RU

"Kənd təsərrüfatında innovasiyaların və süni intellektin tətbiqi prioritet istiqamətlərdəndir" - Nazir

Kənd təsərrüfatında innovasiyaların tətbiqi, startapların təşviqi və süni intellekt texnologiyalarından istifadə Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.

"Unikal" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov ADA Universitetində keçirilən IV Aqrar Startaplar və İnnovasiya Forumunun açılışında çıxışı zamanı deyib.

Nazir bildirib ki, müasir dövrdə qlobal iqtisadiyyatın çağırışlarına uyğunlaşmaq üçün innovativ həllər olmadan inkişaf mümkün deyil. Xüsusilə aqrar sektorda texnologiyaların tətbiqi məhsuldarlığın artırılması, resurslardan səmərəli istifadə və dayanıqlı inkişaf baxımından vacibdir.

Məcnun Məmmədov qeyd edib ki, Azərbaycanda aqrar sahədə gənclərin fəallığının artması təsadüfi deyil və bu proses ölkədə formalaşan innovativ ekosistemin göstəricisidir.

“Bu cür sərgilər gənclərin ideyalarını real layihələrə çevirməsi üçün mühüm platformadır. Layihələrin gələcəkdə tətbiqi üçün bazar araşdırmalarının aparılması, maya dəyərinin düzgün hesablanması və kommersiyalaşma mexanizmlərinin qurulması xüsusi əhəmiyyət kəsb edir”, – deyə nazir vurğulayıb.

Məcnun Məmmədov əlavə edib ki, Azərbaycan gələcəkdə süni intellekt texnologiyalarından aktiv istifadə edən ölkələr sırasında yer almağı hədəfləyir. Onun sözlərinə görə, bu istiqamətdə həm ali təhsil müəssisələri, həm də Kənd Təsərrüfatı Nazirliyi ilə birgə kadr hazırlığı və innovasiya təşəbbüslərinin genişləndirilməsi planlaşdırılır.

O qeyd edib ki, nazirlik tərəfindən regionlarda mütəmadi olaraq biznes festivalları, infoturlar, sərgilər və maarifləndirici tədbirlər təşkil edilir. Xüsusilə Aqrar Biznes Festivalları çərçivəsində startap ideyalarının formalaşması və gənclərin fermerlərlə birbaşa təmasda olması innovativ həllərin real ehtiyaclara uyğunlaşdırılmasına şərait yaradır.

Nazir vurğulayıb ki, fermerlərin problemlərinin dinlənilməsi, texnologiyaların regionlara çıxarılması, gübrə, dərman və aqrotexniki vasitələrin innovativ həllərlə təqdim edilməsi aqrar sektorun rəqabətqabiliyyətinin artırılmasına xidmət edir.

Məcnun Məmmədov əlavə edib ki, əsas məqsəd kənd təsərrüfatında məhsuldarlığın və keyfiyyətin yüksəldilməsi, innovasiyalar hesabına ixrac potensialının artırılmasıdır.

Избранный
46
4
unikal.az

5Источники