"İlham Əliyev və Mehriban Əliyevanın Münxen səfəri, əlbəttə ki, bir çox yadda qalan məqamlarla zəngin oldu. Xüsusilə Prezident İlham Əliyevin bir sıra dünya ölkələrinin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də Almaniyanın nüfuzlu siyasi dairələri ilə keçirdiyi görüşlər və bu görüşlərin hər birində Azərbaycanın mövqeyinin açıq şəkildə ifadə olunması, ölkəmizin iradəsinin bir daha nümayiş etdirilməsi mühüm əhəmiyyət kəsb edən məqamlar idi".
Bu fikirləri Redaktor.az-a millət vəkili Jalə Əliyeva Prezident İlham Əliyevlə birinci xanım Mehriban Əliyevanın Münxen səfərini şərh edərkən bildirdi.
Onun sözlərinə görə, bu səfər Azərbaycanın beynəlxalq fəaliyyətinə və həyata keçirdiyi siyasətə yeni töhfələr verən mühüm məqamları bir daha özündə ehtiva etdi:
"Eyni zamanda, səfər uzun illərdir ölkəmizə qarşı həqiqətə uyğun olmayan təxribatçı fikirlər yaymağa çalışan qüvvələrin fəallığı ilə də yadda qaldı.
Belə ki, xaricdə yaşayan azərbaycanlı bir şəxsin xanım Mehriban Əliyevaya ünvanladığı təxribat xarakterli sual yerində, sərrast və yüksək siyasi-diplomatik bacarıqla cavablandırıldı. Mehriban Əliyevanın bu ani suala verdiyi qısa, aydın və lakonik cavab həm istehzalı, həm də tərbiyəvi məzmunu ilə diqqət çəkdi. Bu cavab Azərbaycanda siyasətin və idarəetmənin rəhbərliyində təmsil olunan şəxslərin, konkret olaraq Prezident İlham Əliyev və Mehriban Əliyevanın ölkə və dünya gündəmində baş verən hadisələri ən incə detallarına qədər dərindən bildiklərini, yaxından izlədiklərini və istənilən söz təxribatına və riyakar yanaşmaya qarşı hazırlıqlı olduqlarını bir daha nümayiş etdirdi".
Deputat sonda vurğuladı ki, ölkəmizə qarşı həqiqətə əsaslanmayan hər hansı fikir və ya addıma yerindəcə adekvat cavab veriləcəyi və bu kimi təşəbbüslərin heç bir real əsasının olmadığı bir daha ortaya qoyuldu.
Xədicə BAXIŞLI