RU

İlk şəhid Ulduz Qasım yazır

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Ulduz QASIMYazıçı-publisist, Moskva

Yaxşı deyiblər ki, köz düşdüyü yeri yandırar. Qarabağda baş verənləri çoxları yəni belə tez unuda bildi? Axı, düşən o yanar köz tək Qarabağı deyil, bütün Azərbaycanın ürəyini yandırdı. Axı, gedənlər bütün öləkədən getdi. Axı, Qarabağ Azərbaycanımızın ürəyidi, canının bir parçasıdı. Buna necə biganə qalmaq olar? İnanmaq olmur ki, belələri var, belələri artıq-əskik danışa da bilirlər...

Kim nə deyir desin, kim nə danışır danışsın, mən olanları unuda bilmərəm. Mən ata evi üçün həsrətdən qovrulanda, heç yerdə özümə yer tapa bilmirəm. Seyrçi kimi gedib uçuq binalara baxıb qayıdandan sonra gözümə yuxu getmir. Döşəyim, yastığım onları incitməməyim üçün mənə yalvarırlar.

Mən də o yerləri yuxuda görmək üçün Allaha yalvarıram. Xatirələrimdə, yaddaşımda qalanları bir anlıq canlandırması üçün, geri qaytarması üçün yalvarıram...

Bunu çoxları anlamaz, bunu başına gələnlər, yaşayanlar bilər. Bir anlıq bütün olanlarını qoyub, yerini-yurdunu, torpağını, doğulduğu yuvasını tərk edənlər bilər. Çadırlarda yayda, yazda istidən yananlar, qışda soyuqdan donanlar, yorğanın altında qovrulanlar bilər. Su üzünə, isti yemək üzünə aylarla həsrət qalanlar bilər. Övladları bir paltar üzündən məktəbə gedə bilməyənlər bilər...

Yanmağı, anlamağı bacarmayanlar, yana bilməzlər, anlaya bilməzlər. Başqasının yanğısını hiss edə bilməzlər. Bəs insanlıq, bəs qardaşlıq, bəs vətəndaşlıq... Nə isə...

Ermənilərin təcavüzü bizim evə çatanda dayandı. Sanki evimiz sərhəd oldu, müharibənin artıq can almasına qarşı alınmaz qalaya döndü. Bilmirəm, bəlkə də rəhmətlik, möhtərəm atamın oxuduğu dualar, qıldığı namazlar, tutduğu oruclar, verdiyi sədəqələr buna mane oldu. Daha Vətən torpağı talan olunmasın dedi, bilmirəm. Bəlkə də başqa bir qüvvə, başqa birilərinin duaları... Bircə bildiyim odur ki, iki qatlı evimiz müharibəyə sərhəd çəkdi...

Cocuq Mərcanlı kəndinə keçməsinə mane oldu. Möcüzələr çoxdu bu dünyada. Allahın qüvvəsi sayəsində baş verir ancaq. Mən bunun çox şahidi olmuşam...

Cocuq Mərcanlıda müharibə getməsə də, insanların çoxu yurdunu-yuvasını tərk etməsə də, bu kənddən müharibəyə çox gedənlər, şəhid olanlar oldu. Bütün qarabağlılar kimi, bütün azərbaycanlılar kimi...

Həmin kənddə, yəni Cocuq Mərcanlıda gözəl-göyçək, güllü-çiçəkli may gününüdə bir oğlan dünyaya göz açır. 1973-cü ilin çal-çağır bir zamanında, insanların sakit, dinc, bəxtəvər yaşadığı bir vaxtda. Fazil əminin evində. Adını da Novruz qoyurlar.

Aslanov Novruz bütün uşaqlar kimi məktəb yaşında təhsil almağa başlayıb. Həm də yaxşı oxuyub, nümunəvi şagird olub. Deyirlər iqtisadçı olmağa hazırlaşırmış. Orta məktəbi bitirən kimi əsgər aparıblar. Rusiyanın Rostov vilayətində hərbi borcunu yerinə yetirib. Bütün azərbaycanlılar kimi Xocalıda baş verən soyqırım, o dəhşətli hadisə Novruzun da ürəyində dərin yara açıb. Eşitdiklərinə inanmayıb. Qisas almaq, şəhidlərin ruhunu şad eləmək üçün döyüşə getmək istəyib...

