RU

“Döyüşlərdən əvvəl və sonra tibbi müayinə vacibdir” Terapevtin gənc boksçunun ölümünə dair ə AÇIQLAMASI

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bir neçə gün əvvəl Azərbaycan boksunda faciə baş verib - sparrinq zamanı III MDB Oyunlarının bürünc mükafatçısı, 16 yaşlı idmançı Əli Ruşanov həyatını itirib. Şəxsi məşqçilərin təşəbbüsü ilə keçirilən döyüş təxminən 6-7 dəqiqə davam edib. Döyüş zamanı Ruşanov huşunu itirərək rinqə yıxılıb. O, təcili olaraq xəstəxanaya çatdırılıb, lakin həkimlər onun ölümünü qeydə alıblar.

Boks travmanın tez-tez rast gəlindiyi idman növlərindən biri hesab olunur.

İdman.Biz-ə açıqlama verən nevroloq, tibb üzrə fəlsəfə doktoru və manual terapevt Vaqif Yaqubov idmançılar üçün müntəzəm tibbi müayinələrin vacibliyini vurğulayıb.

“Hər federasiyanın tibbi çekapdan(daxili orqanların müayinəsindən) keçmə ilə bağlı öz standartları var. Əgər idmançının şikayəti yoxdursa, müayinədən minimum altı ayda bir dəfə keçməsi tövsiyə olunur. Bəzi idman növlərində zədələr demək olar ki, hər gün baş verir, buna görə də bərpa prosesi və həkimə müntəzəm müraciət mütləqdir. Məsələn, futbolçular demək olar ki, hər oyundan sonra fizioterapiyadan keçirlər”.

Yaqubovun sözlərinə görə, boksda döyüşlərdən əvvəl və sonra tibbi baxış zəruridir.

“Ən çox rast gəlinən zədələr arasında beyin silkələnməsi var. Həmçinin daxili orqanların - qaraciyərin, dalağın, ağciyərlərin cırılması mümkündür. Qabırğa sınıqları və boyun şöbəsi onurğasının zədələri də tez-tez qeydə alınır”, - deyə o izah edib.

Mütəxəssis ən məkrli zədələrdən biri - gizli qanaxma məsələsinə də diqqət çəkib və bildirib ki, bu, müayinə olmadan aşkar edilməsi çətin olan haldır:

“Qan tədricən sızaraq axa bilər və bir-iki gün sonra insan huşunu itirər. Yalnız MRT müayinəsi zamanı hematoma aşkar olunur. Boksçu baş ağrısını aldığı zərbələrlə əlaqələndirə bilər, halbuki əslində bu, kəllədaxili qanaxmadır. Onurğa beyninə qanaxmalar da mümkündür – bunun nəticələri ölüm halından əlilliyə qədər dəyişə bilər”.

Yaqubov ayrıca qoruyucu ləvazimat məsələsinə də toxunub: “Kapa(diş və çənəni qoruyan idman vasitəsidir – red.) hər zaman məcburidir. Dəbilqəyə gəldikdə isə hər şey yaşdan asılıdır. Müəyyən yaş məhdudiyyətləri var ki, həmin hallarda dəbilqə mütləqdir, xüsusən də olimpiya növlərinə aid boksda”.

Sonda mütəxəssis uşağı idmana yönləndirməzdən əvvəl tibbi müayinənin vacibliyini vurğulayıb:

“Bu, yaxşı təcrübədir. Mənə tez-tez belə uşaqları gətirirlər, onurğa sütunu, əzələ gücü, ayaqların vəziyyəti, ətrafların əyriliyi, skoliozun olub-olmaması yoxlanılır. 13-15 yaşlı yeniyetmələrdə artıq yırtıqlara rast gəlinə bilər. Skoliozun birinci dərəcəsinədək adətən boksla bağlı ciddi problem yaranmır, lakin ondan sonra məşğul olmaq riskli olur”.

Leyla Eminova

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
icma.az

2Источники