RU

Eminə telefon verib, Azərbaycanın üstünə göndərən kimlərdir? Xüsusi əməliyyat: kod adı “demokratiya”

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Hədəf və məqsəd bəllidir: Azərbaycanın qlobal məkanda apardığı uğurlu siyasətdən diqqəti yayındırmaq, gündəmi dəyişmək. Qismən buna nail olurlar. Ucuz, primitiv və qara PR müəyyən qədər “nəticə” verir. Bu, işəyaramaz adamların əlində ölkəmizə qarşı silaha çevrilir, təəssüf ki.

Biz ölkəmizə, vətəndaşımıza tuşlanan silahları, o silahı tutan əlləri çoxdan qırıb atmışıq. Erməni separatizmi tarixin zibilliyinə gömülüb. Separatizmin tabutuna sonuncu mismar isə fevralın 17-də Bakı Hərbi Məhkəməsində vuruldu! Separatizmin “xaç atasına” çevrilmək istəyən Ruben Vardanyan haqda 20 illik həbs qərarı verildi. Ondan əvvəl isə məhkəmənin hökmü ilə digər separatçılar ağır cəzalara məhkum edildilər.

Vardanyandan böyük erməni olmaq istəyənlər

Amma bir başqa separatizmlə, düşmənçiliklə üz-üzəyik. Xaricdə məskunlaşan və mənəvi-psixoloji terrorla, ölkəmizə qarşı informasiya təxribatı ilə məşğul olan məlum dəstə sanki Ruben Vardanyanın, Arayik Arutyunyanın, Arkadi Qukasyanın, Bako Saakyanın, David Babayanın, David İşxanyanın, eləcə də digər separatçıların qisasını alır. Hər gün əxlaq, mənəviyyat terroru ilə məşğuldurlar. Dayanmırlar. Mühiti elə murdarlayırlar ki, təmizləmək vaxt alacaq. Amma onların səsinin kəsiləcəyinə, qanun qarşısında cavab verəcəklərinə əsla şübhə yoxdur! Vardanyandan böyük erməni olası deyillər hər halda…

Güllə kimi cavab

Münxendəki rəzaləti hər kəs gördü. Orada Azərbaycanın növbəti mərhələsinin xarici siyasət arxitekturası qurulurdu. Ölkənin gələcəyinə dair mühüm addımlar atılırdı. İlham Əliyev Azərbaycanın geopolitik vizyonunu növbəti dəfə beynəlxalq podiumda təqdim edirdi. Ermənistanla imzalanacaq sülh sazişinin şərtlərini, detallarını açıqlayırdı. Prezident panel müzakirələrdə önəmli çıxışlarla vacib mesajlar verirdi.

Dövlət başçısı “France24” kanalına müsahibəsində də mühüm fikirlər səsləndirdi. Müxbirin Bakıda barələrində hökm çıxarılmış separatçıların gələcək taleləri haqda qərəzli sualına şillə kimi cavab verdi. O cavab həm də separatçıların Qərbdəki dəstəkçilərinə ünvanlanmışdı.

“Soyuq duş” effekti

Paraleldə isə bir azərbaycanlı bütün bunları arxa plana atmaq üçün dəridən qabıqdan çıxırdı. Söhbət Emin Hüseynovdan gedir. Əlində telefon, jurnalist kimliyi ilə Münxen küçələrində sağa-sola qaçırdı. Gah Prezident İlham Əliyevə sual verməyə çalışır, gah prezidentin köməkçisi Hikmət Hacıyevə yaxınlaşmaq istəyirdi. İlham Əliyevin cavabı “soyuq duş” effekti yaratdı. “Müstəqil mətbuat yoxdur dünyada” sözü Eminin sahiblərinə, anti-Azərbaycan dairələrə göndərilən sərt ismarış kimi dəyərləndirilə bilər.

