Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Ankara, 18 fevral, AZƏRTAC
Türkiyənin TPAO dövlət neft şirkəti ilə Böyük Britaniyanın “Shell” şirkəti arasında Bolqarıstanın Qara dəniz zonasında yerləşən perspektivli “Khan Tervel” blokunun tədqiqi və işlənməsi üzrə tərəfdaşlıq haqqında saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənəd Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə imzalanıb.
Razılaşmanı şərh edən nazir bildirib ki, yeni sazişə uyğun olaraq TPAO Bolqarıstanın müstəsna iqtisadi zonasında neft və qazın kəşfiyyatı üçün beş il müddətinə lisenziya alacaq. Bununla da, TPAO ümumi sahəsi 3 min 800 kvadratkilometr olan Qara dənizin Bolqarıstan sektorunda operator şirkət statusuna malik “Shell” şirkətinin tərəfdaşı olacaq.
Qeyd edək ki, “Khan Tervel” bloku Türkiyənin “Sakarya” qaz yatağının yaxınlığında yerləşir. “İlkin olaraq seysmik işlərin aparılması planlaşdırılır, bundan sonra isə ehtimal ki, artıq gələn il kəşfiyyat quyusu qazılacaq”, – deyə nazir əlavə edib.
Alparslan Bayraktar vurğulayıb ki, “Shell” ilə saziş TPAO-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi siyasətinin bir hissəsidir.
Xatırladaq ki, TPAO ilin əvvəlindən dünyanın bir sıra aparıcı neft-qaz şirkətləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb. Türkiyənin dövlət şirkəti yanvarın 5-də “ExxonMobil”, fevralın 5-də “Chevron”, fevralın 12-də isə bp ilə müqavilə bağlayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.