RU

Bakıda mənzillərin qiymətində kəskin bahalaşma

Son illər Bakı şəhərinin mərkəzi rayonlarında mənzil qiymətləri kəskin artıb. Təxminən 5 il əvvəl Bakıda yeni tikili binalarda mənzillərin kvadratmetr qiyməti 1 500-2500 manat arasında, maksimum isə 3000 manat civarında dəyişirdi. Hazırda isə 2800-6 000 manata qədər bahalaşıb.

Belə kəskin bahalaşma ipoteka ilə ev almağı da çox çətinləşdirib. Əvvəl aylıq ödəniş 1000 manat civarında olurdusa, indi 2 500-3 000 manat aralığına qalxıb. Faizlərin böyük məbləğlər təşkil etməsi isə vəziyyəti daha da mürəkkəbləşdirir.

Bu qiymət artımı bazar səbəbləri ilə bağlıdır, yoxsa məqsədli siyasətin nəticəsi ola bilər? Orta maaşlı insanlar Bakıda ev almaq üçün hansı alternativlərə müraciət edə bilər? Dövlətin bu vəziyyətdə qiymətləri tənzimləmək üçün nə kimi addımlar atması mümkündür?

“Yeni Sabah” bildirir ki, mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd edib ki, daşınmaz əmlak bazarında ciddi qiymət artımları müşahidə olunur. Bu, evsiz vətəndaşlar üçün mənzil almağı çətinləşdirir.

Onun sözlərinə görə, ipoteka kreditləri ilə mənzil alanların vəziyyəti də ağırlaşıb: “Əgər 10 il əvvəl əmək haqqı ilə ipotekalı mənzil almaq mümkün idisə, bu gün qiymətlərin artması və minimal yaşam xərclərinin yüksək olması vətəndaşların ipoteka krediti götürməsini çətinləşdirir. Hazırda güzəştli ipoteka kreditlərində maksimal limit 100 min manat, adi ipotekalarda isə 150 min manatdır. Bakının mərkəzi və mərkəzə yaxın ərazilərində 1 otaqlı yeni tikili mənzillərin qiymətləri 150-250 min manat arasında dəyişir. Otaq sayları artdıqca qiymətlər də əhəmiyyətli şəkildə yüksəlir. Köhnə tikililərdə də qiymət artımları müşahidə olunur. Qiymət artımının səbəbləri arasında torpaq sahələrinin baha olması və şəhərsalma qaydaları ilə bağlı tikinti əmsalının azalması göstərilir”.

Ekspert qeyd edib ki, əvvəllər 1 hektar torpaq üzərində 60-70 min kvadratmetr tikinti mümkün idisə, hazırda 23 min, maksimum 27 min kvadratmetrə qədər tikinti işləri aparmaq olar: “Nəticədə, tikinti şirkətləri mənzilləri daha yüksək qiymətə satışa çıxarır. Dövlət tərəfindən vətəndaşların mənzil problemi ilə bağlı bir sıra layihələr həyata keçirilir. Mənzil İnşaatı Dövlət Agentliyinin satışa çıxardığı mənzillər daha ucuz qiymətə təklif olunur. Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məcburi köçkünlər üçün nəzərdə tutulan mənzilləri satışa çıxarır. Bu, evsiz vətəndaşların mənzil problemlərinin həllinə nisbətən kömək edir”.

E.Fərzəliyev əlavə edib ki, 5 ildən artıqdır azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti və bərpa işləri həyata keçirilir: “Bu proses nəticəsində iş üçün paytaxta gələn insanların sayı azalır və əksinə, iş imkanları üçün azad olunmuş ərazilərə üz tutanların sayı artır. Məcburi köçkünlər üçün inşa edilən mənzillər mərhələli şəkildə sakinlərə təqdim olunur. Bu isə dövlət tərəfindən əvvəllər onlara verilmiş mənzillərin geri alınmasını və yaxın gələcəkdə minimal qiymətlərlə satışa çıxarılmasını mümkün edir. Nəticədə paytaxta tələbat azalır, bu isə mənzillərə tələbatın və qiymətlərin stabilləşməsinə səbəb ola bilər.

Hazırda əmlak bazarındakı qiymətlər süni şəkildə artırılır. Orta və ya minimal əmək haqqı ilə yaşayan əhali üçün mənzil sahibi olmaq praktiki olaraq mümkün deyil.

Yaxın gələcəkdə sosial layihəli mənzillərin tikintisi genişləndirilsə və əmək haqlarında artım müşahidə edilərsə, vətəndaşlar mənzil problemlərini aradan qaldıra bilərlər”.


Telegram kanalımız
Избранный
65
1
yenisabah.az

2Источники