Milli Məclisin Elm və Təhsil Komitəsində musiqi və təsviri incəsənət kimi yaradıcı ixtisaslarda attestasiya prosesinin ləğvi məsələsi müzakirə olunur. Müzakirələr yaradıcı sahələrdə qiymətləndirmə meyarlarının spesifik xüsusiyyətlərə uyğunlaşdırılması zərurətini yenidən gündəmə gətirib.
Təhsil üzrə ekspert Elçin Əfəndinin Yeniazerbaycan.com-a açıqlamasına görə, yaradıcı ixtisaslarda attestasiya zamanı ixtisasa uyğun praktik bacarıqlar qiymətləndirilmədən yalnız ümumi imtahan modelinin tətbiqi düzgün yanaşma hesab oluna bilməz. Onun fikrincə, musiqi və təsviri incəsənət sahələrində əsas göstərici nəzəri bilikdən daha çox praktik ifa və yaradıcılıq qabiliyyətidir.
Ekspert vurğulayır ki, mövcud attestasiya mexanizmi bu fərqliliyi yetərincə nəzərə almır: “Əgər qiymətləndirmə zamanı ixtisasa uyğun bacarıqlar ölçülmürsə, keçirilən imtahan formal xarakter daşıyır və real peşəkarlıq səviyyəsini əks etdirmir.”
Mütəxəssislərin qənaətinə görə, yaradıcı ixtisaslarda qiymətləndirmə prosesi fərqli metodologiya tələb edir. Məsələn, musiqi sahəsində canlı ifa, texniki ustalıq və interpretasiya qabiliyyəti; təsviri incəsənətdə isə kompozisiya quruluşu, rəng duyumu və fərdi üslub əsas meyarlar kimi götürülməlidir. Bu yanaşma həm obyektiv qiymətləndirməni təmin edə, həm də müəllim və tələbələrin yaradıcılıq potensialını daha dolğun şəkildə üzə çıxara bilər.
Hazırda məsələ ilə bağlı müzakirələr davam edir. Qəbul ediləcək qərarın həm müəllimlərin, həm də tələbələrin peşəkar inkişafına müsbət təsir göstərəcəyi gözlənilir.
Havar Şəfiyeva