RU

SOCAR AQŞ işçilərindən etiraz: “Dekabrdan maaş vermirlər”

SOCAR Abşeron Qazma Şirkəti (AQŞ) işçiləri əmək haqlarının gecikdirilməsi ilə bağlı narazılıq edirlər. İddialara görə, artıq ikinci ildir ki, şirkətdə maaşlar mütəmadi şəkildə vaxtında ödənilmir...

Bu barədə məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı yayıb. O bildirib ki, işçilər uzun müddətdir eyni problemlə üzləşirlər, lakin vəziyyətdə dəyişiklik yoxdur.

Onun sözlərinə görə, fevral ayının ortaları olmasına baxmayaraq, əməkdaşlar hələ də dekabr ayının maaşını ala bilməyiblər. Bildirilir ki, dekabr ayının ödənişi həyata keçirildikdən sonra yanvar ayının maaşını almaq üçün də iki-üç ay gözləməli olurlar.

Qəhrəmanlı qeyd edib ki, gecikmələr işçilərin sosial vəziyyətinə ciddi təsir göstərir. Xəstəsi olanlar müalicə xərclərini qarşılaya bilmir, bank öhdəlikləri artmaqda davam edir, bəzi əməkdaşlar ailələrinin gündəlik ehtiyaclarını təmin etməkdə çətinlik çəkirlər. İşçilər hüquqlarının qorunması üçün müraciətlərin aidiyyəti qurumlara çatdırılmasını xahiş ediblər.

İddialara əsasən, maaşların gecikdirilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5 və 178.1-ci maddələrinin tələblərinə ziddir. Eyni zamanda, məsuliyyət məsələsi ilə bağlı 310-cu maddəyə istinad olunur.

Xatırladaq ki, SOCAR AQŞ MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi yaradılıb. Şirkətin baş direktoru Samir Mollayev, kommersiya üzrə direktoru Kevin Marr, maliyyə üzrə direktoru isə Fuad Behbudovdur.

Maaşların hansı səbəbdən gecikdirildiyini öyrənmək məqsədilə şirkətlə əlaqə saxlamağa cəhd edilsə də, sorğulara cavab almaq mümkün olmayıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk. (Bizimesr.az)

Poliqon.info

Избранный
107
1
poliqon.info

2Источники