RU

Süni intellekt təhsildə yeni keyfiyyət mərhələsi yaradır AÇIQLAMA

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

"Süni intellekt və rəqəmsallaşma ali təhsildə keyfiyyətə kifayət qədər müsbət təsir göstərir. Çünki bu alətlərdən məqsədli və effektiv istifadə tələbələrə yalnız auditoriya daxilindəki tədris prosesində deyil, eyni zamanda qlobal arenada öz ixtisası ilə bağlı bilik və bacarıqların transformasiyasında da kömək edir".

Bu fikirləri Redaktor.az-a süni intellektin ali təhsildəki keyfiyyətindən bəhs edən təhsil eksperti Elçin Süleymanov bildirdi.

O əlavə etdi ki, süni intellektdən istifadə bəzən tənqid olunur, tələbələrin köçürmə etməsi və müxtəlif tapşırıqları süni intellekt vasitəsilə yerinə yetirməsi halları qeyd edilir:

"Bununla bağlı yoxlama aparan müxtəlif alətlər, yəni plagiat proqramları mövcuddur. Sadəcə olaraq, bu alətlərdən məlumat toplamaq və sistemləşdirmək, dil redaktəsi aparmaq, müxtəlif mənbələrin və ədəbiyyatın xülasəsini çıxarmaq məqsədilə istifadə olunması tövsiyə edilir. Saatlarla oxunaraq və hazırlanaraq ərsəyə gələn işləri süni intellekt bəzən bir neçə saniyə və ya dəqiqə ərzində hazırlaya bilir. Bu alətlər və rəqəmsallaşma sayəsində təhsil daha effektiv və daha keyfiyyətli ola bilər. Bu, çox yaxşı imkandır və düşünürəm ki, bu imkandan istifadə etmək məqsədəuyğundur. Rəqəmsallaşma və süni intellekt dövlət xidmətlərində də mühüm rol oynayır. Dövlətin müxtəlif platformalarda təqdim etdiyi xidmətlərin daha effektiv və çevik olmasına, zaman və resurs sərfinin azalmasına səbəb olur. Bu isə hökumət üçün maliyyə qənaəti deməkdir. Süni intellekt, qeyd etdiyim kimi, insan əməyindən fərqli olaraq prosesləri daha sürətli və daha az səhvlə icra edir. Yetər ki, ona komanda verən şəxs bilikli, bacarıqlı olsun və nə istədiyini dəqiq bilsin. Dünya İqtisadi Forumunun 2025-ci il üzrə “Gələcəyin peşələri” hesabatında da yaxın 10 ildə ən böyük transformasiyanın böyük verilənlər, süni intellekt və kibertəhlükəsizlik sahələrində olacağı göstərilir. Hesabatda bu istiqamətlər üzrə 70 milyona yaxın yeni iş yerinin yaranacağı qeyd olunur. Son bir ildə belə süni intellekt alətlərinin nə qədər sürətlə inkişaf etdiyinin və şirkətlər arasında ciddi rəqabətin getdiyinin şahidi olduq".

Ekspertin sözlərinə görə, bu alətləri təqdim edənlər, istər Amerikada "Google" və ya "OpenAI" kimi nəhəng şirkətlər, istərsə də Çində ciddi investisiyalar alan şirkətlərdir.

"Bu şirkətlər hər gün təqdim etdikləri alətləri daha da inkişaf etdirir və çeşidini artırırlar. Bu imkanlardan istifadə, düşünürəm ki, təkcə ali təhsildə deyil, orta təhsildə də faydalıdır. Bəzən orta məktəb şagirdləri səhifələrlə dərs materialının xülasəsini süni intellekt vasitəsilə çıxarır, onu cizgi filmi və ya animasiya formasında hazırlayaraq daha yaxşı mənimsəyirlər. Bu, müəllimlər üçün həm müsbət mənada rəqabət yaradır, onlar dərslərini daha maraqlı və effektiv etməlidirlər ki, şagirdlər yalnız süni intellektə yönəlməsinlər, həm də müəllimlərə öz dərslərini süni intellekt alətlərindən istifadə etməklə daha cəlbedici etmək imkanı verir. Tələbələr isə başa düşmədikləri və ya daha ətraflı öyrənmək istədikləri mövzuları bu alətlər vasitəsilə araşdıraraq biliklərini təkmilləşdirə bilərlər", - deyə Elçin Süleymanov qeyd etdi.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
68
1
redaktor.az

2Источники