bp şirkəti ilə 1 milyard dollar həcmində yeni müqavilə imzalanıb
“Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağının və “Şahdəniz” qaz yatağının operatoru olan bp şirkəti “SOCAR AQŞ” və ABŞ-ın “Helmerich & Payne” (H&P) şirkətinin birgə müəssisəsi olan “Turan Drilling & Engineering Company” MMC ilə yeni müqavilə imzalayıb. Müqavilə Xəzər dənizində bp-nin idarə etdiyi səkkiz neft və qaz hasilatı platforması - “Mərkəzi Azəri”, “Şərqi Azəri”, “Qərbi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq”, “Çıraq”, “Mərkəzi-Şərqi Azəri” (ACE) və “Şahdəniz Alfa” platformalarının istismar əməliyyatları və texniki xidmət işlərində hasilatın artırılması hədəflərini əks etdirir. Belə ki, müqavilə çərçivəsində personal dəstək tədbirlərinin və texniki xidmət işlərinin artırılması, idarəolunmanın daha effektiv təşkili, qurğuların bütövlüyü və konstruksiyaların texniki xidməti üzrə yeni yaradılmış mühəndislik qrupunun idarə edilməsi, eləcə də digər işlərin görülməsi nəzərdə tutulur. Cari ilin mart ayından qüvvəyə minəcək müqavilənin ümumi dəyəri təxminən 1 milyard dollara bərabərdir.
Bu müqavilə Xəzər regionunda bp-nin tərəfdaşları olan şirkətlərlə bağladığı növbəti irihəcmli müqavilə hesab edilir. Sənəd ingilis şirkətinin tərəfdaşları ilə birgə Azərbaycanda fəaliyyətə başladığı vaxtdan əsas öhdəlik kimi yerli potensialın inkişaf etdirilməsi üzrə həyata keçirdikləri uzunmüddətli strategiyanın mühüm bir hissəsi kimi dəyərləndirilir. Bu, eyni zamanda, SOCAR-la sıx əməkdaşlıq çərçivəsində bp-nin Xəzərdəki ehtiyatların daha səmərəli və rəqabətədavamlı şəkildə işlənməsinə dair biznes məqsədləriə xidmət edir. Bp-nin vitse-prezidenti Rassel Morris bildirib ki, “Turan Drilling & Engineering Company” ilə olan uzunmüddətli müqavilənin yenilənməsi Xəzər regionunda uzunmüddətli fəaliyyətin, təhlükəsiz, etibarlı və səmərəli əməkdaşlığa söykənən beynəlxalq təcrübənin, qabaqcıl qlobal yanaşma və texnologiyaların tətbiqinin növbəti mərhələsidir. Bu, həmçinin, SOCAR-ın Xəzərə dair dərin biliklərini və regionun qazma sənayesindəki aparıcı mövqeyini özündə birləşdirən əməkdaşlıq strategiyasında bp-nin önəmli yer almasının təsdiqidir.
Beləliklə, yeni müqavilə Xəzərin Azərbaycan sektorunda neft və qaz hasilatı sənayesində müasir standartların və qazma texnologiyalarının tətbiqi sayəsində nəzərdə tutulan hasilatın artırılması üzrə davamlı öhdəliyin icrasında mühüm mərhələ açmış olacaq.
“Baker Hughes” rəqəmsal neft xidmətini təşkil edir
Yeri gəlmişkən, SOCAR-ın prezidenti Rövşən Nəcəf dünyanın nüfuzlu şirkətlərindən olan “Baker Hughes”un neft servisləri və avadanlıqları üzrə icraçı vitse-prezidenti Amerino Gatti ilə görüşdə də yeni hasilat sənayesi imkanlarını dəyərləndirib. Tərəflər arasında imzalanmış Əməkdaşlığa dair Sazişə əsasən, ötən müddət ərzində birgə reallaşdırılan layihələr nəzərdən keçirilib. “Baker Hughes”lə birgə quyu tikintisi üçün texnologiyaların, elektrik dalma nasoslarının (ESP) tətbiqi və quyular üzrə rəqəmsallaşmanın aparılması istiqamətində nəzərdə tutulan işlərin əhəmiyyətinə toxunulub.