Hərbi qulluqdan qayıdan kimi qardaşı Xanlarla bərabər, Cəbrayıldakı könüllülər müdafiə ordusuna qoşulub, rayon ərazisindəki bir çox döyüşlərdə igidlik göstərib.

Orduda yaxşı silah işlətməyi öyrəndiyinə görə ona heç nə çətin olmayıb. Hətta döyüş dostları ondan çox şey öyrənməyə çalışıblar. Xeyirxah oğlan bildiklərinin hamısını əsgər yoldaşlarıyla bölüşür, düşmənə qarşı onlarda yüksək əzm yaradırdı. Biz qalib gələcəyik deyirdi döyüşçülərə, ruhdan düşmək lazım deyil. Bizim yolumuz haqq yoludu, ədalət yoludu. Bu torpaqlar bizimdi, onu düşmənin pəncəsində qoymaq olmaz. Bu Vətənin oğullarıyıq, bu, bizim şərəf işimizdi, namus borcumuzdu. Axır ucu ölüm olsa da, torpaqlarımızı azad etməliyik. Şəhidlərimizin qisasını almalıyıq. Yoxsa onlar bizi bağışlamazlar...

Qardaşı Xanlar, müharibədən sonra minaya düşüb iki ayağını da itirən müharibə iştirakçısı, şəhidin ən yaxın dostu, döyüş yoldaşı deyir ki, sanki Novruz mənimlə bir evdə böyüməmişdi. Sanki onu heç tanımırdım. Onu döyüş meydanında tanıdım. Necə ürəyə, necə cəsarətə, qorxmazlığa qadir olduğunu  gördüm. Heç nədən qorxmurdu, həmişə hamıdan irəlidə gedirdi. Bir neçə dəfə ona dedim ki, belə etmə, qarşındakı azğın düşməndi. Güldü mənə, yoxsa qorxursan, dedi. Qardaş, bu döyüşlərdə ölsək belə, azdı. Görürsən, nə qədər insanlar evsiz-eşiksizdilər. Necə zülmlər çəkirlər. Onları evlərinə, yurdlarına qaytarmaq üçün, sevindirmək üçün ölməyə dəyər. Torpaq yolunda, Vətən yolunda ölməyə dəyər, vallah! Hələ əsgərlikdə olanda and içmişdim, onlardan qisas almağa. Bunu edəcəm. Olsun, yəni sonunda şəhid olmaq varsa nə gözəl. Yəni Vətən yolunda, torpaq uğrunda şəhadətə yüksəlməkdən şərəfli nə var ki, dünyada... Doğrudan da həmin günlərdə çox sayda erməni əsgəri öldürmüşdü. Bizim müdafiə ordusundan neçələrini ölümdən qurtarmışdı. Həmişə söz düşəndə, mən ölüm, deyirdi, sizin heç birinizə bir şey olmasın. Çox xeyirxahdı. Əlində nəyi olsa, hamıyla paylaşırdı. Birdən kəndə qayıdırdım, anam Balaynaz yemək bişirib qoyurdu, şirniyyat qoyurdu. Hamısını döyüşçülərə paylayırdı.

1992-ci ildə, iyun ayının 27-də igid əsgər, Vətən sevdalısı Novruz Sur döyüşündə şəhid oldu. Cocuq Mərcanlı kəndinin ilk şəhidi... Həmişə irəlidə gedən, heç nədən qorxmayan, şəhadəti özünə şərəf sanan əsgərin, cəsarətli oğulun sonu belə oldu. 

Ondan çox xatirələr qalıb. Ailə üzvləri, dostları, əsgər yoldaşları, birlikdə döyüşdüyü igidlər, bir də onun adına verilən Cocuq Mərcanlı tam orta məktəbinin şagirdləri onu qəhrəman döyüşçü kimi, qorxmaz, cəsarətli ər oğul kimi xatırlayırlar...

Belələrindən dastanlar, əsərlər, şeirlər yazılır, tarixin səhifələrində ən uca məqama sahib olurlar...

Onlar əfsanələşir, nağıllaşırlar...  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
73
525.az

1Источники