RU

Trans-Xəzər marşrutu yalnız nəqliyyat deyil, həm də etimad və əməkdaşlıq yoludur ŞƏRH

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycanın Trans-Xəzər marşrutuna və Orta Dəhliz təşəbbüsünə yanaşması yalnız nəqliyyat-logistika məsələləri ilə məhdudlaşmır. Prezident İlham Əliyevin rəhbərliyi altında bu layihələr, həm regionda etimadın möhkəmləndirilməsi, həm də davamlı sülhün təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

O qeyd edib ki, Azərbaycan Trans-Xəzər marşrutunu yalnız yükdaşımaları üçün bir vasitə kimi deyil, regional əməkdaşlıq və siyasi stabilliyin təşviqi üçün platforma kimi görür. Orta Dəhliz və TRIPP layihəsi artıq regional və beynəlxalq tərəfdaşların maraq göstərdiyi geniş əməkdaşlıq modelinin tərkib hissəsinə çevrilib. Məqsəd yalnız iqtisadi fayda deyil, həm də bölgədə sülhün, qarşılıqlı etimadın və anlaşmanın möhkəmlənməsidir.

Orta Dəhlizin həm geoiqtisadi, həm də geosiyasi baxımdan regionun önəmli nəqliyyat arteriyası olduğunu vurğulayan Vüqar İskəndərov deyib ki, Prezident İlham Əliyevin strateji uzaqgörənliyi ilə Azərbaycan Avrasiya məkanında yerləşməsinin yaratdığı üstünlükləri istifadə edərək, ölkənin açıq dənizlərə birbaşa çıxışı olmamasını kompensasiya edir.

Deputatın fikrincə, Trans-Xəzər marşrutu üzərindən həyata keçirilən Orta Dəhliz layihəsi, rəqəmsal infrastrukturun inkişafı, vahid nəqliyyat operatorlarının yaradılması və beynəlxalq standartların tətbiqi ilə daha səmərəli və rəqabətqabiliyyətli olur. Eyni zamanda, layihənin Zəngəzur (TRIPP) seqmenti regional əməkdaşlıq və sülh təşəbbüslərinə töhfə verir, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində inteqrasiyanı təmin edir.

Orta Dəhlizin alternativ yol deyil, strateji keçid yolu olduğunu vurğulayan Vüqar İskəndərov əlavə edib: “Bu marşrut region dövlətləri ilə Azərbaycanın maraqlarını üst-üstə gətirərək yeni əməkdaşlıq formatlarının formalaşmasına, sülhün möhkəmlənməsinə və iqtisadi tərəqqinin sürətlənməsinə xidmət edir. Azərbaycan üçün Orta Dəhliz həm nəqliyyat-logistika layihəsi, həm də regional sülhün və davamlı inkişafın açarıdır. Prezident İlham Əliyevin ardıcıl və uzaqgörən siyasəti bu təşəbbüsü yalnız iqtisadi fayda üçün deyil, həm də bölgədə etimad və əməkdaşlıq mühitinin möhkəmləndirilməsi üçün strateji alətə çevirir”.

Избранный
84
1
azertag.az

2Источники