Yunanıstan Qəzza üçün yaradılmış Sülh Komitəsində "müşahidəçi" kimi iştirak edəcək
Yunanıstanın Qəzza Sülh Komitəsinin iclasında "müşahidəçi" kimi iştirak edəcəyi bildirilib.Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis həftəlik mətbuat konfransında ölkəsinin Qəzzada atəşkəs prosesinin ikinci mərhələsi çərçivəsində yaradılan Sülh Komitəsində iştirakı ilə bağlı sualları cavablandırıb.
Marinakis bildirib ki, Yunanıstan 19 fevralda Vaşinqtonda keçiriləcək görüşdə "müşahidəçi" kimi iştirak etmək qərarına gəlib və Yunanıstanı xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Haris Teoharis təmsil edəcək.
Marinakis həmçinin Yunanıstanın Qəzzanın yenidən qurulması prosesi üçün sabitləşdirmə qüvvələrinə daxil olmaq istədiyini vurğulayıb və ölkəsinin hər hansı bir sülhməramlı qüvvədə iştirakının əsas şərtinin bu formasiyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsi çərçivəsində olması olduğunu qeyd edib.