ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bir neçə gün əvvəl Türkiyə mətbuatında yayılan məlumatlar Azərbaycan ictimaiyyətində də ciddi narahatlıq doğurub. Belə ki, “Danone” şirkətinə məxsus “Aptamil” uşaq qidasının tərkibində uşaqların sağlamlığı üçün təhlükəli hesab olunan serulid toksini aşkarlandığı üçün məhsul Türkiyədə satışdan yığışdırılıb.Xatırladaq ki, 2025-ci ilin iyul ayında “Danone” MMC-nin Azərbaycanda fəaliyyətinə xitam verilib. Bu fonda məsələ daha da aktuallaşıb. Şirkətin yerli hüquqi şəxsi ləğv edildiyi halda, brendə məxsus məhsulların regionda dövriyyəsi və onların təhlükəsizlik nəzarəti ilə bağlı suallar gündəmə gəlir.
MÖVZU İLƏ BAĞLI:“Danone” MMC Azərbaycanda ləğv olunubsa, məhsulları kim və necə SATIR? – FOTOFAKT
Bəs bu qida ilə bağlı vəziyyət Azərbaycanda necədir? Təhlükəli uşaq qidaları satışdan yığışdırılıbmı? Əvvəlcə bir neçə market və aptek şəbəkələrində müşahidə apardıq. Məhsulun açıq satışına demək olar ki, bir çox marketlərdə rast gəldik. Hətta marketlərdən onlayn çatdırmanın olduğunu da öyrəndik. “Danone”yə məxsus “Aptamil” uşaq qidaları 25-56 AZN aralığında satılır. Apteklər isə bu qidanı sifarişlə müştəri üçün gətirdiklərini bildirdilər.Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyininə müraciət etdik. AQTA-nın İnformasiya Təminatı və İnnovativ Həllər Şöbəsinin müdiri İlkin Kərimov Bizim.Media-ya açıqlamasında bildirib ki, uyğunsuzluq aşkarlanan məhsullarla bağlı tədbirlər görülüb:“31.10.2026 son istifadə tarixli “Danone” şirkətinə məxsus “Aptamil” qidasında uyğunsuzluq aşkarlanıb. Qeyd olunan tarixli məhsullar seriyası riskli olduğundan ölkəmizə idxal edilməyib. Agentlik ölkəmizə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirlərini davam etdirir”.Qeyd edək ki, “Danone” MMC 2006-cı ilin noyabr ayında Azərbaycanda dövlət qeydiyyatına alınıb və süd məhsulları sektorunda tanınmış brendlərin Azərbaycana idxalı ilə məşğul olub. Lakin bu ilin iyulunda "Danone" MMC Azərbaycanda ləğv olunduğunu elan edib.Görünən odur ki, “Danone” MMC-nin Azərbaycanda fəaliyyətinə xitam verildiyi rəsmən elan olunsa da, şirkətin məhsulları ölkəyə qeyri-qanuni gətirilir. AQTA isə yalnız “Danone” şirkətinə məxsus “Aptamil” qidasında uyğunsuzluq aşkarlandığını vurğulayaraq, yalnız 31.10.2026 son istifadə tarixli məhsulu ölkəmizə idxal etməyib.Maraqlıdır, əl altından insanlarımızı zəhərləyənlər kimlərdir? Mövzunu diqqətdə saxlayacağıq...
Fatimə Əliyeva, Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.