıb və tutarlı arqumentlərlə cavablandırıb:

“Cənab Prezident vurğuladı ki, “ABŞ-nin vitse-prezident Cey. Di. Venslə Bakıda bir neçə saat davam edən görüş zamanı digər məsələlərlə yanaşı, bu məsələ də onun tərəfindən qaldırıldı və mən bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam”.

Onlar Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan, o cümlədən Ermənistan tərəfindən də qəbul edilən suveren ərazisində uzun illər qanunsuz fəaliyyət göstərmiş separatçı rejimin rəhbərləri olublar. 

Həmin rejim Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətin əsas alətlərindən biri kimi çıxış edib və bölgədə davamlı gərginliyin, silahlı toqquşmaların və humanitar fəlakətlərin əsas səbəblərindən olub.

Bu şəxslər azərbaycanlılara qarşı törədilmiş çoxsaylı ağır cinayətlərin, o cümlədən müharibə cinayətlərinin bilavasitə təşkilatçıları və icraçıları kimi tanınır. Onların fəaliyyəti nəticəsində dinc əhali hədəfə alınıb, yaşayış məntəqələri dağıdılıb, beynəlxalq humanitar hüququn norma və prinsipləri kobud şəkildə pozulub.

Uzun illər bu cinayətlərə hüquqi qiymət verilməsi mümkün olmasa da, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra ədalətin təmin edilməsi istiqamətində ardıcıl addımlar atılıb.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Qarabağ ərazisində saxlanılan bu şəxslər istintaqa cəlb olunub və məhkəmə qarşısına çıxarılıblar.

Proses ölkə qanunvericiliyinin tələblərinə və beynəlxalq hüquq normalarına tam uyğun şəkildə aparılıb. Təqsirləndirilən şəxslərin hüquqları təmin edilib, onlar vəkillərlə təmin olunub və müdafiə imkanlarından istifadə ediblər.

Məhkəmə iclasları şəffaf şəkildə keçirilib, irəli sürülən ittihamlar çoxsaylı şahid ifadələri, maddi sübutlar və sənədlərlə əsaslandırılıb. Cinayət əməllərinin sistemli və məqsədli xarakter daşıdığı məhkəmə istintaqı zamanı ətraflı şəkildə sübuta yetirilib.

Bu baxımdan prosesin guya qanun pozuntuları ilə müşayiət olunması barədə səsləndirilən iddialar heç bir hüquqi və faktiki əsaslara söykənmir. 

Azərbaycan dövləti bir daha nümayiş etdirdi ki, ölkənin ərazi bütövlüyünə, suverenliyinə və vətəndaşlarının təhlükəsizliyinə qarşı törədilən cinayətlər cəzasız qalmayacaq. 

Ədalətin bərpası həm milli qanunvericiliyin, həm də beynəlxalq hüququn tələbləri çərçivəsində həyata keçirilir və bu proses qərəzsiz, şəffaf və hüquqi prinsiplərə əsaslanır”.

"Cebheinfo.az"

Избранный
23
5
cebheinfo.az

6Источники