RU

Gələn ildən Aqrar Startaplar və İnnovasiya Forumu beynəlxalq səviyyədə keçiriləcək - Açıqlama VİDEO

Bakı, 16 fevral, Pərvanə Qafarova, foto - Azər İbrahimov, AZƏRTAC

Kənd təsərrüfatı startap ekosisteminin və innovasiyaların tətbiqi üçün ən perspektivli sahələrdən biridir. Bu sektor iqtisadiyyatın real sahəsi olmaqla, innovativ həllərin tətbiqi nəticəsində həm kiçik təsərrüfatların, həm də iri aqroparkların gəlirlərinin artırılmasına geniş imkanlar yaradır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov deyib.

Anar Cəfərov bildirib ki, son illər bölgələrdə tələbələrin iştirakı ilə hakatonlar, startap yarışmaları və “bootcamp”lar mütəmadi şəkildə təşkil olunur. Bu tədbirlər çərçivəsində gənclər aqrar sahədə innovativ ideyalar üzərində işləyir və real biznes mühitinə yaxın təcrübə qazanırlar.

Anar Cəfərov vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən süni intellekt və rəqəmsal həllər üzrə layihələrin icrasına başlanılıb: “Bu təşəbbüslər fermerlərə və aqrar şirkətlərə daha çox məlumat əldə etmək, məhsuldarlığı artırmaq və xərcləri optimallaşdırmaq imkanı yaradır”.

Direktor qeyd edib ki, ötən il beş rayonda, o cümlədən işğaldan azad olunmuş iki ərazidə aqrar innovasiya üzrə “bootcamp”lar təşkil olunub. Tədbirlər çərçivəsində tələbələr istixana təsərrüfatlarında, istehsalat müəssisələrində və aqroparklarda innovasiyaların tətbiqi ilə yerində tanış olublar. “Bu platformalar çərçivəsində ali təhsil və elmi müəssisələr, biznes strukturları və dövlət qurumları bir araya gələrək real problemlərə praktik həllər təklif ediblər”, – deyə Anar Cəfərov vurğulayıb.

A.Cəfərov əlavə edib ki, Aqrar Startaplar və İnnovasiya Forumu artıq dördüncü dəfədir keçirilir və tədbirin ADA Universitetində təşkil olunması təsadüfi deyil: “İlk iki forum ADA Universitetində keçirilib. Ötən il tədbir Kənd Təsərrüfatı Nazirliyində təşkil olundu. ADA Universitetində Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin fəaliyyətə başlaması, eləcə də Bolonya Universiteti ilə ikili diplom proqramının mövcudluğu forumun burada keçirilməsini daha da məntiqli edir”.

Direktor vurğulayıb ki, forumda yerli şirkətlər, startaplar və müxtəlif qurumlar iştirak edir, sərgi zonasında onlarla layihə təqdim olunur. Onun sözlərinə görə, gələn ildən etibarən tədbirin beynəlxalq forum səviyyəsində keçirilməsi planlaşdırılır.

Избранный
13
2
azertag.az

3Источники