RU

Skuter qəzaları: “Yaxşı olardı ki, valideynlər...”

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva azyaşlıların elektroskuterlərdən nəzarətsiz istifadəsinə görə dövlət qurumlarına müraciət edib.

O, müraciətində qanunvericilikdə elektroskuterlərin idarə olunması üçün minimum yaş həddi müəyyən edilsə də, bu tələbin real icrasının təmin edilmədiyini bildirib:

"Nəticədə yaşı 14-dən az olan uşaqların nəzarətsiz şəkildə ictimai yollarda hərəkəti həm onların həyatı, həm də digər yol hərəkəti iştirakçıları üçün birbaşa təhlükə yaradır".

Ombudsmanın açıqlamasında təhlükəsizlik dəbilqəsindən istifadənin məcburi norma kimi təsbit edilməməsi xüsusilə diqqətə çatdırılıb:

"Son illərdə elektroskuterlər şəhərdaxili hərəkətdə alternativ nəqliyyat vasitəsi kimi geniş yayılsa da, bu proses yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni və ciddi risklər formalaşdırıb. Xüsusilə azyaşlıların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artması narahatlıq doğurur və mövcud hüquqi mexanizmlərin yetərli olmadığını göstərir. 

Texniki imkanlarına görə yüksək sürətə malik elektroskuterlərlə baş verən qəzalar zamanı kəllə-beyin travmaları və ölüm riski əhəmiyyətli dərəcədə artır. Bu baxımdan elektroskuterlərin təhlükəsizlik baxımından velosipedlə eyniləşdirilməsi əsaslandırılmış hesab edilə bilməz".

Bəs niyə azyaşlıların skuter sürməsinə effektiv nəzarət edilmir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eskperti Eldəniz Cəfərov bildirib ki, valideynlər xüsusilə 14 yaşından az olan uşaqlara nəzarəti gücləndirməlidir:

“Azərbaycanda skuter qəzalarının qarşısını almaq məqsədilə bu nəqliyyat vasitələri artıq kiçik elektrik nəqliyyat vasitəsi kimi qanunvericilikdə təsbit olunub. Bu, həm “Yol hərəkəti haqqında” Qanunda, həm də İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb. Elektrikli samokat və skuterlərin istismarı ilə bağlı yaş həddi, sürət limiti, hansı yollarda sürülə bilməsi kimi məsələlər artıq qanunvericilikdə müəyyənləşdirilib.

Buna baxmayaraq, bəzi gənc vətəndaşlarımız bu qaydalara əməl etmir. Yaxşı olardı ki, valideynlər də bu məsələyə diqqət yetirsinlər, xüsusilə 14 yaşından az olan uşaqlara nəzarəti gücləndirsinlər. Bu istiqamətdə yalnız valideynlər və dövlət qurumları deyil, cəmiyyət də məsuliyyət göstərməli, ictimai qınaq formalaşdırılmalıdır”. 

Ekspert qeyd edib ki, cəmiyyət çalışmalıdır ki, məsələ daim nəzarətdə saxlanılsın, yaşı az olan uşaqlar belə nəqliyyat vasitələrindən istifadə etməsin və yol hərəkəti qaydalarını pozmasınlar:

“Məsələnin digər tərəfi ondan ibarətdir ki, skuter sürən şəxslər sürücülük vəsiqəsi daşımır. Həmçinin bu nəqliyyat vasitələrinin identifikasiya nömrəsi və ya dövlət qeydiyyat nişanı yoxdur.

Bu səbəbdən qayda pozuntusu və ya digər problem yarandıqda sürücünü tapmaq və məsuliyyətə cəlb etmək müəyyən çətinlik yaradır, cərimə tətbiqi də problemli olur”.

Gülər Həsənli

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
139
1
cebheinfo.az

2Источники