Çirkin və düşməncə missiya

İlham Əliyev dünyanın “müstəqil mətbuatını” yaxşı tanıyır. Onlara bələddir. 44 günlük Müharibə vaxtı 30-a yaxın beynəlxalq mediaya müsahibə verib Azərbaycan Prezidenti. O media orqanlarının qərəzli suallarını, ədalətsiz yanaşmalarını Azərbaycan xalqı yeddidən yetmişə görüb, eşidib. İlham Əliyevin cavabları isə ictimaiyyətdə böyük rəğbətlə qarşılanırdı. Müharibə vaxtı Prezident Əliyev yalnız Silahlı Qüvvələrin Ali Baş komandanı deyildi, həm də informasiya cəbhəsinin Ali Baş Komandanı funksiyasını icra edirdi. Beynəlxalq media adı ilə kamuflyaj olunmuş şəbəkə son çırpıntılarını “France24” kanalının müxbirinin timsalında etdi, İlham Əliyev tərəfindən dərhal cavabını aldı.

(Prenizent İlham Əliyev “France 24”-ə müsahibə verir)

Hər kəs yaxşı bilir ki, Eminin dərdi demokratiya və söz azadlığı deyil. O, çirkin və Azərbaycana münasibətdə düşməncə bir missiyanı yerinə yetirir. Vəssalam! Azad mətbuat, demokratiya isə çirkinliyi ört-basdır etmək üçün istifadə olunan kosmetik vasitədir.

Hüseynovlar necə təkərə düşdü?

Birinci vitse-prezident Mehriban Əliyevanın ona cavabı isə mahiyyətin açılması, hətta deyərdim, nöqtə zərbəsi sayıla bilər. Mehriban xanım elə bir diplomatik gediş edib ki, Hüseynov qardaşları 3 gündür izahat verirlər ki, Emin qadın paltarında səfirlikdə gizlənməyib. Bu izahlar, açıqlamalar mahiyyəti dəyişmir… Emin özünün rəzalətini ört-basdır etmək üçün dünən axşam açdığı canlı proqramda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü belə təhqir etməkdən çəkinməyib.

Xüsusi xidmət – xüsusi xislət

Emin və Mehman Hüseynov qardaşlarının xarici xüsusi xidmət orqanlarına çalışdıqları haqda iddialar yeni deyil. Bu iddialar zaman-zaman səsləndirilir, yazılır. Xarici xüsusi xidmətə çalışmaq Vətənə xəyanətdir. Sən hakimiyyətə müxalif olmaq adı altında Azərbaycanın maraq və mənafeyini zərbə altına salırsansa, ölkənin gündəmini, hədəfini dəyişməyə çalışırsansa, mahiyyətini çılpaqlığı ilə açıb ortaya qoyursan. Bu həm də xüsusi xislət məsələsidir.

300 min avroluq “monitorinq”

Emin Hüseynov Münxendəki missiyasını “uğurla” başa vurduqdan sonra nəyə nail olacaq? Hansı mükafatı alacaq? Qərb fondlarından yenə yüksək məbləğdə qrant əldə edə biləcək? Xatırladaq ki, E.Hüseynov Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri kimi Bakıda yaşadığı vaxtlarda xarici donorlardan fantastik məbləğdə qrantlar alıb. Məsələn, təxminən 15 il öncə o, 300 min avroluq layihə keçirmişdi. Bu layihənin bir məqsədi vardı: yerli telekanalların monitorinqi. Belə bəsit işə görə Soros Fondu adama niyə 300 min avro versin? O qrant layihəsi ilə Münxen küçələrindəki hərəkəti arasında əlaqə var. Onu neçə illərdir boşuna bəsləmir xaricdəki sahibləri. Vaxtı gələndə əlinə telefon verib, küçələrə salırlar. “Get İlham Əliyevə bu sualları ver”, “Azərbaycanın gündəmini dəyiş” deyib, təlimatlandırırlar.

Emin Hüseynov sözügedən 300 minlik layihəyə gənc xanım jurnalistləri cəlb etmişdi. Axırda da onlara vəd etdiyi qonorarı verməkdən yayındı. Böyük qalmaqal düşdü. Qarşılıqlı ittihamlar səsləndirildi.

