RU

Biz yüksək mədəniyyətə layiq xalqıq, elə deyilmi?!

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Mühacir jurnalistə Azərbaycan prezidentinin və birinci xanımın cavabları mediada geniş yayıldı və sosial şəbəkələrdə müzakirələrə səbəb oldu.

Bu haqda öz fikirlərimi bölüşmək istərdim. Bəli, doğrudur, jurnalistin işi sual verməkdir. Ancaq baxır, bu sualı kim, harda, necə, hansı məqsədlə verir.

Məncə, Emin Hüseynovu öz sualına cavab almaq yox, hər hansı bir cavab almaq maraqlandırırdı. Hər hansı bir cavab üzərindən "qara piar" kampaniyasını genişləndirmək niyyəti vardı, çox güman. Ona görə də belə bir fikir yarandı: adama, sadəcə, sual vermək lazım idi, o sualların cavabı yox. Yəni özünə lazım olanı hədəfləmişdi; istəyirdi ki, ölkə rəhbərliyini dünyanın gözləri önündə müstəqil medianın suallarına cavab verməyən, cavab verə bilməyən, medianın suallarından yayınan şəxslər kimi göstərsin.

Emin Hüseynov buna nail ola bildimi?

Azərbaycan Prezidenti və birinci xanım sualdan yayınmadı, əksinə bir-iki cümlə ilə situasiyanı ölkə içində öz xeyirlərinə yönəltdilər. Ölkədən kənarda isə bu, heç kimi xüsusi olaraq maraqlandırmadı. Çünki dünyanı, xüsusilə, Avropa insanını hazırda demokratiyanın hansı ölkədə hansı qradusda olması, harda insan hüquqlarının pozulması ilgiləndirmir. İndi dünyada elə bir situasiya yaranıb, elə bir dəhşətli reallıq formalaşıb ki, superdövlətdən tutmuş, xırda ada ölkələrinə qədər hər yerdə hər kəs ekzistensial təhlükə qarşısındadır. Hamını hətta yeyib-içdiyindən də daha çox təhlükəsizlik problemi qayğılandırır. Hər səhər gözlərini müharibə xəbərləri ilə açan, yuxuya gedənə qədər beynini Rusiyanın hücum təhlükəsi ilə məşğul edən Avropa insanının nəyinə lazımdır, Emin Hüseynov kimə nə sual verdi?!

ABŞ vitse-prezidenti də Bakıya iqtisadi əməkdaşlıq, təhlükəsizlik tərəfdaşlığı, logistik bağlantılar və sair məsələlər üçün gəlmişdi, heç Azərbaycanın daxili siyasi məsələlərinə aid sual da vermədi. Əvvəllər hətta protokol gərəyi təbrik məktublarında belə "demokratiya", "insan haqları" ifadələrini işlədən ABŞ strateji tərəfdaşlıq xartiyasında da bunları yazmamışdı.

İndi hər şey, ya da ən azı çox şey tamamilə dəyişib. Prezidentin sözləri ilə desək, BMT-nin iflic olduğu dünyada, dövlətlərarası proseslərin beynəlxalq hüquq çərçivəsindən çıxdığı bir zamanda əvvəlki narrativlər əvvəlki qədər işləmir. Ya da heç işləmir.

İndi Azərbaycan üçün hakimiyyətdən narazı qrupların daxili və ya qaçaq müxalifətçiliyi də öz əvvəlki təsirini göstərə bilmir. Bundan öncəki dövrdə "kim daha yaxşı döyüşür" yarışı vardısa, indi bu, "kim daha pis söyüşür" səviyyəsinə enib. Əvvəllər dəyərlər uğrunda savaş vardısa, indi dəyərlərin özü ilə savaş gedir. Yüksək ideallar naminə döyüş dəyərini itirib, əvəzində cılız məqsədlər üçün söyüş dəyər qazanıb. Ədəbli siyasi deyişmələr yerini ədəbsiz ictimai söyüşmələrə verib. Adamlar daha fakt, arqument axtarmır, ən təhqiramiz ifadələri, ən ağır söyüşləri öyrənir.

Bəli, vəziyyət son vaxtlar son dərəcə kəskinləşib. Ölkədaxili siyasi asilər də, qaçaq müxaliflər (o cümlədən, bəzi jurnalistlər) də bu aşağı ayarlı tutaşmaya, yeni savaş trendinə çoxdan qoşulublar. Aydın məsələdir ki, Hüseynov qardaşları da bu siyasi axının ön sıralarındadır.

