Qazaxıstanın üçüncü ən böyük şəhəri Şımkəntdə naməlum şəxslər qanunsuz çınqıl hasilatı apararkən yaxın vaxtlarda inşa edilmiş, dəyəri 4,5 milyon dollar olan sahil-mühafizə bəndinin bir hissəsini dağıdıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şımkənt administrasiyası məlumat yayıb.
Məlumata görə, Badam çayının sahil xəttinin təxminən 5,3 kilometrlik hissəsi 2025-ci ildə daşqınların qarşısını almaq məqsədilə möhkəmləndirilib. İşlər 2025-ci ilin dekabrında başa çatdırılıb, layihəyə 2,7 milyard təngə (təxminən 4,5 milyon dollar) vəsait ayrılıb.
Məlum olub ki, çayın məcrasında ekskavator vasitəsilə qanunsuz çınqıl hasilatı aparılıb, nəticədə bəndin 40 metrlik hissəsi dağılıb. Şübhəlilərin saxlanılması barədə məlumat verilməyib, bildirilir ki, hüquq-mühafizə orqanları onların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işləyir.
Şəhər administrasiyası daşqın təhlükəsinin olmadığını bəyan edib. Zədələnmiş bəndin bərpasının obyektə yeddi illik zəmanət verən podratçıya həvalə edilməsi planlaşdırılır./Teleqraf