Paketdən yeni açılmış isim

İki gün öncə Globinfo.az-ın müxbiri fəaliyyəti dayandırılmış “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevdən Emin Hüseynov haqda açıqlama almışdı. E.Hüseynov vaxtilə o agentlikdə çalışıb. Sonralar elə Mehman Əliyevin yaxından dəstəyi ilə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu adlı təşkilat yaratdı. Eminin hüquq müdafiəçisinə çevrilməsi gözlərimizin önündə baş verib. O vaxt bir boşluq yaranmışdı. Boşluğu doldurmaq üçün isə “paketdən yeni açılmış” ada, personaya ehtiyac vardı. O “vakuumu” Eminlə doldurdular. O da üzərinə qoyulan rolu məharətlə oynayırdı.

Həvəskar fotoqraflıqdan “fədakar” jurnalistliyə

Mehman Əliyev əməkdaşımıza açıqlamasında iki mühüm məqama toxunub. Birincisi, etiraf edib ki, Eminin jurnalist keçmişi, fəaliyyəti olmayıb. M.Əliyev burda həqiqəti deyib. Emin Hüseynov daha çox həvəskar fotoqraf kimi “Turan”la əməkdaşlıq edirdi. Parlaq media fəaliyyətinə rast gəlinməyib. Qardaşı Mehman Hüseynov da həvəskar fotoqraf qardaşının yanında gəzir, maraq dolu baxışlarla ətrafı seyr edirdi… Bunu o dövrdə mediada çalışmış istənilən həmkarımız təsdiqləyə bilər.

Mehman Hüseynov və Emin Hüseynov

2003-cü ilin 16 oktyabrında Azadlıq meydanında iğtişaşlar zamanı qarışıqlıqda Eminə də bir-iki “dubinka” dəymişdi. Belə hadisələr istənilən ölkədə yaşanır. Bunu xüsusi qabartmaq, böyütmək bəlli məqsədə xidmət edir. Emin Hüseynov 2003-cü il hadisələrinə görə həbs edilən müxalifət rəhbərlərinin məhkəmə prosesində şahid kimi iştirak edirdi. Bu da kifayət qədər maraqlı epizoddur…

Səfirliklərə ötürülən xüsusi bülletenlər

Mehman Əliyevin növbəti etirafı isə “Turan” məktəbi haqdadır. Deyib ki, bu məktəbdə çox jurnalist, redaktor yetişib. Xeyli dərəcədə mübahisəli fikir olsa da, Mehman bəyin bu sözlərinə dözümlü yanaşırıq. “Turan” daha çox siyasi-iqtisadi və politoloji analitika ilə məşğul olurdu. Bir neçə səfirlik, xarici şirkət “Turan”ın abunəçisi idi – gündəlik informasiya bülleteni satırdı agentlik onlara. Bir növ, kəşfiyyat xidməti funksiyası yerinə yetirilirdi. Əslində “Turan” da xarici qrantlarla bəslənən bir media olub. Amma göründüyü kimi, o “məktəbdən” sağlam ruhda olmayan “şagirdlər” də çıxıb. Hazırda xaricə sığınıb ölkəsinin maraqlarına qarşı düşmənçilik edən iki nəfər – Emin və Mehman Hüseynovlar Mehman Əliyevin “məktəb” adlandırdığı o agentliyin yetirmələridir. 44 günlük müharibə vaxtı Emin Hüseynovun göstərdiyi “performans” isə heç vaxt unudulmur. Ordumuza, dövlətimizə qarşı elə mövqe tutmuşdu, bəlkə Araik Arutyunyan belə etmirdi.

Məncə, hər gün əxlaq terroru ilə məşğul olan, xarici xüsusi xidmət orqanları ilə adı hallanan, başqa ölkənin diplomatları ilə şübhəli münasibətlər quran, ən kritik vəziyyətlərdə Azərbaycana dönüklük edən “məzunlarla” fəxr edilməməlidir. Belə “yetirmələrə” görə cəmiyyətdən üzrxahlıq etmək daha kübar hərəkət sayılar… (Globinfo.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
demokrat.az

2Источники