RU

Müasir texnoloji həllər Azərbaycanın su təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır – ŞƏRH

Bakı, 19 fevral, Pərvanə Qafarova, AZƏRTAC

Elmi əsaslı yanaşmalar və müasir texnoloji həllər Azərbaycanın su ehtiyatlarının davamlı təminatında və su təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır. Hidrogeoloji modelləşdirmə, rəqəmsal xəritələşdirmə və GIS texnologiyaları su ehtiyatlarının daha dəqiq qiymətləndirilməsinə, risklərin proqnozlaşdırılmasına və səmərəli planlaşdırmaya imkan yaradır.

Bu barədə AZƏRTAC-a açıqlamasında geoloji mühəndislik və hidrogeologiya üzrə ixtisaslaşmış layihə meneceri, hidrogeoloq Fikrət Dünyamalıyev bildirib.

Fikrət Dünyamalıyev bildirib ki, su anbarları su ehtiyatlarının tənzimlənməsi və mövsümi qeyri-bərabərliyin kompensasiya olunmasında strateji əhəmiyyət daşıyır. “Su anbarları daşqın sularının idarə olunması, quraqlıq dövrlərində su təminatının sabit saxlanılması, kənd təsərrüfatı, içməli su və energetika sektorlarının tələbatının ödənilməsi baxımından mühüm funksiyalar yerinə yetirir. Bu obyektlərin elmi əsaslarla istismarı və müasir monitorinq sistemləri su itkilərinin azaldılmasına və ekoloji tarazlığın qorunmasına xidmət edir”, - deyə Fikrət Dünyamalıyev qeyd edib.

Hidrogeoloq vurğulayıb ki, kənd təsərrüfatında innovativ suvarma texnologiyalarının, o cümlədən damcı suvarma və ağıllı sulama sistemlərinin tətbiqi suyun səmərəli istifadəsini təmin etməklə su ehtiyatlarının qorunmasına əhəmiyyətli töhfə verir. Bu yanaşmalar suyun tələbat əsasında paylanmasını təmin edir, israfın qarşısını alır və su ehtiyatlarının dayanıqlı istifadəsini gücləndirir.

F.Dünyamalıyevin sözlərinə görə, mövcud infrastrukturun modernləşdirilməsi və ağıllı monitorinq sistemləri ilə birlikdə, su anbarları və innovativ suvarma texnologiyaları üzrə kompleks idarəetmə yanaşmaları uzunmüddətli perspektivdə ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsində əsas amillərdən biridir.

Избранный
93
1
azertag.az

2Источники