RU

Torpaq sürüşməsindən sonra qəzalı evinə yardım edilmir - ŞİKAYƏTVİDEO

Torpaq sürüşməsindən sonra evi qəzalı vəziyyətdə düşən vətəndaşa yeni evin tikintisi üçün yardım edilmir...

Üzləşdiyi problemlə bağlı "XəzərXəbər"ə müraciət edən Lerik rayonu Soru kənd sakini Xanlar Mürşüdov belə iddia edir. Onun sözlərinə görə, 2011-ci ildə yağan güclü leysan yağışlarından sonra ərazidə torpaq sürüşməsi baş verib və fərdi yaşayış evi ciddi zərər görərək yaşamaq üçün yararsız hala düşüb. Hazırda isə Xanlar Mürşüdov ailəsinin 5 üzvü ilə birlikdə qardaşının evində məskunlaşıb.

Onun sözlərinə görə, qəzalı evdə yaşamaq təhlükəli olduğundan oranı tərk etməyə məcbur qalıblar və mövcud şərait ailə üçün ciddi çətinliklər yaradır.

Vətəndaş bildirir ki, evin qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilib. Rəyə əsasən, yeni fərdi yaşayış evinin inşasına tikinti üçün yararlı torpaq sahəsinin mövcudluğunu təsdiq edən sənəd təqdim edildikdən sonra başlanılması nəzərdə tutulur.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəyində bildirilir ki, Lerik rayonu ərazisində torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən fərdi yaşayış evlərinə nazirliyin komissiyaları tərəfindən baxış keçirilib və müvafiq aktlar tərtib edilib. Həmin aktlara əsasən, Xanlar Mürşüdovun evi qəzalı evlər siyahısına daxil edilib. Yeni evin tikilmesi üçün tikintiyə yararlı başqa torpaq sahəsinin olduğu barədə sənəd təqdim edilərsə, yeni fərdi yaşayış evinin tikintisinə başlanılacaq. O da bildirildi ki, mövcud qanunvericiliyə əsasən yaşayış sahəsinin tikintisi üçün müvafiq torpaq sahəsi vətəndaş tərəfindən təqdim olunmalıdır. Ancaq, təqdim edilmədiyi üçün tikinti işlərinə başlamaq mümkün olmayıb.

Lerik rayon İcra Hakimiyyətindən isə “Xəzər Xəbər”ə bildirildi ki, vətəndaşa dəfələrlə lazimi rüsumları ödəyərək bələdiyyədən torpağın alınması üçün müraciət etməsi üçün xəbərdarlıq edilib, lakin Xanlar Mürşüdov bundan imtina edib. O, da bildirildi ki, ötən il 30-a yaxın qəzalı evin tikintisi ilə bağlı işlər görülüb, lakin şikayətçinin evində hələ də tikinti işləri aparılmayıb. Şikayətçi tikinti üçün yararlı topağın alınmasına dair sənədi müvafiq orqanlara təqdim etdikdən sonra inşaat işlərinin aparılmasına başlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
62
1
xezerxeber.az

2Источники