RU

Vəkil “Range Rover”lə təqib olunduğunu və ağır qəza keçirdiyini deyir: “Səbəbkarın cəzalandırılmasını tələb edirəm”

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vəkil Əminə İsmayılzadə ona qarşı baş verənlərin obyektiv araşdırılmasını istəyir. Vəkil bunun üçün Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edib.

Bizimyol.info xəbər verir ki, 20 saylı vəkil bürosunun vəkili olan Əminə İsmayılzadə bildirir ki, təqib olunması nəticəsində ağır qəza keçirib. Hadisədən 5 ay keçməsinə baxmayaraq, baş verənlər obyektiv araşdırılmayıb, günahkarlar cəzalandırılmayıb.

Onun sözlərinə görə, qəza 2025-ci il sentyabrın 24-də Bakı-Gəncə yolunda baş verib. Həmin gün o, vəkil olaraq, peşə fəaliyyəti ilə əlaqədar məhkəmədə iştirak etmək üçün Ağstafaya gedirdi. Avtomobili də özü idarə edirdi.

Əminə İsmayılzadə bildirir ki, yolda “Range Rover” markalı nəqliyyat vasitəsilə təqib olunduğunu hiss edib. Həmin avtomobilin içində üç nəfər kişi olub: “Yol boyu tanımadığım, nə istədiklərini başa düşmədiyim bu şəxslərin müxtəlif anormal hərəkətlərinə təəccübləndim. Müxtəlif formalarda manevrlər etməklə hərəkətimə maneə yaradırdılar”.

Vəkil qeyd edir ki, “Range Rover”lə onu təqib edən şəxslər öz səlahiyyətlərindən sui-istifadə edib, onun şəxsi məlumatlarını əldə ediblər: “Təqib edilməyim, hərəkətimə mane olması azmış kimi, tanınmış “biznesmen” olan həmin şəxs mobil nömrəmə “gizli nömrə”dən zənglər edirdi. Nəticədə uzun müddət həyəcan və narahatlıq içində qaldım”.

Əminə İsmayılzadənin sözlərinə görə, tək və çarəsiz vəziyyətdə olduğundan, yolunun üstündəki Dövlət Yol Polisi postunda saxlayıb, təqib edilməsi barədə xəbər vermək qərarına gəlib. Vəkil deyir ki, postda onu təqib edən “Range Rover”in saxlanmasını, məsələnin aydınlaşdırılmasını xahiş edib. Dediyinə görə, DYP əməkdaşları ona Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etməsini məsləhət görüb.

“Yüksək sürətlə təqib olunmağım, tanımadığım şəxsin telefon zənglərilə narahat etməsi yol boyu davam etdi. Nəticədə qəza baş verdi. 3 nəfərin ölümü ilə yekunlaşa biləcək hadisənin qarşısını çox çətinliklə ala bilmişəm. Qəza nəticəsində 10 dəfəyə yaxın fırlanmaqla, yol kənarında olan dəmirlərə çırpılmışam. Mənə məxsus nəqliyyat vasitəsi tam yararsız hala düşüb, utilizasiya edilib, kəllə-beyin travması almışam. Maddi ziyan bir yana, aylarla qəzanın psixoloji sarsıntısı, sağlamlıqla bağlı mənfi nəticələrindən əziyyət çəkmişəm”, - deyə vəkil şikayətində bildirir.

Əminə İsmayılzadə onu da əlavə edib ki, qarşı tərəf məsuliyyətdən yayınmaq üçün müxtəlif addımlar atır. Hətta uzun müddət vəkili vasitəsilə onunla barışıq əldə etməyə də çalışıb.

Vəkil Əminə İsmayılzadə ilə bağlı baş verənlər, o cümlədən onun şikayət ərizəsi ilə bağlı araşdırma Sumqayıt Şəhər Prokurorluğunda aparılır.

“Məsələnin nəzarətə götürülməsini və obyektiv araşdırılmasını, vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslərin, belə bir ağır nəticələrə səbəbkar olan, yanındakı 2 nəfərin şəxsiyyətini gizlətməyə çalışan şəxsin cəzalandırılmasını tələb edirəm”, - şikayətçi vəkil Əminə İsmayılzadə şikayətində vurğulayıb. Vəkil əlavə edib ki, növbəti dəfə əlindəki digər sübutlarla birlikdə ad və soyadları da açıqlayacaq.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
62
bizimyol.info

1Источники