Azərbaycanda 70 minə yaxın şirkət fəaliyyətini dayandırıb.
Belə ki, fevral ayının 1-nə Azərbaycanda qeydiyyatda olan 205 min 104 şirkətin (kommersiya qurumunun) 136 min 808-nin vəziyyəti aktiv, 68 min 296-sının (33,3 %-nin) vəziyyəti passiv (dayandırılmış) olub.
Başqa sözlə, Azərbaycanda dövlət qeydiyyatına alınmış hər 3 şirkətdən (kommersiya qurumundan) 1-i faktiki fəaliyyət göstərmir. 2026-cı ilin yanvar ayında 1050 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,6 faizi yerli investisiyalı, 10,4 faizi isə xarici investisiyalıdır.
Ölkədə 100-ə yaxın şirkətin fəaliyyətinin dayanması hansı səbəblərlə bağlıdır?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, bunun səbəblərini bütün məlumat bazası əlimizdə olarkən bilmək daha məntiqli olardı:

“Ola bilər ki, fəaliyyətini dayandırmış həmin şirkətlərin bir neçəsinin bir nəfərə məxsus olması və sonradan təmərküzləşmə apararaq bir şirkət üzərindən fəaliyyət göstərməsi də ola bilər. Ona görə də bu kimi məlumatlar daha detallı verilməsi daha yaxşı olar.
Ancaq ümumilikdə təbii ki, mənzərə ürəkaçan deyil. Əgər ölkədə hər üç şirkətdən biri fəaliyyət göstərə bilmirsə, bunu İqtisadiyyat Nazirliyi ciddi şəkildə araşdırmalı və səbəblərini aradan qaldıracaq addımlar atmalıdır”.