Universitetlərdə dərslərin başlaması ilə şəhərdə nəqliyyat sıxlığının artması ictimai diqqət mərkəzindədir. Bu vəziyyət iş və dərs saatlarının dəyişdirilməsi və digər nəqliyyat həllərinin vacibliyini gündəmə gətirir.
Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələdə hələ ki, hər hansı bir yenilik müşahidə olunmur. İctimai nəqliyyatda bir gün ərzində ciddi qaydalar tətbiq etmək mümkün deyil.
"Metro tikintisinin ləngiməsi isə şəhərdə daşımada problemləri daha da artırıb. Buna görə də daha çətin şərtlərin yaranması qaçılmazdır. Vətəndaşlar üçün ictimai nəqliyyatı daha çevik və əlçatan etmək lazımdır ki, şəxsi minik avtomobillərindən istifadə azalsın. Lakin alternativlər kifayət qədər inkişaf etmədiyi üçün şəxsi avtomobillərin istifadəsinə hər hansı ciddi məhdudiyyət qoymaq mümkün deyil" - o, bildirib.
Deputat qeyd edib ki, nəticədə dözülməz tıxaclar qaçılmazdır:
"Mən hesab edirəm ki, bunun yeganə yolu şəhərdə mövcud infrastrukturu yaxşılaşdırmaqdır. Yeni paytaxt ideyası qəbul olunmasa da, ən azından şəhərin infrastrukturunu yüngülləşdirmək və kəndlərə köçü stimullaşdırmaqla müəyyən dəyişikliklər etmək mümkündür. Ancaq mövcud şərtlərdə bu iş çox çətindir, çünki tıxaclar iqtisadiyyata ciddi ziyan vurur".
Qeyd edək ki, şəhərdə nəqliyyat sıxlığı əsasən mövcud infrastrukturun məhdudluğu və ictimai nəqliyyatın alternativlərinin yetərli olmaması ilə bağlıdır.
Əfsanə Kamal
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта