Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu, lakin Tehranın Vaşinqtonun irəli sürdüyü bəzi “qırmızı xətləri” hələlik qəbul etməyə hazır olmadığını bildirib.
Bizimyol.info xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
“Danışıqlara gəlincə, müəyyən mənada demək olar ki, yaxşı keçdi. Tərəflər növbəti görüş barədə razılığa gəliblər. Amma digər məqamlarda aydın oldu ki, prezident bəzi "qırmızı xətlər" müəyyən edib və iranlılar hələlik onları qəbul etməyə və aşmağa hazır deyillər”, – deyə Vens vurğulayıb.
Onun sözlərinə görə, hazırkı dialoq 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) üzrə aparılan danışıqlardan prinsipial şəkildə fərqlənir.
Vitse-prezident bildirib ki, Donald Tramp öz yanaşması ilə açıq şəkildə nümayiş etdirib ki, o, Barak Obama deyil və ABŞ-ın milli təhlükəsizliyi məsələsində tamamilə fərqli mövqe tutur. Vensin sözlərinə görə, Tramp ölkənin təhlükəsizliyini qorumaq üçün daha sərt və qətiyyətli addımlar atmağa meyllidir.
O qeyd edib ki, Ağ Ev problemin həlli üçün müxtəlif variantları nəzərdən keçirir.
“ABŞ prezidenti İranın nüvə silahına sahib olmamasını təmin edəcək həll yolu tapmaq üçün bütün səylərini göstərir – istər diplomatik vasitələrlə, istərsə də digər yollarla. Bu, həmişə bizim əsas prioritetimiz olub”, – deyə vitse-prezident əlavə edib.
Vens həmçinin İran rejimini “dünyada ən düşmən və eyni zamanda ən qeyri-rasional rejimlərdən biri” adlandırıb.
“Belə insanların bəşəriyyətə məlum olan ən təhlükəli silaha sahib olmasına yol vermək olmaz. Bu, təhlükəsizliyimiz üçün dəhşətli olardı. Bu, uşaqlarımızın gələcəyi üçün də fəlakət deməkdir”, – deyə o bildirib.
Vitse-prezidentin sözlərinə görə, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması ABŞ prezidentinin əsas məqsədi olaraq qalır və buna nail olmaq üçün onun “çoxsaylı variant və alətləri” mövcuddur.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.