Haqqında danışdığımız Emin Hüseynov qalmaqallı mühacir bloger Mehman Hüseynovun qardaşıdır. Mehman Hüseynov bir müddət əvvəl Prezident İlham Əliyevin ailəsi ilə bağlı bəzi xoşagəlməz "məlumat"lar yaymışdı. Bu " məlumat"ların hardan, necə əldə edildiyi, yumşaq desək, şübhəlidir. Böyük ehtimalla, bunlar blogerə xüsusi mənbələrdən xüsusi məqsədlərlə ötürülüb. Emin Hüseynov da qardaşını bu cür "qaydasız döyüşdən" çəkindirməyib, əksinə hazırda yaşadığı ölkədən xüsusi olaraq, Almaniyaya gedib, prezidentə və birinci xanıma, eləcə də, Prezidentin köməkçisi Hikmət Hacıyevə suallar verməyə çalışıb, bu da təsadüfi görünmür.

Hesab etmək olar ki, bütövlükdə bu baş verənlər Azərbaycanın ali hakimiyyətinə qarşı xarici güclərin başlatdığı "qara piar" kampaniyasının davamıdır.

Prezidentin: "Dünyada müstəqil media yoxdur" cavabını hakimiyyətin tənqidçiləri (həm ölkə içində, həm də ölkədən kənarda olanlar) çox sərt üslubda şərh edirlər. Ancaq qısa bir araşdırma apardıq və məlum oldu ki, dünyanın ən öndə gedən ölkələrinin özündə medianın müstəqilliyi az qala şərti xarakter daşıyır; ən öndə gələn demokratiyalarda belə medianı siyasi təsir və kommersiya maraqları yönəldir. Dünyada mediaya etibar hazırda ən yaxşı halda 40 faizi keçmir.

Hələ üstəlik başqa ölkələrin kəşfiyyat strukturlarının nəzarəti altında olan fondlardan alınmış qrantlarla necə müstəqil media olmaq olar?!

Bu da çox düşündürücü sualdır, cavabı, prinsipcə, məlumdur.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Emin Hüseynova cavabı isə əsl şok effekti yaradıb. O, Emin Hüseynova deyib: "Qadın paltarı geyinib, səfirlikdə gizlənən insansınız? Sizə can sağlığı arzulayıram".

Dərhal mediada və sosial şəbəkələrdə Emin Hüseynovun İsveçrə səfirliyinə sığınmasının tarixçəsi ilə bağlı məlumatlar yayıldı. Bu, Azadlıq radoisuna istinadla tirajlanan bir material idi. Həmin materialda deyilir: "2015-ci il fevralın 11-də İsveçrə televiziyası "jurnalist və hüquq müdafiəçisi Emin Hüseynovun Bakıdakı İsveçrə səfirliyinə sığınması barədə məlumat yayıb. Faktı Milli SRF Telekanalında yayımlanan «Rundschau» verilişi ortaya çıxarıb.

Michael Weiss «Foreign Policy» dərgisində yazır ki, Bakıdakı ABŞ səfirliyi «amerikalı hərbçi xanımla evli olan Hüseynovun müdafiəsindən imtina edib».

Həmin materialda göstərilir ki, Emin Hüseynov ABŞ səfirliyindən dəstək almayınca, Türkiyəyə müalicəyə getmək adı ilə ölkədən çıxmağa çalışıb. Ancaq buna da imkan verilməyib.

Müəllif öz mənbəsinə istinadla yazır: «O, xarici görkəmini tam dəyişdi, saçını rənglədi, fərqli paltar geyindi. Emin hətta adamların onu tanıyıb- tanımamasını yoxlamaq üçün bu formada küçəyə də çıxdı».

Materialda deyilir ki, Emin Hüseynov bu geyimdə İsveçrənin Azərbaycandakı səfirliyinə gedir, içəri keçə bilir.

İndi Azərbaycanın birinci xanımı da məhz bunu nəzərdə tutaraq, Emin Hüseynova belə cavab verib. Emin Hüseynov isə gözləmədiyi reaksiyadan diskomforta düşüb: "Mən qadın paltarı geyinməmişəm, sağ olun" deməklə kifayətlənməli olub.

Əslində mühacir jurnalist kimə nə sual verib, ona nə cavab verilib, bunlar onsuz da hamıya məlumdur; geniş yayılıb, hər üzünə çək-çevir edilib, şərh olunub.

