FT: Avropa Mərkəzi Bankının prezidenti Fransadakı 2027 seçkilərindən öncə postunu tərk edə bilər...
Poliqon xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqardın səlahiyyət müddəti başa çatmadan istefa verməsi ehtimalı müzakirə olunur. Financial Times nəşrinin yaydığı məlumata görə, bu addım Fransada 2027-ci ilin aprelində keçiriləcək prezident seçkilərindən əvvəl yeni rəhbərin təyin edilməsinə imkan yarada bilər.
Məlumata əsasən, mümkün istefa Avropa maliyyə institutlarında siyasi balansın qorunması və monetar siyasətin gələcək istiqamətinin yenidən müəyyənləşdirilməsi məqsədi ilə əlaqələndirilir. İddialara görə, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts yeni AMB rəhbərinin seçilməsi prosesində daha aktiv rol oynamağa çalışırlar.
Ekspertlər hesab edir ki, Laqardın vaxtından əvvəl postdan getməsi Avrozonanın pul siyasətinə, inflyasiya ilə mübarizə strategiyasına və maliyyə bazarlarının sabitliyinə təsir göstərə bilər. Onun rəhbərliyi dövründə AMB yüksək inflyasiya, enerji böhranı və geosiyasi gərginlik fonunda sərt monetar siyasət qərarları ilə diqqət çəkib.
Rəsmi təsdiq hələ verilməsə də, bu ehtimal Avropa maliyyə dairələrində və siyasi müstəvidə geniş müzakirələrə səbəb olub. Analitiklər yaxın aylarda məsələ ilə bağlı daha konkret açıqlamaların veriləcəyini istisna etmirlər.
Poliqon.info