RU

“Bu şərtlər altında avrokubok qazanmaq...” Arda Turan “Şaxtyor”da gördüyü işlərdən və hədəflərindən danışdı

ain.az, Footbal-plus saytına istinadən bildirir.

Məşqçi kimi Türkiyədən kənarda ilk təcrübəsini yaşayan və Ukrayna nəhəngi “Şaxtyor”un başında heç də pis nəticələr əldə etməyən Arda Turan klubun rəsmi “yutub” səhifəsinə açıqlamalar verib. Donetsk klubu Konfrans Liqasında əsas mərhələni 6-cı pillədə tamamlayaraq 1/8 finala vəsiqə qazanıb. Ukrayna çempionatında isə “Şaxtyor” 16 turdan sonra 35 xalla LNZ ilə ilk iki pilləni bölüşür. Sözü verək 38 yaşlı mütəxəssisə.* İndiyə kimi yeni işimdə ciddi bir problem yaşadığımı deməzdim. Bu da sizin və böyük “Şaxtyor” ailəsinin sayəsində mümkün olub. Məni məmnuniyyətlə bu ailəyə qəbul etdiz, bu komandanı çalışdırmaq fürsəti verdiz və buna görə də hər birinizə təşəkkür edirəm. Mövsümün ikinci hissəsinə hazırlıq tam sürətlə davam edir. “Şaxtyor”un bu heyəti əvvəlki illərdəkindən çox fərqlənir. Çünki indi gənc və perspektivli futbolçular təcrübəlilərdən çoxdu. Bu qədər gənc ilə çalışmaq mənim üçün də yeni bir təcrübədi. Onlarla birlikdə mən də bəzi şeylər öyrənirəm. Düzdü, bəzi matçlarda daha yaxşı performans sərgiləyə bilərdik. Yəni mövqeyimiz daha yaxşı ola bilərdi. Amma oyunçularımdan razıyam. * “Şaxtyor”un onsuz da həmişə öz oyun üslubu və futbol mədəniyyəti olub. Bu komanda həmişə baxımlı, gözəl və estetik futbol sərgiləyib. Biz də bu üslubu saxlamaq şərtilə ona yeni şeylər əlavə etməyə cəhd göstərdik. Müdafiəyə daha çox önəm vermək, daha aqressiv olmaq, topla və topsuz oyunda daha hərəkətli olmaq kimi məqamları nəzərdə tuturam. Məncə, bunu heç də pis bacarmırıq. İlk dövrədə cəmi 13 qol buraxdıq ki, bunların da 7-ni LNZ və “Karpatı” ilə oyunlarda buraxmışıq. Müdafiədəki oyunumuzdan ümumilikdə razıyam. Oyunçularımın inkişafı məni sevindirir. Ancaq bəzi psixoloji məqamlar problem yaradır. Bir çox oyunçumuz evindən uzaqda yaşayır. Elə ukraynalı futbolçular üçün də şərtlər çox çətindi. Buna rəğmən, oyunlara yaxşı köklənirlər və mənim komandaya aşılamaq istədiyim oyun fəlsəfəsini həyata keçirməyə çalışırlar. * Matçların bəzi bölümlərində daha düzgün oynamağa çalışmalıyıq. Ən çox narazı qaldığım məqam isə qol fürsətlərinin asanlıqla əldən verilməsidi. Qol vəziyyəti yaratmaq baxımından heç bir problem yaşamırıq. Bəlkə də elə əsas sıxıntı burdan başlayır. Çünki fürsət asanlıqla ələ düşdüyü üçün onun dəyərini bilmirik. Bu məqamın üzərində yaxşıca çalışmalıyıq. Oyunçuların fiziki durumundan və oyun ərzində qət etdikləri məsafədən razıyam. Hərçənd ağır məşqlər bəzi futbolçulara sıxıntı yaradır. Çünki bu qədər templi məşqlərə alışmayıblar. Pillə-pillə irəliləməyə çalışmalıyıq. İndidən mövsümün sonunu düşünmək yersizdi. Hər ötən günü çempionluğa doğru atılmış yeni bir addım kimi görməliyik. * İstəyirəm ki, rəqiblərimiz bizə qarşı oyunda meydanda ağalıq edə bilməyəcəklərini anlasınlar. Topa bizdən daha çox sahib olmayacaqlarını bilsinlər. Meydanın hər yerində biz ağalıq etməliyik. “Şaxtyor”un forması özünəməxsus ruha və ağırlığa malikdi. Bunu oyunçularıma da hiss etdirməyə çalışıram. Liderlərimizin yeri gələndə çəkinmədən məsuliyyəti üzərlərinə götürmələrini istəyirəm. Çünki futbolda taktika qədər klubun öz mentallığı da önəmlidi. Bəzən ən yaxşı oyununu sərgiləməsən də, həmin o mentallıq sənə qələbə qazandırır!* Ukrayna çempionatında taktiki gedişlərin səviyyəsi məni yaxşı mənada təəccübləndirdi. Köhnə stadionlardan tarix iyi gəlir. Elə yeni stadionlar da öz ruhunu itirməyib. Eləcə də müharibəyə və ağır şərtlərə baxmayaraq, adamların futbol sevgisi də məni təəccübləndirdi. Bu olaylar bitəndən sonra Ukrayna futbolunun yenidən yüksəlişə keçəcəyinə inanıram. Burda federasiya prezidenti önəmli işlər görür. Yığma da, məşqçisi də güclüdü. DÇ-2026-nın pley-offunda bütün qəlbimlə Ukraynanı dəstəkləyəcəm. * Az öncə də dediyim kimi bəzi matçlarda fürsətləri daha yaxşı dəyərləndirsəydik, ilk dövrəni böyük fərqlə lider tamamlayardıq. İkinci pillə məni qane etmir! Bunu futbolçularıma da söyləmişəm. Hədəfimiz yalnız çempionluqdu. İlk 6 ayda diqqəti əsasən futbolçuların inkişafına yönəltmişdik. Önümüzdəki üç ayda isə tam diqqəti nəticələrə yönəldəcəyik. Artıq bu klubda hər kəs yalnız çempionluq haqda düşünməlidi. Avropa Liqasının təsnifatında cəmi iki qol buraxdıq. Onları da “Beşiktaş”dan. Amma çox da irəliləyə bilmədik. Məni üzən də məhz budu. “Panatinaikos”la hər iki oyunda üstün tərəf biz idik. Bəlkə də mübarizəni KL-də davam etdirməyimiz gənc oyunçularımız üçün daha yaxşı oldu. Avropa ilə bağlı böyük arzularımız var. KL-i qazanmaq istəyirik və bunu inkar etmirik. Bu şərtlər altında avrokubok qazanmaq təkcə futbol yox, ümumilikdə idman tarixinə düşən hadisə olar. Çünki oyunçularımız faktiki həyəcan siqnalı altında yaşayır. Ona görə də qazanılacaq avrokubok tarixin ən böyük uğurlarından biri olacaq. * Çətinliklərimiz çox olsa da, mən işin pozitiv tərəfinə baxmağa çalışıram. Hər şeydan öncə futbolçulara insan kimi yanaşıram. Onların təkcə yaxşı futbolçu yox, həm də yaxşı insan olmasını istəyirəm. Çünki həyat yalnız futboldan ibarət deyil. Həyatda hər şey qaydasında ikən addımlamaq asandı. Əsl məsələ çətin şərtlər altında addımlamağı bacarmaqdı. ƏLİ RAUFOĞLU hazırladı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
68
1
icma.az

2Источники