RU

İrəvan Qazılığı haqqında kitab nəşr olunacaq

Nəşrdə qazılığın təşəkkülü, fəaliyyəti və tarixi irsi barədə elmi əsaslı məlumatlar əksini tapır

Qərbi azərbaycanlıların tarixi yurdlarına qayıdışı üçün sistemli tədbirlər həyata keçirilir. Qərbi Azərbaycan İcması beynəlxalq hüquq normalarına uyğun olaraq bu istiqamətdə dünya ictimaiyyətə müraciət edir, müxtəlif konfranslar keçirir. Eləcə də ölkəmizdə Qərbi azərbaycanlıların təşkilatlanması prosesi reallaşdırılır. Bütün bunlar Qayıdış Konsepsiyasında öz əksini tapır.

İrəvan Qazılığının bərpası tarixi əhəmiyyət kəsb edir

Bu istiqamətdə atılan önəmli addımlardan biri də ötən ilin may ayında Qafqaz Müsəlmanları İdarəsinin Qazılər Şurasının qərarı ilə İrəvan Qazılığının  fəaliyyətinin bərpa olunmasıdır. Bu qərar təkcə dini idarəçilik aktı deyil, həm də milli-mənəvi varisliyin rəsmi olaraq tanınmasıdır. Bir zamanlar İslam mədəniyyətinin, dini təhsil və maarifçilik baxımından Cənubi Qafqazın mərkəzlərindən olan İrəvanın dini irsinin bərpası xalqımızın ruhuna qayıdışdır.

Nəzərə alaq ki, vaxtilə indiki Ermənistan ərazisində İslam dini ilə bağlı böyük icma mövcud olub və bu icma tərəfindən müxtəlif ünvanlarda çoxlu sayda ibadət ocaqları, məscidlər yaradılıb. Arxiv sənədlərinə əsasən  1888-ci ildə İrəvan quberniyasında 210 məscid, 1902-ci ilin məlumatına əsasən isə 310 məscid olub. 1889-cu ilədək İrəvan quberniyasında müsəlmanlara xidmət göstərən 49 ruhani dairəsi mövcud olub. Bu dairələrin mollaları 1873-1879-cu illərdə qubernator tərəfindən təyin edilirdi. 1891-ci ildə İrəvan şəhərində 8 məscid, 11 dairə olub, qəzalarda isə məscidlərin sayı 37-yə çatmışdı.

Xüsusilə ermənilər tərəfindən tamamilə yer üzündən silinən İrəvan qalası 60-dək bürcü ilə arxitektura baxımından Şərqin, Türk dünyasının mühüm mədəniyyət mərkəzlərindən biri kimi tanınır. Qaladakı Sərdar sarayı, Sərdar məscidi, XVII əsrin nadir memarlıq abidəsi olan Göy məscid səyyahları həmişə heyran qoyurdu. Qalada daha yeddi məscid fəaliyyət göstərib.

Qeyd edək ki, İrəvan həm də İslam tədris  mərkəzlərindən biri olub. Arxiv sənədlərinə əsasən 1891-ci ildə İrəvan quberniyasında 28 mədrəsə fəaliyyət göstərib və bu mədrəsələrdə 637 tələbə təhsil alıb. İndiki Ermənistan ərazisində müsəlman dini icmasının geniş şəkildə mövcudluğu erməni mənbələrində də öz əksini tapıb. Erməni tarixçisi Tadevos Hakopyan yazır ki, 1923-cü ildə İrəvandakı məscid və kilsələrdən əlyazmalar toplanaraq Eçmiədzin kilsəsindəki əlyazmalar fonduna təhvil verilmişdi. Məscidlərdə saxlanılan əlyazmaların böyük əksəriyyətini Quran və İslam dininə aid kitablar təşkil edib. Qafqazın ilk şeyxülislamlarından biri olan Şeyxülislam Fazil İrəvani də 1847-1852-ci illərdə məhz İrəvanda şeyxülislam olub. Ancaq İrəvanda şeyxülislamlıqdan və dini məclisdən əvvəl “müsəlman dini şəriət” idarəsi fəaliyyət göstərib. Bu idarəyə Əkbər Ağa Axund Molla Məhəmməd oğlu başçılıq edib.

XX əsrin sonlarında ermənilərin Azərbaycana qarşı ərazi iddiaları başlaması sonradan qanlı münaqişəyə çevrildi, yüzminlərlə azərbaycanlı tarixi yurdlarından qovuldu. Bundan sonra Ermənistanda mövcud olan, azərbaycanlılara məxsus tarixi, dini və mədəni irs tamamilə yer üzündən silindi. Lakin Qərbi azərbaycanlıların qayıdışının gündəmə gəldiyi hazırkı dövrdə İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi çox vacib addımdır.

