Macarıstanda 2026-cı ildə spa-turizmində əhəmiyyətli artım müşahidə ediləcəyi gözlənilir, xüsusilə Şimali və Qərbi Avropa ölkələrindən çoxlu sayda turist axını proqnozlaşdırılır.
“İki sahil” Macarıstanın turizm sahəsində ekspertlərinə istinadən xəbər verir ki, ölkənin zəngin çimmə və sağlamlaşdırma ənənələri Macarıstanın turizm sektorunda yeni rekordların qeydə alınmasına səbəb olub. Rekord göstəricilərlə yadda qalan turizm ilindən sonra termal kurortlara və müalicəvi bulaqlara maraq artmaqda davam edir.
Spa Kurortları Assosiasiyasının qiymətləndirmələrinə əsasən, 2025-ci ildə Macarıstandakı termal hamamlara gələn ziyarətçilərin sayı əvvəlki illərin göstəricilərini üstələyib. 2026-cı ildə isə yeni artım dalğası gözlənilir. Bu tendensiya, xüsusilə avropalı turistlərin geri qayıtması və Macarıstanın beynəlxalq turizm sərgilərində fəal marketinq siyasəti ilə əlaqələndirilir.
Ənənəvi və məşhur istiqamətlər, - Budapeşt, Heviz, Haydusoboslo və Şiofok, - rahatladıcı termal hamamlardan tutmuş tibbi reabilitasiya proqramlarınadək geniş xidmət spektri ilə ziyarətçiləri cəlb edir. Macarıstanın spa mərkəzləri qonşu ölkələrlə müqayisədə daha əlverişli qiymətlər təklif edir. Bu isə Almaniya, İsveç, Niderland və digər Avropa ölkələrindən gələn turistlərin marağını daha da artırır.