RU

Kamalə Kamal Cabbarova: “Adsız qadın” tamaşası mənim üçün bir vicdan məsələsidir

ain.az, Azertag portalına istinadən məlumat yayır.

İstanbul, 17 fevral, Günel Karatepe, AZƏRTAC

Fevralın 23-də Türkiyənin paytaxtı Ankarada Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar bu faciəni özündə əks etdirən “Adsız qadın” tamaşası nümayiş etdiriləcək. Tamaşa Türkiyədəki səfirliyimizn nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı Anım Günü proqramı çərçivəsində İstanbulda fəaliyyət göstərən Cəfər Cabbarlı Türkiyə-Azərbaycan Teatrı tərəfindən təqdim ediləcək.

Bununla bağlı Cəfər Cabbarlı Türkiyə-Azərbaycan Teatrının rəhbəri, tamaşanın baş rol ifaçısı Kamalə Kamal Cabbarova AZƏRTAC-a müsahibə verib.

–Bildiyim qədər “Adsız qadın” tamaşasının yaranma hekayəsi çox uzun və çətin bir yolu əhatə edir. Bu yol necə başladı?

– Əslində mən bu tamaşanı Azərbaycanda hazırlamaq istəyirdim. Tədqiqatçı-yazıçı Aygün Həsənoğlunun “Adsız qadın” dramını oxuyanda anladım ki, bu sadəcə bir səhnə əsəri deyil, Xocalı soyqırımının bədii yaddaşıdır. Yazıçı ilə danışdıq, razılaşdıq və rejissorluq üçün əsəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı Elçin İmanova təqdim etdim. O, aktyor seçimi üzərində çox düşünmədi və bu obrazı mənə həvalə etdi. Beləcə məşqlərə başladıq. Lakin bu proses gözlənildiyi kimi davam etmədi. Təəssüf ki, o vaxt hara müraciət etdiksə, dəstək əvəzinə rədd cavabı aldıq. Səbəbini isə tam anlaya bilmədim. Bir an düşündüm ki, nə qədər özümüz deyib, özümüz ağlayacağıq? Elə bu sual da məni İstanbula gətirdi. İndi deyə bilərəm ki, bu, həyatımın ən doğru qərarlarından biri idi.

– İstanbula gəlmək sizin üçün nə ifadə edirdi?

– Təbii ki, Vətəndən uzaqda yenidən həyata başlamaq istər bir insan, istərsə də bir sənət adamı olaraq o qədər də asan deyil. Lakin Türkiyə də bizim ikinci Vətənimizdir və mən İstanbulda çox şey qazandım. İlk gəldiyimdə bir neçə ay xalq arasında bir növ sorğu apardım. Nəticə isə məni çox sarsıtdı. İnsanların böyük əksəriyyəti Xocalı soyqırımı haqqında yetərli qədər məlumatlı deyildilər. Yəni, bu müddət ərzində keçirilən bu qədər tədbirin yetərli olmadığını anladım. Axı hamı tədbirlərə getmir, hər kəsin baxış bucağı fərqlidir. Bəziləri oxuyur, bəziləri dinləyir, bəziləri isə izləməyi seçir. Biz də izləyənlərə bunu göstərmək istədik. Xocalı yaşanmış bir insanlıq dramıdır və bu dramı səhnədən çatdırmağa çalışdıq.

-Sizə dəstək olanlar tapıldımı?

-Bəli, Azərbaycan dövlətinin dəstəyi ilə Elçin İmanovun Türkiyəyə gəlməsinə nail oldum. Bu, bizim yolumuzun dönüş nöqtəsi idi. Əl-ələ verdik və yalnız bu tamaşanı səhnələşdirmədik, eyni zamanda C.Cabbarlı adına Türkiyə–Azərbaycan Teatrını qurduq. Bu, sadəcə sənət deyil, bir mədəniyyət, qardaşlıq körpüsü idi.

– Sənət yolunuzun ən çətin mərhələsi nə oldu?

– İlk gəldiyimdə çox ağır şərtlər altında qalmışdım. Maddi, mənəvi, psixoloji… Gəldikdən bir il sonra isə Elçin Bakıya, iş yerinə dönməli oldu. Lakin qurduğumuz bu körpü İstanbulda qaldı. Onun gedişi mənim yükümü daha da ağırlaşdırdı. Artıq çiyinlərimdə böyük bir məsuliyyət daşıyırdım. Birlikdə işlədiyimiz müddətdə biz minlərlə tamaşaçıya Xocalı həqiqətini çatdırdıq. Bu işdə Elçin İmanovun əməyi əvəzsizdir. Bəzi insanlar səhnədə yox, tarix qarşısında qəhrəman olur. Elçin də məhz bu qəhrəmanlardandır.

– Növbəti dəfə “Adsız qadın”la səhnəyə çıxmağa hazərlaşırsınız. Nə hiss edirsiniz?

– Bəli, mən illərdir mədəniyyətin dili ilə bu faciəni insanlar çatdırmağa çalışıram. Hər tamaşada ruhum parçalanır, o hissləri yaşamaq çox çətindir. Lakin bu, mənim seçdiyim yoldur və silahım olan sənətimlə yaddaşı yeniləyərək, o soyqırımı qurbanlarının unudulmamasına dəstək verirəm. Çünki unutmaq, faciənin təkrarına yol açmaqdır.

Bu dəfə Xocalı həqiqətlərini ankaralılarla çatdıracağıq. Hisslərim çox ağırdır, məsuliyyət də böyükdür. Bu tamaşamızın da uğurla başa çatacağına ümid edirəm. “Adsız qadın” mənim üçün bir vicdan məsələsidir.

Qeyd edək ki, tədqiqatçı-yazıçı Aygün Həsənoğlunun eyniadlı əsəri əsasında hazırlanan tamaşa ilk dəfə 2016-cı ildə Türkiyə Dövlət Teatrının Kerem Yılmazer səhnəsində nümayiş etdirilib. Sonradan dəfələrlə səhnələşdirilən əsər minlərlə izləciyə çatdırılıb. Tamaşanın quruluşçu rejissoru Elçin İmanov, rejissor asistenti Mine Bayrakeridir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
62
2
azertag.az

3Источники