RU

İspaniyada lüks otellərə 1 qəpik ödəyərək qalan haker SAXLANILDI

İspaniyada lüks otellərə 1 qəpik ödəyərək qalan haker saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə İspaniya KİV-ləri məlumat yayıb.

İspaniyada bahalı otellərdə otaq sifariş edərək onlara cəmi 0,01 avro (təxminən 0,02 manat) ödəyən 20 yaşlı haker saxlanılıb.

Polisin məlumatına görə, o, onlayn sifariş platformasındakı ödəniş sistemini manipulyasiya edərək, faktiki olaraq cəmi bir sent ödəniş etməsinə baxmayaraq, sifarişlərinin tam ödənilmiş kimi görünməsinə nail olub.

Onun bu əməlləri nəticəsində otellərə dəyən ümumi ziyanın 20 min avrodan (təxminən 40 264 manat) çox olduğu bildirilir.

Gənc haker sonuncu dəfə Madridin məşhur “Ritz” otelində, bir gecəsi bir neçə min avro olan lüks nömrədə qalıb.

Məhz həmin nömrədən “Instagram”da fotolar paylaşmağa başladıqdan sonra kiber-cinayətkarlıqla mübarizə bölməsinin əməkdaşları onun yerini müəyyən edərək həbs ediblər.

Araşdırmalar fevralın əvvəlində sifariş xidmətindən daxil olan “şübhəli fəaliyyət” siqnalından sonra başlayıb.

Yoxlamalar zamanı məlum olub ki, bir sıra sifarişlər üzrə sənədlərdə böyük məbləğlər göstərilsə də, əslində hesaba cəmi bir sent köçürülüb.

Saxlanılan şəxs ifadəsi alındıqdan sonra sərbəst buraxılsa da, istintaq davam edir. Hüquq-mühafizə orqanları bu sxemdən daha nə qədər otelin zərər çəkdiyini araşdırır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
56
interpress.az

1Источники