Azərbaycanlı futbolçu Nəriman Axundzadəni transfer edən ABŞ-nin "Kolambus Kryu" klubu heyətinə yeni futbolçu cəlb edib.
Offsideplus.az xəbər verir ki, MLS təmsilçisi Portuqaliya millisinin sabiq üzvü Andre Qomeşin keçidini rəsmiləşdirib.
Məşhur yarımmüdafiəçi ilə 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Sözləşmədə müddətin daha bir il uzadıla biləcəyi barədə bənd də yer alıb.
Karyerası ərzində Portuqaliyanın "Benfika", İspaniyanın "Valensiya", "Barselona", İngiltərənin "Everton" və Fransanın "Lill" klublarında çıxış edən Qomeş bir çox uğura imza atıb. O, "Barselona" ilə İspaniya çempionu (2017/18) olub, iki dəfə Kral Kubokunu və bir dəfə ölkə Superkubokunu qazanıb.
Qeyd edək ki, "Benfika"nın yetirməsi olan yarımmüdafiəçi Portuqaliya klubunda çempion, ölkə kubokunun və liqa kubokunun qalibi olub.
Portuqaliya yığmasının heyətində 29 oyun keçirən təcrübəli oyunçu 2016-cı ildə Avropa çempionu tituluna yiyələnib.