Bakı, 19 fevral, AZƏRTAC
Ramiz Quliyev Azərbaycan tarının dünyada tanınmasına mühüm töhfələr verib. Tar üçün yazılmış, köçürülmüş, işlənmiş nə qədər əsər varsa, onların böyük bir qismini o ifa edib, repertuara daxil etdirib. Bizim fonoteka tariximizdə də Ramiz Quliyev qədər zəngin səs yazıları olan ifaçılar çox deyil. Bu, onun sənətə münasibətinin, məsuliyyətinin göstəricisidir.
Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist, tanınmış kamança ifaçısı, professor Mirnazim Əsədullayev deyib.
O, Ramiz Quliyevlə 1976-cı illərdən tanış olduğunu bildirib: “O vaxt mən konservatoriyada oxuyurdum, Ramiz müəllim isə yenicə pedaqoji fəaliyyətə başlamışdı. Onunla birlikdə uzaq səfərlərdə olmuşam, müxtəlif ölkələrdə keçirilən tədbirlərdə çıxış etmişik. Çox gözəl yol-yoldaşı idi və səmimi ünsiyyəti ilə hər zaman seçilirdi”.