RU

Bakıda Azərbaycan C6 ölkələrinin beyin mərkəzlərinin konfransı təşkil olunub YENİLƏNİB VİDEO

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 18 fevral, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Bakıda Azərbaycan-C6 (Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri) ölkələrinin beyin mərkəzlərinin konfransı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, “C6: Vahid region, ortaq gələcək - strateji dialoqun gücləndirilməsi” mövzusuna həsr edilən beynəlxalq konfransda C6-ya üzv ölkələrin aparıcı beyin mərkəzlərinin nümayəndələri də daxil olmaqla, ümumilikdə 60-a yaxın iştirakçı təmsil olunub.

Konfransın açılışında çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, 2025-ci ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşulması regional əməkdaşlıq baxımından mühüm mərhələdir. Onun sözlərinə görə, bu addım Xəzər dənizi hövzəsi boyunca daha inteqrasiya olunmuş geoiqtisadi və geosiyasi məkanın formalaşmasına töhfə verəcək və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrini daha da gücləndirəcək.

“Mərkəzi Asiya Azərbaycan üçün yalnız qonşu region deyil, eyni zamanda, təbii tərəfdaşdır. Onun sözlərinə görə, ortaq tarix və zəngin mədəni irs əməkdaşlıq üçün mühüm zəmin yaratsa da, bugünkü münasibətlərin əsas fərqləndirici xüsusiyyəti geoiqtisadi amildir. Bu, xüsusilə enerji, nəqliyyat, logistika və infrastruktur sahələrində əməkdaşlıqda özünü göstərir. Prezident İlham Əliyevin 2023-cü ilin sentyabrında Düşənbədə, 2024-cü ilin avqustunda isə Astanada keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində fəxri qonaq qismində iştirakı Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid strateji məkan kimi qəbul olunduğunu nümayiş etdirir. Hazırkı mərhələdə müzakirələrin məzmunu daha da dərinləşdirilməli və inkişaf etdirilməlidir. Azərbaycan Mərkəzi Asiya ilə fəal əməkdaşlıq etsə də, əsas məqsəd bu əlaqələrin daha vahid, institusionallaşdırılmış və gələcəyə yönəlmiş çərçivə əsasında qurulmasıdır”, - deyən Fərid Şəfiyevin fikrincə, əməkdaşlığı uzunmüddətli imkanlara çevirmək baxımından C6 formatı məhz bu funksiyanı yerinə yetirməlidir.

Daha sonra çıxış edən Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev Azərbaycanın Mərkəzi Asiya Liderlərinin Məşvərət Görüşlərinə qoşulmasını regional əməkdaşlıq tarixində yeni mərhələ kimi qiymətləndirib. Onun sözlərinə görə, C6 yalnız dialoq platforması deyil, həm də qlobal qeyri-sabitlik şəraitində ortaq həllər tapmağa, qarşılıqlı faydaya əsaslanan dayanıqlı iqtisadi əlaqələr qurmağa, eləcə də humanitar əməkdaşlıq və təcrübə mübadiləsi vasitəsilə etimadı gücləndirməyə imkan verən canlı mexanizmdir.

“Bugünkü konfransın aktuallığı bir neçə mühüm amillə şərtlənir. İlk növbədə, Trans-Xəzər dəhlizləri, enerji məsələləri və ekoloji çağırışlar kimi regional proseslərin dinamikası əlaqələndirilmiş və sistemli fəaliyyəti zəruri edir. İkincisi, qlobal gündəmin mürəkkəbliyi və geosiyasi qeyri-sabitlik şəraitində C6 qarşılıqlı hörmət prinsiplərinə əsaslanan strateji muxtariyyət modelinə çevrilə bilər. Ona görə də, institusionallaşma ehtiyacı xüsusi əhəmiyyət kəsb edir. Formal institutlar, ekspert şəbəkələri və koordinasiya mexanizmləri ilə bağlı məsələlər, sadəcə nəzəri müzakirə mövzusu deyil, onların həlli regionun gələcəyinə birbaşa təsir göstərən real və praktik məsələlərdir”.

Konfrans işini tematik mövzular üzrə sessiyalarla davam etdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
90
azertag.az

1Источники