RU

“Azərbaycan Prezidenti Münxendə də çoxtərəfli əməkdaşlığa dəstəyini ifadə etdi” – Nigar Məmmədova

Qlobal təhlükəsizlik arxitekturasının müzakirə olunduğu 62-ci Münxen Təhlükəsizlik Konfransında Azərbaycan uğurla təmsil olundu. Prezident İlham Əliyevin konfrans çərçivəsində keçirilən “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrindəki çıxışı Azərbaycanın geoiqtisadi strategiyasını nümayiş etdirdi. Dövlət başçımız regional nəqliyyat arxitekturasının gələcəyinə, həm də Avrasiya məkanında güc balansının iqtisadi göstəricilərinə bir daha aydınlıq gətirdi.

Nitqin əsas istiqamətlərindən biri Cənubi Qafqazda formalaşan yeni reallıqlar idi. Cənab Prezident Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini və regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu vurğuladı. Davamlı sabitliyin yalnız qarşılıqlı tanınma və beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında mümkün olduğunu bildirdi.

Müzakirələrin mövzusuna uyğun olaraq Azərbaycan Prezidenti diqqəti nəqliyyat dəhlizlərinin açılması, Orta Dəhlizin inkişafı və Xəzər hövzəsində əməkdaşlığın genişləndirilməsinə də yönəltdi. Bu, Azərbaycanın iqtisadi inteqrasiya və logistikaya verdiyi üstünlüyün göstəricisidir.

Cənubi Qafqazda münaqişə mərhələsinin başa çatmasından sonra rəsmi Bakı regional kommunikasiyaların açılmasını strateji prioritet elan edib. Münxen Təhlükəsizlik Konfransında da Azərbaycan etibarlı enerji ixracatçısı olmaqla yanaşı, həm də Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas tranzit qovşağı kimi qəbul edilir.

Trans-Xəzər əməkdaşlığı isə enerji və nəqliyyat əməkdaşlığı üzərində qurulur. Cənab Prezident Azərbaycanın artıq formalaşmış enerji infrastrukturu üzərində yeni iqtisadi platforma qurmaq niyyətində olduğunu vurğuladı. “Avropa ilə Asiya arasında yerləşən Azərbaycanın coğrafi mövqeyi üstünlükdür, lakin fiziki infrastruktursuz onun mənası çox deyil”, – deyən dövlət başçımız bildirdi ki, “ötən il Azərbaycan vasitəsilə daşınan yüklərin 100 mindən artıq nəqliyyat vahidi üzrə rekord göstərici əldə olunub. Bir neçə ildən sonra isə bu göstərici 200 min və hətta 300 min nəqliyyat vahidinə çatacaq. Hədəf 500 min nəqliyyat vahididir”. Bu isə rəsmi Bakının enerji və nəqliyyat diplomatiyasının uğurunun göstəricisidir.

Məlumdur ki, Xəzər dənizi üzərindən yükdaşımaların artması, liman və dəmir yolu infrastrukturunun modernləşdirilməsi Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasının tərkib hissəsidir. Bu, həm dövlət gəlirlərinin diversifikasiyasına, həm də ölkənin qlobal təchizat zəncirində rolunun güclənməsinə xidmət edir.

Cənab Prezident bir daha regional kommunikasiyaların bloklanmasının iqtisadi inkişafı ləngitdiyini vurğulayaraq əməkdaşlıq modelini alternativsiz yol kimi təqdim etdi.

Bu kontekstdə “açıq dəhliz” həm iqtisadi inteqrasiyanın, həm də suverenliyin qarşılıqlı tanınmasına əsaslanan təhlükəsizlik modelinin ifadəsidir. Azərbaycan isə tranzit imkanlarının qarşılıqlı fayda platforması kimi qəbul olunmasının tərəfdarıdır.

Избранный
94
aznews.az

1Источники