Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə ölkədə süni intellektin (Sİ) inkişafı və rəqəmsal transformasiyaya dair 11 fevral 2026-cı il tarixində keçirilmiş müşavirədən irəli gələn vəzifələrə uyğun olaraq Biləsuvar rayonunda dövlət idarəçiliyinin rəqəmsal transformasiyasını sürətləndirmək və kadr potensialını müasir standartlara uyğunlaşdırmaq məqsədilə rayonda fəaliyyət göstərən dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının əməkdaşları üçün genişmiqyaslı rəqəmsal savadlılıq təlimləri keçirilib.
“İki sahil” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Innovation and Digital Development Agency nin (İRİA) birgə təşkilatçılığı ilə keçirilən təlimlərin rəsmi hissəsində çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və İRİA-nın İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyahyayev rəqəmsallaşmanın müasir idarəetmədəki strateji rolunu vurğulayıblar. Qeyd olunub ki, rəqəmsal keçid sadəcə texnoloji yenilik deyil, həm də vətəndaşlara göstərilən xidmətlərin şəffaflığı və operativliyinin təminatıdır.
Gün boyu davam edən intensiv proqram çərçivəsində iştirakçılar rəqəmsal dünyanın ən aktual istiqamətləri üzrə həm nəzəri, həm də praktik biliklərə yiyələniblər:
Süni İntellekt (Sİ) və Gündəlik İş Prosesləri adlı təlimdə Milli Süni İntellek mərkəzinin Süni intellekt üzrə məzmun yaradıcısı Mamed Qurbanov irakçılara süni intellekt alətlərinin sənəd dövriyyəsində, məlumatların analizində və vaxtın səmərəli idarə edilməsində necə tətbiq olunacağı əyani şəkildə nümayiş etdirib. Süni intellektin dövlət qulluqçusunun "rəqəmsal köməkçisinə" çevrilməsi yolları müzakirə olunub.
Kibertəhlükəsizlik və Məlumatların Mühafizəsi ilə əlaqədar təşkil olunana təlimdə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin qrup rəhbəri Gülnar Mirhüseynova dövlət informasiya sistemlərinin kiberhücumlardan qorunması, "fayrvoll" sistemlərinin iş prinsipi və dövlət sirri daşıyan məlumatların rəqəmsal mühitdə təhlükəsiz saxlanılması üsulları barədə ətraflı danışıb.
Sosial Mühəndislik və Hücum Növləri ilə bağlı isə İnformasiya təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov tərəfindən müasir dünyada ən çox rast gəlinən manipulyasiya üsulları və sosial mühəndislik hücumlarından qorunma yolları izah edilib. "İnsan faktoru"nun kibertəhlükəsizlik zəncirindəki ən həssas bənd olduğu və fərdi ayıq-sayıqlığın əhəmiyyəti xüsusi vurğulanıb.
Bulud Texnologiyaları və Kollektiv İş adlı təlimdə isə Milli Süni İntellek mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Xanım Hacıyeva tərəfindən ofis alətlərinin rəqəmsal versiyalarından istifadə edərək eyni sənəd üzərində bir neçə şöbənin eyni vaxtda və koordinasiyalı şəkildə çalışmasının səmərəsi iştirakçılara aşılanıb.
Təlimin sonunda vurğulanıb ki, bu biliklər Biləsuvarda "Ağıllı idarəetmə" modelinin təməlini qoyur və kadrların rəqəmsal çevikliyini artıraraq idarəetmədə şəffaflığı təmin etməklə sənəd dövriyyəsinin daha sadə və səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradır.
İştirakçıların marağına səbəb olan tədbir müzakirələr və xatirə fotosunun çəkilişi ilə yekunlaşıb.