RU

“Sosial və güzəştli ipoteka proqramlarının hədəfli genişləndirilməsi orta gəlirli ailələrin əlçatanlığını artıra bilər”

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

2025-ci ilin yekununda Azərbaycanda kirayə qiymətləri 2024-cü ilin yekunu ilə müqayisədə 7,8 % çox olub. Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"nda bildirilir. Sənədə əsasən, adı çəkilən xidmət üzrə qiymətlərin artım tempi ötən ilin ortalarında nisbətən aşağı düşsə də, sentyabrdan yüksəlib. Bundan başqa, hesabat dövründə ilkin mənzil bazarında qiymətlər orta hesabla 12,7 %, təkrar mənzil bazarında isə 12,2 % artıb.Kirayə və mənzil bazarındakı qiymət artımı ümumi inflyasiya göstəricilərinə nə dərəcədə təsir edir?Orta gəlirli ailələr üçün hansı riskləri yaradır?Dövlət tərəfindən bazarın sabitləşdirilməsi üçün hansı addımlar atıla bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, mənzil bahalaşdıqca kirayə bazarında da qiymətlər yuxarı yönlü formalaşır: “Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanan göstəricilər kirayə və mənzil qiymətlərində artımın ümumi inflyasiyaya birbaşa təsir etdiyini göstərir. İstehlak səbətində mənzil kirayəsi və mənzillə bağlı xərclər mühüm paya malikdir. Kirayə qiymətləri artdıqca bu, xidmət inflyasiyasını yüksəldir və ümumi qiymət indeksinə təzyiq edir. İlkin və təkrar mənzil bazarında qiymətlərin iki rəqəmli artımı isə həm gözləntilər kanalı ilə, həm də tikinti və ipoteka xərcləri vasitəsilə inflyasiya mühitini qidalandırır. Mənzil bahalaşdıqca kirayə bazarında da qiymətlər yuxarı yönlü formalaşır və bu proses qarşılıqlı şəkildə bir-birini gücləndirə bilir”.

Akif Nəsirli

“Orta gəlirli ailələr üçün əsas risk gəlirlərin artım tempinin mənzil xərclərinin artımından geri qalmasıdır. Əgər kirayə haqqı ailə büdcəsinin daha böyük hissəsini tutursa, digər istehlak xərclərinə və yığıma imkan azalır. Bu, xüsusilə gənc ailələr və ipoteka götürmək istəyənlər üçün əlçatanlıq problemini dərinləşdirir. Mənzil qiymətlərinin sürətli artımı ilkin ödəniş məbləğini yüksəldir, kredit yükünü ağırlaşdırır və borclanma risklərini artırır. Uzunmüddətli perspektivdə sosial bərabərsizlik dərinləşə və mənzilə çıxış imkanları məhdudlaşa bilər.

Bazarın sabitləşdirilməsi üçün inzibati qiymət məhdudiyyətlərindən çox struktur tədbirlər daha effektivdir. Mənzil təklifinin artırılması üçün yeni yaşayış layihələrinin stimullaşdırılması, regionlarda infrastrukturun inkişafı və tikinti sektorunda rəqabətin gücləndirilməsi vacibdir. Sosial və güzəştli ipoteka proqramlarının hədəfli genişləndirilməsi orta gəlirli ailələrin əlçatanlığını artıra bilər. Kirayə bazarında şəffaflığın artırılması, müqavilələrin rəsmiləşdirilməsinin təşviqi və vergitutma mexanizmlərinin optimallaşdırılması da qiymətlərin daha balanslı formalaşmasına kömək edə bilər. Eyni zamanda makroiqtisadi sabitliyin qorunması və inflyasiya gözləntilərinin idarə olunması mənzil bazarındakı qiymət artım tempinin yumşalmasına dəstək verə bilər”, - deyə Akif Nəsirli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
bizimyol.info

1Источники