Birgə konfrans keçirilib

Yeri gəlmişkən, bugünlərdə  Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qərbi Azərbaycan İcması ilə birgə konfrans keçirilib. Çıxış edən QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Qərbi Azərbaycan İcmasının 2022-ci ildə təsis olunması dövlətimizin başçısının uzaqgörən siyasətinin təzahürüdür və soydaşlarımızın doğma yurdlarına qayıdışı dövlət siyasətinin mühüm istiqamətidir. O, Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq platformalarda Qərbi Azərbaycanla bağlı həqiqətləri mütəmadi gündəmə gətirdiyini diqqətə çatdırıb.

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli İrəvanın və ümumilikdə Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsindən bəhs edərək, bu ərazilərdə mövcud olmuş məscidlərin, qəbiristanlıqların, memarlıq abidələrinin sistemli şəkildə məhv edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu irsin qorunması və bərpası məsələsi təkcə milli deyil, beynəlxalq hüquq və insan haqları kontekstində də mühüm əhəmiyyət daşıyır. Tədbirin əhəmiyyətinə toxunan icma sədri belə görüşlərin ictimai həmrəyliyin möhkəmləndirilməsi, tarixi həqiqətlərin təbliği və qayıdış ideyasının daha geniş miqyasda təşviqi baxımından xüsusi rol oynadığını bildirib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, İrəvan qazısı Bəxtiyar Nəcəfov İrəvan qazılığının tarixi kökləri və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, İrəvan Qazılığı bölgədəki müsəlman icmasının dini-mənəvi həyatında xüsusi rol oynayıb. Arxiv sənədlərinə əsaslanan faktları diqqətə çatdıran qazı İrəvan mahalında çoxlu məscidin və dini təhsil ocağının mövcud olduğunu, deportasiyalar nəticəsində bu zəngin irsin və institusional dini idarəçiliyin fəaliyyətinin dayandırıldığını vurğulayıb.

Bəxtiyar Nəcəfov qeyd edib ki, hazırda İrəvan Qazılığının tarixi ilə bağlı geniş tədqiqat işi aparılır və yaxın vaxtlarda bu mövzuya həsr olunmuş kitab ictimaiyyətə təqdim olunacaq. Əsər arxiv materialları və tarixi mənbələr əsasında sistemli şəkildə tərtib olunub və artıq çapa tam hazır vəziyyətə gətirilib. İrəvan Qazılığının təşəkkülü, fəaliyyəti və tarixi irsi barədə elmi əsaslı məlumatlarla zəngin kitab tarixi həqiqətlərin qorunmasına xidmət edəcək.

Digər çıxış edənlər Qərbi Azərbaycan məsələsinin dövlətin strateji gündəliyində xüsusi yer tutduğunu, milli həmrəylik, tarixi ədalət və soydaşlarımızın doğma torpaqlarına qayıdışı baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıblar. Eyni zamanda, tarixi həqiqətlərin qorunması, maarifləndirmənin gücləndirilməsi və icmanın təşkilatlanmasının vacibliyini qeyd edərək şəxsi xatirələrini, müşahidələrini və dəstək mesajlarını iştirakçılarla bölüşüblər.

İrəvan Qazılığının ofisi ziyarət olunub

Bundan əlavə, Qərbi Azərbaycan İcmasının nümayəndələri Qafqaz Müsəlmanları İdarəsində  İrəvan Qazılığının fəaliyyəti üçün ayrılmış ofisi ziyarət ediblər. Onlara ofisin şəraiti, inzibati struktur və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İrəvan Qazılığı tarixi ənənələrə əsaslanan dini-institusional qurum kimi Qərbi Azərbaycan mənşəli soydaşlarımızın dini-mənəvi irsinin araşdırılması, sənədləşdirilməsi və təbliği istiqamətində sistemli iş aparır.

Görüş zamanı İcma rəhbərliyi qazılığın fəaliyyəti, arxiv sənədlərinin toplanması, tarixi mənbələrin tədqiqi, eləcə də İrəvan mahalı və ümumilikdə, Qərbi Azərbaycanda mövcud olmuş dini abidələrə dair materialların sistemləşdirilməsi prosesi ilə yaxından tanış olub. Qeyd olunub ki, deportasiyalar nəticəsində fəaliyyətini dayandırmış dini idarəçilik ənənələrinin elmi əsaslarla bərpası və ictimaiyyətə təqdim olunması prioritet istiqamətlərdəndir.

İrəvan qazısı Bəxtiyar Nəcəfov görülən işlər, hazırlanmaqda olan elmi nəşrlər və arxiv materialları əsasında aparılan tədqiqatlar barədə məlumat verib. O bildirib ki, əsas məqsəd İrəvan Qazılığının tarixi irsinin qorunması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılmasıdır.

İcmanın nümayəndələri İrəvan Qazılığının fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığın vacibliyini qeyd edib. Bildirilib ki, dini-mənəvi irsin qorunması Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq müstəvidə təqdim olunmasında mühüm rol oynayır.

Nardar BAYRAMLI

Избранный
37
3
yeniazerbaycan.com

4Источники