Beləliklə, bütün bu tədbirlər də neft hasilatının dayanıqlılığının təmin edilməsi, yeni rəqəmsal imkanlar hesabına sənayedə istehsalın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın məqsədi qarşıdakı illərdə neft hasilatının artımına nail olmaqdır, son illərdə quyularda hasilatın aşağı düşməsi quyularda yeni texnoloji və rəqəmsal üsullardan istifadə etməklə dayanıqlılığı gücləndirməyi vacib edir. Bu konteksdən bp və digər şirkətlərlə qeyd edilən istiqamətdə ardıcıl tədbirlərə start verilib.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən ay İsveçrədə keçirilən Davos İqtisadi Forumunda təşkil edilən sessiyada neft hasilatı ilə bağlı fikirlər səsləndirərəkən neft hasilatını artırmaqla bağlı mühüm planların nəzərdə tutulduğunu bildirib. Dövlətimizin başçısı qeyd edib ki, beynəlxalq enerji şirkətləri tərəfindən həyata keçirilən kəşfiyyat layihələri yaxşı nəticələr verdiyi halda Azərbaycanda ikinci neft bumunu yaşaya bilərik: “Əgər beynəlxalq enerji şirkətləri tərəfindən həyata keçirilən kəşfiyyat layihələri yaxşı nəticələr versə, Azərbaycanda ikinci mühüm neft bumunu yaşaya biləcəyimizə dair çox haqlı ümidlərimiz var”.
Asan neft dövründən texnoloji istehsala
Reallıq budur ki, asan neft dövrü başa çatıb və Xəzərdə yataqların məhsuldarlığını saxlamaq üçün müasir texnologiyaya ehtiyac var. 2025-ci ildə ölkəmizdə 27,7 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Hasilatın 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb. İl ərzində 23,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac olunub. Halbuki 5-6 il əvvəl hasilat 30-35 milyon ton idi. Rəqəmlər də onu göstərir ki, son illərdə azalma baş verir, ona görə də hasilatı sabitləşdirmək və artırmaq üçün AÇG-də dərinsulu quyulara sualtı müdaxilə əməliyyatları planlaşdırılır. “AÇG” yatağının operatoru “BP-Azerbaijan” şirkətinin məlumatına əsasən, Xəzərdəki əməliyyatlarda ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq olunacaq. “Blue Ocean” dikborusuz müdaxilə sistemi (BORİS) kimi tanınan bu texnologiya “Oceaneering International” şirkətinin sualtı mexaniki tros vasitəsilə quyuya müdaxilə sistemidir. Bu innovativ yanaşma təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının səmərəli tədqiqinə və erkən aşkarlanmasına imkan verəcək və bununla da yatağın sonrakı potensialının üzə çıxarılmasına imkan verəcək. Bu məqsədlə “Xankəndi” sualtı tikinti texniki işlərə hazırlıq vəziyyətinə gətirilib.
Uzun fasilədən sonra neft ÜDM-i artmağa başlayıb
Bp şirkəti innovasiyayönümlü istehsala keçid sayəsində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda əlavə olaraq 2 milyard bareldən çox neft hasil etməyi planlaşdırır. Şirkətin AÇG sahəsinin işlənməsi üzrə meneceri Əfqan Hüseynovun sözlərinə görə, AÇG-nin gələcək hasilat potensialını artırmaq üçün kompleks yenilənmə və yeni texnologiyaların tətbiqi davam etdirilir. Yatağın statik və dinamik modelləşdirilməsi daha da təkmilləşdirilib. 700-dən çox quyudan toplanmış məlumatlar və 16 min metrdən artıq DTS nəticələri mürəkkəb layların dəqiq xəritələndirilməsinə imkan verib. Bunun nəticəsində təqribən 300 min barel əlavə hasilat potensialı yaranıb və potensial daha da artmaqdadır.
