Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının mühüm mexanizmlərindən biri kimi fəaliyyət göstərir. Şuranın əsas missiyası ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının qorunması sahəsində həyata keçirilən dövlət siyasətinə ictimai nəzarətin təmin edilməsi, habelə bu sahədə ictimai rəyin formalaşdırılmasına töhfə verməkdir. Ötən il İctimai Şura olaraq bu istiqamətdə bir sıra mühüm tədbirlər keçirmişik. Həmin tədbirlərdən bir neçəsini xüsusi qeyd etmək istəyirəm.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şura üzvləri regionlara səfərlər edərək yerli icra strukturlarında görüşlər keçirib, ailə və uşaq problemləri ilə bağlı real vəziyyəti yerində öyrəniblər. Xüsusilə ucqar bölgələrdə erkən nikah hallarının qarşısının alınması, məktəbdən yayınma məsələləri diqqət mərkəzində saxlanılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İctimai Şura və “Qadın Vəkillər Alyansı”nın təşkilatçılığı ilə Gədəbəy rayonunda sakinlərlə keçirilən görüşün məqsədi onları narahat edən məsələlərlə tanış olmaq, ailədə, məişətdə, dövlət strukturları ilə üzləşdikləri çətinlikləri öyrənmək, təmənnasız hüquqi yardım göstərmək, problemlərinin operativ həlli yollarını tapmaq idi.
Ötən ilin dekabrında İctimai Şuranın təşəbbüsü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ailədə təhlükəsiz həyatın qurulmasında dövlət-vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirdik. Məqsəd vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində qadın və qızlara qarşı zorakılıq probleminə cəmiyyətin diqqətini artırmaq, bu sahədə maarifləndirmə işini gücləndirmək və zorakılığın qarşısının alınması üçün birgə fəaliyyət mexanizmlərini müzakirə etmək idi.
Komitə və İctimai Şuranın birgə təşkilatçılığı ilə Ümumdünya Əhali Gününə həsr olunmuş “Azərbaycanda gender əsaslı cins seçimi və gender balansının pozulması: mövcud çətinliklər və çıxış yolları” mövzusunda ictimai müzakirə də həmin tədbirlərdən biridir.
Ötən dövrdə İctimai Şura tərəfindən sosial mediada və kütləvi informasiya vasitələrində maarifləndirici çıxışlar yayımlanıb. Bu fəaliyyət cəmiyyətdə ailə dəyərlərinə həssas yanaşmanın formalaşmasına və qadın-uşaq hüquqlarının müdafiəsi mövzusunda ictimai diskussiyanın genişlənməsinə xidmət edib. Bununla yanaşı, sahə üzrə gündəmin əsas hadisələrinə İctimai Şuranın sədri olaraq həm mətbuatda, həm də sosial mediada açıqlamalar etmişəm.
İctimai Şuranın üzvləri Vətən Müharibəsində qəhrəmancasına həlak olmuş Şəhidlərimizin anım və doğum günü tədbirlərində də yaxından iştirak edir, onların əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildirirlər.
İctimai Şura üzvləri, həmçinin ötən il “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” layihəsinin hazırlanması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təkliflər verib, layihənin müzakirəsində iştirak ediblər.
İctimai Şura Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi bütün tədbirlərdə yaxından təmsil olunub. Eyni zamanda Komitə İctimai Şuranın fəaliyyəti üçün hər cür dəstəyi göstərib.
Qarşıda yeni vəzifələr var. Əsas məqsədimiz ailə institutunun möhkəmləndirilməsi və həssas qrupların müdafiəsi istiqamətində real və davamlı fəaliyyəti daha da gücləndirməkdir. Şuranın fəaliyyətinin və ictimai təsir imkanlarının genişləndirilməsi bu sahədə dövlət siyasətinin effektivliyini artıracaq mühüm amillərdən biri olacaq.
Firuzə Nadir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri