RU

“Türk musiqisi dünyası” adlı konsert proqramı təqdim olundu - FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Türk musiqisi dünyası" adlı konsert proqramı keçirildi.

Tədbirdə F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu (xormeyster Azərbaycan Respublikasının Əməkdar artisti Naala Baratelia) və Azərbaycan Dövlət Simli Kvarteti - Nəzrin Aslanlı (skripka), Xəyalə Abdullayeva (skripka), Vaxtanq İmanov (alt), Əməkdar artisti Aleksey Mıltıx (violonçel) çıxış edərək dinləyicilərə rəngarəng musiqi palitrası təqdim etdilər.

Kollektivləri Anar Vəlizadə (balaban) və Cəfər Həsənov (nağara) müşayiət edirdi. Konsertdə türkdilli xalqların zəngin folklor irsini əks etdirən Azərbaycan, türk, qazax, qırğız, türkmən və özbək xalq mahnıları səsləndirildi.

Proqramda təqdim olunan xalq mahnılarının işləmələri tanınmış bəstəkar Rüfət Xəlilova məxsusdur. Konsertin əvvəlində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nailə Məmmədova çıxış edərək türk xalqlarının qədim zamanlardan bəri zəngin və çoxşaxəli mədəniyyətə malik olduqlarını vurğuladı.

Musiqili gecədə Səbinə Əlizadə (soprano) Azərbaycan xalq mahnısı "Girdim yarın bağçasına", Orxan Əlizadə (tenor) isə türk xalq mahnısı "Çanakkale içinde"ni səsləndirərək öz parlaq ifaları ilə dinləyicilərin rəğbətini qazandılar. Xüsusilə Üzeyir Hacıbəylinin "Çırpınırdın Qara dəniz" əsərinin ifası gecənin emosional zirvələrindən biri oldu.

"Türk musiqisi dünyası" konserti türkdilli xalqların ortaq mədəni irsini, musiqi ənənələrinin zənginliyini və birliyini əks etdirən yüksək səviyyəli sənət bayramı kimi yadda qaldı.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
52
milli.az

1Источники