RU

Əliyev Makronla razılaşdıq dedi, vəziyyət dəyişdi Paris hansı qərarı verəcək?

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev Münhendə “France 24” telekanalına müsahibəsində Fransa ilə münasibətlərdən danışıb. Dövlət başçısı bildirib ki, ötən il Fransa Prezidenti Emmanuel Makronla görüşü olub və liderlər hər şeyə yenidən başlamağa qərar veriblər.

İlham Əliyev Azərbaycana hər hansı ölkə, o cümlədən Fransa ilə problemin lazım olmadığını bildirib.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Azərbaycanın müstəqil xarici siyasət kursu, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası və bu prosesin tamamilə legitim əsaslarla baş verməsi fonunda bir sıra ölkələrin, əsasən də Fransanın mövqeyi xüsusi diqqət doğurur:

“Rəsmi Parisin son illərdə ölkəmizə münasibətdə sərgilədiyi yanaşma beynəlxalq hüququn norma və prinsipləri ilə uzlaşmayan, selektiv və qərəzli xarakter daşıyır. Bununla belə, Azərbaycan tərəfi qarşıdurma deyil, dialoq və qarşılıqlı hörmət prinsiplərini əsas götürdüyünü dəfələrlə nümayiş etdirib.

Prezidentin Münhendə Fransa ilə bağlı verdiyi mesajın siyasi çəkisi kifayət qədər ağırdır. Çünki Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini tam təmin etmiş dövlətdir. Belə bir mərhələdə rəsmi Bakının dialoqa açıq olması ədaləti bərqərar edən güc mövqeyindən edilən çağırışdır və konstruktiv əməkdaşlıq üçün real zəmin yaradır.

Təəssüf ki, son illərdə Fransanın rəsmi dairələri tərəfindən səsləndirilən bəyanatlar və qəbul edilən qərarlar bu konstruktiv mövqeyə adekvat olmayıb. Fransa parlamentində və bəzi siyasi dairələrdə Azərbaycana qarşı qəbul edilən qətnamələr, açıq-aşkar birtərəfli mövqe və Ermənistanın maraqlarına uyğun ritorika beynəlxalq hüququn əsas prinsipləri, o cümlədən dövlətlərin suveren bərabərliyi, daxili işlərə qarışmamaq və ərazi bütövlüyünə hörmət prinsipləri ilə ziddiyyət təşkil edir”.

Deputat deyib ki, Fransa uzun illər, ömrünü uğursuzluqla başa vurmuş ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi vasitəçilik missiyası yerinə yetirib:

“Lakin münaqişə dövründə işğal faktına münasibətdə lazımi siyasi iradə nümayiş etdirməyən rəsmi Paris, Azərbaycanın öz torpaqlarını azad etməsindən sonra tamamilə fərqli mövqe sərgiləməyə başladı. Halbuki BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Azərbaycan məhz həmin qətnamələrin icrasını təmin etdi.

Buna baxmayaraq, rəsmi Parisin bəzi addımları regionda sülh prosesinə töhfə vermək əvəzinə, yeni gərginlik ocaqları yaratmaq riskini artırır. Xüsusilə Cənubi Qafqaz kimi həssas geosiyasi məkanda hərbi-siyasi balansı poza biləcək birtərəfli təşəbbüslər sülh gündəliyinə xidmət etmir.

Elçin Mirzəbəyli

Fransanın Ukrayna məsələsində ərazi bütövlüyü prinsipini qətiyyətlə müdafiə etməsi ilə Azərbaycanın suverenlik məsələsində sərgilədiyi fərqli mövqe arasında açıq ziddiyyət görünür. Beynəlxalq hüquq universal mexanizmdir; onun prinsipləri regionlara və siyasi maraqlara görə dəyişməməlidir. Əks halda, “qaydalara əsaslanan nizam” anlayışı siyasi ritorikadan o yana keçmir.

Azərbaycan isə öz mövqeyində ardıcıldır. Rəsmi Bakı həm Ukraynanın, həm də digər dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib. Bu, ölkəmizin prinsipial və beynəlxalq hüquqa əsaslanan xarici siyasət kursunun göstəricisidir.

Prezident İlham Əliyevin Münhendə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan emosional ritorikadan deyil, praqmatik və rasional diplomatiya mövqeyindən çıxış edir. Ölkəmiz üçün əsas prioritet regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, kommunikasiyaların açılması və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşdırılmasıdır”.

E.Mirzəbəyli bildirib ki, Fransa isə seçim qarşısındadır, ya Cənubi Qafqazda obyektiv və balanslı mövqe tutaraq əməkdaşlıq yolunu seçməli, ya da daxili siyasi motivlərin təsiri altında birtərəfli siyasətini davam etdirərək proseslərdən kənarda qalmalıdır:

“Birinci yol həm region, həm də Fransa-Azərbaycan münasibətləri üçün perspektiv vəd edir. İkinci yol isə etimad böhranını daha da dərinləşdirə bilər.

Mahiyyət etibarilə, Azərbaycan öz suveren hüquqlarını qorumaq əzmindədir və bu məsələdə heç bir güzəşt mövzusu yoxdur. Lakin eyni zamanda, rəsmi Bakı qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan münasibətlərin qurulmasına hər zaman hazır olduğunu nümayiş etdirib. Münhendən verilən mesaj da məhz budur: Azərbaycan dialoq istəyir, amma bu dialoq bərabərhüquqlu və ədaləti  prinsipləri əsasında qurulmalıdır”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
globalinfo.az

1Источники