RU

Rey Kərimoğlu: Məskunlaşacaq ərazilərin mina təmizlənməsi prioritetdir

"Bu il mən Minadan Zərərçəkənlər Assosiasiyasının sədri kimi də fəaliyyət göstərirəm. Həqiqətən də, kütləvi məzarlıqlar aşkar ediləndə həmin ərazilərdə mina təhlükəsi çox yüksək olur. Çünki işğal dövründə minalar müxtəlif məqsədlərlə basdırılıb. Bəzən elə yerlərə yerləşdirilib ki, gələcəkdə axtarış aparılacağı təqdirdə partlayış baş versin. Adətən minalar çay kənarlarında, cığırlarda, ərzaq və su mənbələrinə yaxın ərazilərdə yerləşdirilirdi. Lakin hamı bilməlidir ki, torpağın relyefi zamanla dəyişir. 30 santimetrdən daha dərinlikdə yerləşən minaları texniki qurğular bəzən aşkar edə bilmir. Üstəlik, yağış, sel və torpaq sürüşmələri minaların yerini dəyişə bilir. Bu isə prosesi daha da mürəkkəbləşdirir".

QHT.az xəbər verir ki, bu fikirləri QAZİLER.AZ saytının baş redaktoru Rey Kərimoğlu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tərəfindən Dövlət Komissiyasının dəstəyi ilə “Xocalı Soyqırımı, itkin şəxslər: faktlar, sübutlar və humanitar məsuliyyət” mövzusunda keçirilən Dəyirmi Masada bildirib. Onun sözlərinə görə, Məsələn, Ağdam istiqamətində – keçmiş təmas xətti boyunca – illər ərzində böyük bir kolluq və meşəlik sahə formalaşıb. Əvvəllər açıq olan ərazilər minalandıqdan sonra təbii şəkildə bitki örtüyü ilə örtülüb. Təsəvvür edin ki, ağacı kəsmək istəyərkən mişar detonasiyaya səbəb ola və partlayış baş verə bilər. Bu ehtimal realdır və belə hallar baş verib. Bəzi ərazilərə ümumiyyətlə daxil olmaq mümkün deyil:

"Bu, son dərəcə mürəkkəb və təhlükəli prosesdir. Mənə göstərilən videolarda sapyorlarımızın faktiki olaraq ilan kimi sürünərək mina axtardıqlarını görmüşəm. Bu, böyük risk və fədakarlıq tələb edir. Cənab Prezident də bu məsələyə xüsusi diqqət yetirib və əsas prioritet kimi məskunlaşacaq ərazilərin mina təmizlənməsini müəyyənləşdirib. İlk növbədə yaşayış məntəqələri və ətraf ərazilər hasara alındı, təhlükəsizlik tədbirləri gücləndirildi. Lakin bütün ərazilərin tam təmizlənməsi üçün illər tələb olunur. Bu zonalar son dərəcə təhlükəlidir və icazəsiz daxil olmaq olmaz".

Избранный
12
qht.az

1Источники