RU

“Magistr imtahanlarının çətinlik səviyyəsi sabit qalıb“ - EKSPERT DANIŞDI

“15.02.2026–cı il tarixində keçirilən magistratura imtahanlarının çətinlik səviyyəsi ötən illərlə müqayisədə ümumilikdə stabil qalmışdır”.

Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.

Onun sözlərinə görə, namizədlərin ilkin müşahidələrinə əsasən, imtahanın məzmununda kəskin dəyişikliklər qeydə alınmasa da, xüsusilə xarici dil bölməsində müəyyən metodoloji yeniliklərin tətbiq olunduğu diqqət çəkir:

”Belə ki, dil sualları daha çox mətn analizi və dinləmə bacarıqlarının ölçülməsinə yönəldilmiş, bu isə həmin bölmənin çətinlik dərəcəsinin nisbi olaraq artmasına səbəb olmuşdur.

Hazırda ilkin imtahan nəticələri mövcud olmadığından, ötən illərlə dəqiq statistik müqayisə aparmaq mümkün deyil. Peşəkar və obyektiv təhlil yalnız rəsmi nəticələr açıqlandıqdan sonra, rəqəmlər üzərində aparılan müqayisələr əsasında mümkündür. Bununla belə, mövcud göstəricilər və əvvəlki illərin təcrübəsi nəzərə alındıqda, vaxt limitinin ümumi hesabla 90 bal üzərindən müəyyən qədər azala biləcəyi ehtimal edilir. Buna baxmayaraq, orta bal göstəricisinin əvvəlki illərdə olduğu kimi sabit qalacağı gözlənilir.

Mövcud imtahan modeli Dövlət İmtahan Mərkəzi tərəfindən təşkilati baxımdan uğurla həyata keçirilmiş, şəffaflıq və obyektivlik prinsipləri əvvəlki illərdə olduğu kimi qorunub saxlanmışdır. İmtahan prosesi peşəkarlıq, standartlara uyğunluq və yeni biliklərin tətbiqi baxımından yadda qalan olmuşdur. Bununla yanaşı, mövcud model əsasən namizədin operativ düşünmə qabiliyyətini və test bazası üzrə biliklərini ölçür.

Elmi baxımdan isə bu model namizədin elmi-tədqiqat potensialını və ixtisas üzrə dərin biliklərini tam şəkildə üzə çıxarmaqda məhdud imkanlara malikdir. Məhz bu səbəbdən gələcək mərhələlərdə magistraturaya qəbul mexanizmində ixtisas biliklərinin çəkisinin artırılması zərurəti aktuallaşır. Nəzərə almaq lazımdır ki, magistratura ali təhsilin elmi pilləsi hesab olunur və bu pilləyə qəbul zamanı ixtisas hazırlığının daha ciddi şəkildə qiymətləndirilməsi məntiqli yanaşma olardı.

Digər tərəfdən, xarici dil və rəqəmsal bacarıqlar üzrə beynəlxalq sertifikatların imtahanlardan azadolma mexanizmi kimi tətbiqi müsbət addım kimi dəyərləndirilə bilər. İmtahanların ildə iki dəfə keçirilməsi praktikasının qorunması namizədlər üçün əlavə imkanlar yaradır və müasir təhsil yanaşmalarına uyğundur. Eyni zamanda, imtahan nəticələrinin qüvvədə olma müddətinin artırılması da qəbul prosesində daha çevik və ədalətli mexanizmin formalaşmasına töhfə verə bilər.

Bütün hallarda, qəbul prosesində peşəkar mütəxəssislərin iştirak etdiyi və davamlı təkmilləşmə istiqamətində iş aparıldığı aydındır. Nəticələr hələ açıqlanmadığından geniş və dərin statistik təhlil aparmaq hazırkı mərhələdə məhdud olsa da, əsas məqsəd magistratura təhsilini hədəfləyən namizədlərin bilik və bacarıqlarını daha dəqiq ölçən, elmi potensialı üzə çıxaran qəbul modelinin formalaşdırılması olmalıdır”.

Müəllif: Günay Hacıyeva
Избранный
9
1
sia.az

2Источники