Mən, ümumiyyətlə, Emin Hüseynovun İsveçrə səfirliyinə hansı geyimdə, necə sığındığı haqda mediada yazılanların doğru olub-olmadığını da bilmirəm. "Azadlıq" radiosuna istinad edilən materialda da "fərqli paltar" ifadəsi var, "qadın paltarı" ifadəsi yoxdur. "Fərqli paltar" deyəndə fərqli üslubda kişi paltarı nəzərdə tutulub, ya qadın paltarı - bu, məlum materialda dəqiq göstərilmir. Yalnız sosial şəbəkə paylaşımlarında, internet resurslarında "qadın paltarı" ifadəsi əvvəl də keçib, indi də dolaşır. Emin Hüseynov özü də bunu təkzib edib.

Mənə görə, məsələ kimin hansı paltarda hansı səfirliyə sığınmasında deyil. Əsl məsələ heç onun kimə, hansı sualı verməyində də deyil. Məncə, sual da, cavab da tamam başqadır. Yəni Azərbaycana qarşı təxribatlara, təzyiq cəhdlərinə, eləcə də, Prezidentin ailəsinə qarşı xarici ölkələrə sığınmış müxtəlif (məlum) şəxslər vasitəsilə kampaniya aparılmasına əsl qarşılıq tamam ayrı müstəvidə verilib.

..."Azərbaycanın Kiyevdə səfirliyinin Rusiya tərəfdən atəşə tutulmasını qeyri-dost addım kimi qəbul edirik".

Bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti, Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirəsində deyib. O bildirib ki, Azərbaycanın Ukraynadakı səfirliyinə 3 dəfə zərbə olub.

Prezident deyib: "Birinci hücuma gəldikdə elə bilirdik, bu, təsadüfi olub. Daha sonra Rusiya tərəfinə Azərbaycanın diplomatik nümayəndəlikləri, konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatlarını vermişdik. Ondan əlavə, iki hücum olub. Bu, bilərəkdən Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumdur".

Rusiya tərəfi bunu təkzib etsə də, faktlar ortadadır.

Bunlar niyə baş verir?

Rusiya istəyirdi ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə moderatorluq (nəzarət) etsin. Lazım gələndə, Azərbaycan vasitəsilə Ermənistanı cəzalandırsın, ehtiyac hiss etdikdə, Ermənistanın üzərindən Azərbaycana təsir, təzyiq göstərsin. Bu yolla bölgəyə nəzarəti öz əlinə alsın. Ancaq rəsmi Bakının ardıcıl, israrlı diplomatik manevrləri sayəsində Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun, tərəfdaşlığın başlaması, hər iki tərəfin bir-biri ilə və daha sonra birlikdə ABŞ-la razılaşmaları, rəsmi Vaşinqtonun bölgədə daha fəal və təsirli mövqe qazanması Rusiyanın planlarını pozdu. "Tramp yolu" razılaşması Birləşmiş Ştatların Cənubi Qafqazda varlığını və davamlı artan nüfuzunu simvolizə edir. Bu da Azərbaycanla Ermənistan arasında normallaşma prosesi sayəsində mümkün oldu. Eyni zamanda Azərbaycan prezidentinin Türk Dövlətləri Təşkilatı haqqında bəyanatları və təşəbbüsləri də Rusiyanı qıcıqlandırır. Prezident zamanında demişdi: "Bizim ailəmiz Tür dünyasıdır, başqa ailəmiz yoxdur" demişdi. Xüsusilə, Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda artıq nəinki Gürcüstan, Moldova, hətta Ermənistan da MDB-ni mənsub olduğu ailə kimi görmür. Eləcə də, Mərkəzi Asiya. O da ola Azərbaycan. Bundan başqa, Azərbaycan Prezidenti ötən ilin oktyabrında Qəbələdə TDT-nin zirvə görüşündə bu təşkilat çərçivəsində, yəni Türk dövlətlərinin ordularının birgə hərbi təlimlər keçirməsini təklif etmişdi. Bu da Moskvanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin - Mərkəzi Asiya ölkələrinin hərbi əməkdaşlıq və təhlükəsizlik tərəfdaşlığı vektorunu dəyişə bilər. Rusiyada bu bəyanatdan narahat olmuşdular, ancaq Azərbaycan da bu məsələdə haqlı idi: TDT çərçivəsində inteqrasiyanın məntiqi bu təşkilatın özünümüdafiə mexanizmlərini də formalaşmasını qaçılmaz edir. Azərbaycan Prezidentinin bəyanatı Rusiyaya qarşı deyildi, TDT daxilində bir təşəbbüsdür. Ancaq, görünür, Moskvada belə düşünmürlər.

