RU

“Bir uşaq, bir dünya”: Düzgün qidalanma və hərəkətlilik mövzusu müzakirə olundu

“İki Sahil TV”də yayımlanan “Bir uşaq, bir dünya” verilişində uşaqların düzgün qidalanması və sağlam həyat tərzi mövzusu ətrafında geniş müzakirə aparılıb. Verilişin aparıcısı, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva bildirib ki, bu gün cəmiyyətimizi düşündürən ən aktual problemlərdən biri uşaqların düzgün qidalanmamasıdır.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, müasir dövrdə sürətli həyat tərzi, hazır və emal olunmuş qidaların artması, həmçinin valideyn nəzarətinin zəifləməsi uşaqların sağlam inkişafına mənfi təsir göstərir. Statistik göstəricilər son illərdə uşaqlar arasında artıq çəki, piylənmə, vitamin və mineral çatışmazlığının artdığını göstərir. Xüsusilə fast-food məhsulları, qazlı içkilər və yüksək şəkər tərkibli qidalar gündəlik menyuda üstünlük təşkil edir. Halbuki böyümə dövründə olan orqanizm üçün zülal, vitamin və mineral baxımından balanslı qidalanma həyati əhəmiyyət daşıyır.

Verilişin qonağı pediatr həkim Aytən İsmayılzadə isə qeyd edib ki, problem təkcə uşaqlarla məhdudlaşmır, böyüklərdə də oxşar hallar müşahidə olunur və bunun fəsadları getdikcə daha qabarıq görünür. Həkimin sözlərinə görə, uşaqlarda piylənmənin əsas səbəblərindən biri hərəkətsizlikdir. O bildirib ki, hərəkət insanın bioloji ehtiyacıdır və norma aktivlikdir.

"Hətta yeni doğulmuş uşaq belə aktiv olur və bu, sağlam inkişafın göstəricisidir. Lakin sonrakı dövrlərdə valideynlər özləri uşağın hərəkətini məhdudlaşdırır, onu daha çox oturaq həyat tərzinə yönəldirlər. Telefon və planşet istifadəsinin artması, açıq havada oyunların azalması isə əlavə problemlərə yol açır".

Verilişdə qeyd olunub ki, düzgün qidalanma ilə yanaşı, müntəzəm fiziki aktivlik də uşaqların sağlam inkişafının əsas şərtlərindən biridir. Maarifləndirmə tədbirlərinin davam etdirilməsi və valideynlərin bu sahədə daha diqqətli olması zəruri hesab edilib.

 

 

Pərvanə Fərhadqızı

Избранный
27
qht.az

1Источники