RU

Serbiya ilə əməkdaşlıq genişlənir: yeni iqtisadi imkanlar açılır

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfərə gedib. Səfər zamanı Serbiya Prezidenti ilə təkbətək görüş keçirilib, bir sıra məsələlər müzakirə edilib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Elman Nəsirov bildirdi ki, İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri bir daha göstərdi ki, Azərbaycan-Serbiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Onun sözlərinə görə, fundamental məsələlərdə mövqelərimiz üst-üstə düşür və əməkdaşlığın çox geniş perspektivləri mövcuddur:

"Xüsusilə xidmət sahəsində ticarət dövriyyəsi 16 dəfə artıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Serbiya Prezidenti Aleksandar Vuçiçin şəxsi dostluq münasibətləri, eləcə də iki dövlət və xalq arasında mövcud olan tarixi, ənənəvi və səmimi əlaqələr bugünkü inkişafın təməlində dayanan əsas amillərdəndir. Azərbaycan Prezidenti cənab İlham Əliyev həm Vuçiçlə təkbətək görüşdə, həm də Strateji Tərəfdaşlıq Şurasının birinci iclasında və Şuranın toplantısındakı çıxışında xüsusi vurğuladı ki, bu gün əlaqələrimiz bütün parametrlər üzrə yüksək inkişaf tempinə malikdir. Xüsusilə iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat, energetika, yaşıl enerji və hərbi-texniki əməkdaşlıq sahələrində münasibətlər inkişaf edir və artıq ciddi nəticələr əldə olunub. Təkcə bir faktı qeyd edək ki, bu gün iki dövlət arasında imzalanmış hüquqi-normativ sənədlərin sayı 57 idi və bu səfər çərçivəsində daha 7 mühüm sənəd imzalandı. Beləliklə, müqavilə, saziş, memorandum və digər hüquqi sənədlərin ümumi sayı 64-ə çatdı. Bu dəfə qida təhlükəsizliyi, icbari tibbi sığorta, iqtisadiyyat nazirlikləri səviyyəsində əməkdaşlıq, idman və gənclər siyasəti, eləcə də mədəniyyət nazirlikləri arasında əməkdaşlığın inkişafı ilə bağlı yeni sənədlər imzalandı. Bütün bunlar göstərir ki, bu gün rəsmi Bakı-Belqrad münasibətlərində həllini tapa bilməyən hər hansı məsələ mövcud deyil".

Müsahibimiz əlavə etdi ki, imzalanmış sənədlərdən biri də Serbiyada elektrik stansiyasının tikintisi ilə bağlıdır.

"Bu sənəd layihələndirmə, tikinti və istismara verilmə məsələlərini əhatə edir. Layihə Azərbaycanın Serbiyaya ixrac etdiyi qazın elektrik enerjisinə çevrilməsini nəzərdə tutur və ildə 500 meqavat elektrik enerjisinin istehsalını təmin edəcək. Burada bölgü 50/50 nisbətində nəzərdə tutulur. Yeni əməkdaşlıq sahələrindən biri də turizmdir. Cənab Aleksandar Vuçiç öz çıxışında Azərbaycanın geniş turizm potensialını xüsusi vurğuladı və bu istiqamətdə təşviqedici fikirlər səsləndirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə qeyd etdi ki, bu gün Serbiya ilə həm ənənəvi, həm də yeni sahələr üzrə münasibətlərin inkişafı üçün geniş imkanlar açılıb. Artıq may ayının 3-dən etibarən Belqrad-Bakı istiqamətində birbaşa reyslərin həyata keçirilməsinə başlanacaq. Eyni zamanda məlum oldu ki, hər iki dövlət təkcə ikitərəfli formatda deyil, beynəlxalq təşkilatlar çərçivəsində də ortaq mövqedən çıxış etmək qətiyyətini bir daha nümayiş etdirib. Yeni əməkdaşlıq istiqamətləri arasında hərbi-texniki sahə də ön plana çıxır və bu istiqamətdə Azərbaycan-Serbiya əlaqələrinin geniş perspektivi mövcuddur. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Serbiyaya rəsmi səfəri bir daha təsdiqlədi ki, rəsmi Bakı-Belqrad münasibətləri dinamik inkişaf tempinə malikdir və qarşıda dayanan hədəflərə çatmaq üçün güclü potensial nümayiş etdirir", - deyə E.Nəsirov yekunlaşdırdı.

Səfərin yeni iqtisadi imkanlarından Redaktor.az-a bəhs edən deputat Aydın Hüseynov isə bildirdi ki, İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə üçün vacib hadisə oldu.

"Bu səfər zamanı əsasən iqtisadi əməkdaşlıq məsələləri müzakirə edildi. Görüşlər göstərdi ki, Azərbaycan və Serbiya münasibətləri daha da genişləndirmək istəyir. Ən çox diqqət çəkən mövzu enerji sahəsi idi. Azərbaycan qazının Serbiyaya ixracı və bu sahədə yeni layihələr əsas müzakirə mövzusu oldu. Xüsusilə qazla işləyən elektrik stansiyasının tikintisi məsələsi ön plana çıxdı. Bu layihə Serbiyanın enerji təminatını gücləndirə bilər. Eyni zamanda Azərbaycan üçün də Avropa bazarında mövqeyini möhkəmləndirmək imkanı yaradır. Səfər zamanı ticarət və investisiya məsələləri də danışıldı. Hər iki tərəf iqtisadi əlaqələri artırmaq niyyətindədir. Müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu isə yeni iş yerləri və daha çox biznes imkanı deməkdir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da gündəmdə idi. Yeni marşrutların yaradılması və tranzit imkanlarının genişləndirilməsi müzakirə olundu. Bu addımlar gələcəkdə ticarətin artmasına kömək edə bilər.
Ümumilikdə, bu səfər iki ölkə arasında iqtisadi münasibətlərin daha da güclənəcəyini göstərdi. Enerji, ticarət və investisiya sahələrində əməkdaşlıq yaxın illərdə real nəticələr verə bilər", - deyə millət vəkili vurğuladı.

Nuriyyə NATİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

Избранный
114
redaktor.az

1Источники