Bax, bütün bunlara görə Kreml Azərbaycanı cəzalandırmağa çalışır. Rusiyanın Ukraynada istər Azərbaycanın diplomatik nümayəndəliklərini vurması, istər SOCAR-a məxsus infrastrukturu hədəfə alması heç də təsadüfi deyildi. Daha sonra ölkə Prezidenti özü və ailəsi şəxsən hədəfə alındı; mənəvi terror əməliyyatı şiddətləndi və hər cür "qırmızı xətt"lər keçildi.

Bəs bu cür qara (bütün mənalarda qapqara) işi görməyi kim öz üzərinə götürdü?! Cavab aydındır: Mehman Hüseynov və bu qəbildən olan başqa şəxslər.

Azərbaycan Prezidenti İlham Əliyev "dünyada müstəqil media yoxdur" deyəndə, ilk növbədə məhz buna işarə edirdi. Azərbaycan dövlətinin başçısı onun özünə və ailəsinə hücumların sifarişli olduğunu da, sifarişin mənbəyini də yaxşı bildiyini bu bir cümlə ilə ifadə etdi.

Əslində bu gün ölkənin birinci ailəsinə edilən hücum tək bir ailəyə qarşı deyil, hər bir ailəyə - hər bir Azərbaycanlıya qarşıdır. Bu çirkli "qara piar" kampaniyası bütövlükdə ölkəyə, dövlətin siyasi və mənəvi dayaqlarına qarşı yönəlmiş genişmiqyaslı və məqsədyönlü psixoloji müharibənin bir elementidir. Hakimiyyət bir qayda olaraq cəmiyyətdən güc alır, cəmiyyətin dəstəyini itirəndə, hakimiyyət də gücünü, dayanıqlılığını itirir. Bəlli ünvanlardan qaynaqlanan mənəvi terror cəmiyyəti hakimiyyətdən ayırmağa çalışır. Ona görə də hakimiyyəti zəiflətmək üçün cəmiyyətə, onun mənəvi sütunlarına zərbə endirir. Azərbaycana qarşı, ölkənin birinci ailəsinə qarş "qara piar" kampaniyasının da məqsədi mıhz budur. Bu, bir nəfər, üç nəfər, beş nəfər qaçaq blogerin, yaxud siyasi mühacirin görə biləcəyi iş deyil. Bu işin arxasında güclü kəşfiyyat sistemləri dayanır, nə vaxt, kimi, hansı nöqtədən və necə, hansı "silah" la vurmağın təlimatlarını yalnız xüsusi xidmətlər - dövlət gücü verir. Bu, müəyyən xarici dövlət güclərinin Azərbaycana qarşı trivial və latent müharibəsidir. Bunun başqa adı yoxdur. Qaçaq, müxalif Azərbaycanlılar isə öz millətinə və dövlətinə qarşı bu gizli müharibədə muzdlu "əsgər" roluna könül verənlərdir. Hakimiyyətin də o qəbildən olan insanlara qarşı belə sərt reaksiyası da təbii dövlət refleksidir. Həm də insani refleksdir - cəmiyyətini, ailəni sarsıtmağa çalışana normal reaksiya bəs necə olmalıdır?!

Bu baxımdan, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Emin Hüseynova verdiyi cavab da buna görə belə gur reaksiya doğurub. Bunu, əlbəttə, ölkənin içində və ölkədən kənarda müxtəlif cür şərh edənlər var. Mənim fikrimcə, bu, bir şəxsə ünvanlanmış cavab deyildi, yuxarıda da xatırlatdığımız, çox yüksək rəsmi xarici dairələrə, bəlli siyasi ünvanlara yönəlmişdi. Bu cavabı: "Mübarizəni kişi kimi aparmaq lazımdır" deyə bir çağırış və tənbehdir, məncə.

Bəlkə də yanlış şərh edirəm. Hər halda belə düşünürəm.

Və onu da düşünürəm: hər kəs ürəyinin dərinliyində bu çağırışla razıdır. Biz qədim yüksək mədəniyyət yaratmış toplumuq, bununla da fəxr edirik. Deməli, biz yüksək siyasi mədəniyyətə də layiq xalqıq, elə deyilmi?!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
bizimyol.info

1Источники