RU

Ekran arxasında böyüyən nəsil –uşaqlıq dövrünün rəqəmsal tələsi

“Uşaqların sosial şəbəkələrdən və rəqəmsal platformalardan nəzarətsiz istifadəsi onları tədricən psixoloji risklərlə üz-üzə qoyur. Müasir dövrdə planşet və smartfonlar uşaqların, hətta, erkən dövrünün ayrılmaz hissəsinə çevrilib. Mütəxəssislərin fikrincə, bu cihazlar təhsil və ünsiyyət imkanlarını genişləndirsə, informasiya yaddaşını əhatələndirsə də, həddindən artıq və nəzarətsiz istifadə uşaqlarda psixi sağlamlıq problemlərinin artması ilə əlaqələndirilir. Ötən həftələrdə “İdrak” litseyində baş verən amansız hadisə bunun bariz nümunəsidir”.

“İki sahil” xəbər verir ki, bu fikirləri uşaqların və yeniyetmələrin elektron vasitələrdən qədərindən artıq və yersiz istifadəsi barədə tibb elmləri doktoru, səhiyyə eksperti Yazgül Abdıyeva paylaşımında qeyd edib

.

O, daha sonra fikirlərinə əlavə olaraq bildirdi: "Cəmiyyətdə, xüsusilə, mənşəyi və məzmunu aydın olmayan bəzi cizgi filmləri və oyunlar vasitəsilə uşaqlara gizli psixoloji aqressiya ötürüldüyü məlumdur. Aqressiv və hiperaktiv süjet xətti olan animasiyalar (Ben 10, Ninjago, Teen Titans Go, bəzi hallarda Tom and Jerry) zorakılığı adi və komik hal kimi təqdim edir. Qorxu elementləri daşıyan məzmunlar (Huggy Wuggy, Poppy Playtime ilə bağlı videolar) isə kiçik yaşlı uşaqlarda təşviş, gecə qorxuları və narahatlıq yarada bilir. Vizual olaraq həddindən artıq sürətli və parlaq məzmunlar (məsələn, Cocomelon) diqqət dağınıqlığını artırır və uşağın sinir sistemini həddindən artıq stimullaşdırır.

Onlayn oyun platformaları (Roblox, Minecraft, Free Fire) uşaqlarda yaradıcılığı inkişaf etdirsə də, nəzarətsiz və həddən artıq istifadə zamanı asılılıq, aqressiya, sosial uzaqlaşma və yuxu pozuntuları yarada bilər. Uşaq virtual mühitdə uzun saatlar keçirdikdə real sosial bacarıqlar zəifləyir.

Araşdırmalar göstərir ki, ekran istifadəsinin azaldılması uşaqlarda davranış və emosional problemlərin azalmasına, sosial qarşılıqlı əlaqələrin isə yaxşılaşmasına səbəb olur."

Ekspert telefon və planşetlərdən çox istifadə etməyin mənfi təsirlərindən söz açdı: "Cihazların zərərli təsirləri həddən artıq çoxdur. Uşaqlarda daha çox müşahidə edilən təsirlərdən bir neçəsini sadalasaq, məncə, kifayətdir.

Bunlar: 1. Özünə inamsızlıq və müqayisə: Sosial mediada nümayiş olunan “ideal” həyat və bədən standartları uşaqlarda yetərsizlik hissi yaradır.

2. Psixi sağlamlıq problemləri: Həddindən artıq sosial media istifadəsi depressiya, təşviş və tənhalıq hissini artırır. Bu, ağır hallarda aqressiya və özünə zərər düşüncələrinə qədər gedə bilər.

3. Asılılıq və dofamin təsiri: “Like” düyməsi beyində mükafat mexanizmini aktivləşdirir və asılılıq formalaşdırır.

4. Yuxu pozğunluğu: Xüsusilə yatmazdan əvvəl ekran istifadəsi melatonin ifrazını azaldır və yuxu keyfiyyətini pozur.

5. Kiberbullinq (onlayn zorakılıq): Təhqir, təqib və sosial kənarlaşdırma uşağın emosional halına ciddi zərbə vurur.

6. Sosial bacarıqların zəifləməsi: Virtual ünsiyyət real münasibətləri əvəz etdikdə empatiya və emosional intellektin inkişafı ləngiyir."

Y.Abdyeva uşaqlarda və yeniyetmələrdə ekran vaxtını tənzimləməyin yollarından da söz açdı: "Psixoloqların və pediatrların tövsiyəsinə görə, 2–5 yaşlı uşaqlar gündə maksimum 1 saat, 6–12 yaş aralığında olanlar ekranda gündə 1–2 saat vaxt keçirə bilərlər.

  Yeniyetmələr məqsədli və nəzarətli istifadə şəraitində, ümumi vaxt 2 saatdan çox olmamaq şərtilə telefon, ya planşetə baxa bilərlər. Bu zaman nələrə  diqqət edilməlidir:

1. Yatmazdan ən azı 1 saat əvvəl bütün ekranlar dayandırılmalıdır.

2.  Uşağın yataq otağında telefon və planşet olmamalıdır."

Ekspert müasir dövrdə uşaqların verilən məsləhətlərə bir qədər aqressiv yanaşdıqlarını vurğuladı. Bu zaman valideynlərin vəziyyətin qarsısını almaq üçün nə etməli olduğunu diqqətə çatdırdı: "Bu problem çözmək üçün müxtəlif yollar var. Ən rahat üsul telefonun, yaxud planşetin özündə olan proqramlardan istifadə etməkdir. Amma, bundan başqa üsulları da qeyd etmək yerinə düşər:

1. Ekran vaxtına konkret limit qoymaq.

2.  Uşaqla birlikdə izləmək və məzmunu müzakirə etmək.

3.  Açıq havada fiziki aktivliyi artırmaq.

4.  Kitab oxumaq və ailə vaxtı yaratmaq.

5.  Sosial şəbəkə və oyun istifadəsini yaşa uyğun tənzimləmək.

6.  Valideyn nəzarəti proqramlarından istifadə etmək."

Ekspert açıqlamasının sonunda qeyd etdi ki, uşaqlara texnologiyanı tam qadağan etmək düzgün yanaşma deyil. Əsas məqsəd balans yaratmaqdır. Problem cihazın özü deyil, nəzarətsiz və həddindən artıq istifadəsidir.

Uşağın psixoloji sağlamlığının əsas qoruyucu faktoru sevgi, diqqət və təhlükəsiz ailə mühitidir. Əgər valideyn aktiv mövqe tutarsa, texnologiya təhlükəyə deyil, inkişaf vasitəsinə çevrilə bilər.

Избранный
4
2
ikisahil.az

3Источники