Yeri gəlmişkən, 2026-cı ilin yanvar ayında iqtisadi inkişafın əsas göstərici olan ümumi daxili məhsul (ÜDM) 1,7 faiz artaraq nominal həcm etibarilə 9 milyard manatı ötüb. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 2,3 faiz artıb. Diqqət çəkən məqamlardan biri son illərdə neft-qaz sektorunda hər il azalan ÜDM-in 2026-cı ilin ilk ayında artım nümayiş etdirməsidir. Belə ki, neft ÜDM- neçə ildir ki, mənfi saldo ilə qeydə alınırdı, əlavə dəyər birbaşa qeyri-neft sektorunun hesabına artırdı. Artıq yeni ildən neft sektorunda da artım dinamikası əldə olunmaqla, neft ÜDM-nin müsbət saldo ilə müşayiət ediləcəyi istisna deyil. Ümidverici rəqəmlər və yeni texnoloji müdaxilə isə yeni neft bumunun başlanmasına ciddi əsaslar yaradır.
ABŞ-la birgə Xəzərdə yeni layihələr
Yeni neft bumuna keçid üçün SOCAR bp və dünyanın tanınmış enerji şirkətləri yeni texnologiyaların tətbiqi, innovasiya və səmərəlilik, idarəçilik və inkişaf kimi sahələrdə əməkdaşlıq imkanlarını artırıb. SOCAR və ABŞ-ın “SLB” şirkəti arasında əldə edilmiş razılığa əsasən, Xəzərin Azərbaycan sektorundakı “Bahar” və “Qum-Dəniz” yataqlarının yenidən işlənməsinə start verilib. Bu tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyən edilməsini, hərtərəfli rezervuar modelləşdirməsinin hazırlanmasını və bu yataqlarda erkən hasilat sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur.
25 il müddətinə nəzərdə tutulan müqavilənin investisiya portfeli 1 milyard dollar həcmində qiymətləndirilir. Müqavilə blokunda qaz ehtiyatları 25 milyard kubmetr təşkil edən yatağın işlənməsi SOCAR-ın neft hasilatının artmasına və uzunmüddətli strategiyasına mühüm töhfə verəcək.
Yeri gəlmişkən, Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası üzrə Memorandumun bir istiqaməti də enerji sahəsində əməkdaşlığı nəzərdə tutur. Eləcə də SOCAR və “ExxonMobil” korporasiyası arasında imzalanmış “Əməkdaşlıq haqqında Memorandum”ABŞ-ın məşhur enerji korporasiyasının Azərbaycanda yeni fəaliyyət planlarına dair yol xəritəsidir. “Exxon” şirkəti Xəzərdə yeni karbohidrogen tədarüklərinin başlanması üçün “EXIM Bank”ı da prosesə qoşacaq ki, bu da nəql infrastrukturunun şaxələnməsində potensial maliyyəni təmin edəcək.
Mədən sənayesində “ağıllı texnologiyalar”ın tətbiqi
SOCAR ilə Birləşmiş Ərəb Əmirliklərinin “Emirates National Oil Company Group” (“ENOC Group”) arasında da sıx münasibətlər mövcuddur. Bir müddət əvvəl tərəflər kəşfiyyat, hasilat, rəqəmsallaşma, ticarət, marketinq istiqamətlərində əməkdaşlıq məsələlərini müzakirə edib. Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə, o cümlədən qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar. SOCAR-la BƏƏ-nin “Dragon Oil” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu isə mədən sənayesi hasilatında “ağıllı texnologiyalar”ın tətbiqini nəzərdə tutur.
Göründüyü kimi Xəzər hövzəsi texniki cəhətdən ən maraqlı və strateji baxımdan vacib bölgələrdən biri olaraq qalır və bu amil dənizin zəngin neft zonası kimi əhəmiyyətini təsdiqləyir. Ona görə də, müasir texnoloji sıçrayışlar fonunda neft sənayesinin yeni innovasiyalara ehtiyacı artıb və hazırda yeni ideya və yanaşmalar da bu səmtə istiqamətlənib. Bu istiqamətdə Azərbaycanın əsas enerji partnyoru olan bp şirkəti Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə texnologiyası tətbiq edəcək. Bu innovativ metodlar hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının səmərəli tədqiqinə və erkən aşkarlanmasına imkan verəcək.
Beləliklə, Azərbaycan bp və digər xarici tərəfdaş şirkətlərlə hasilat sənayesində yeni müqavilələr imzalaması neft sənayesində artımı optimallaşdırmaqla, ölkəmizin sadiq təchizatçı kimi uzun illər regional üstünlüyünü təmin edəcək.
E.CƏFƏRLİ