RU

"Kitablar ən yaxın dostumuzdur" adlı tədbir keçirilib

Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin təşəbbüsü və Xəzər Universitetinin birgə  təşkilatçılığı  ilə " 21  fevral-  Ana dili  Günü" münasibəti ilə  "Kitablar ən yaxın dostumuzdur" adlı tədbir keçirilib. 

Universitetin himni və kitablara həsr edilmiş videoçarxın nümayişi ilə başlayan tədbir, keçən il Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə təməli qoyulmuş ənənənin uğurlu davamı kimi yadda qalıb. Tədbiri giriş sözü ilə açan Xəzər Universiteti Humanitar, Təhsil və Sosial Elmlər fakültəsinin dekanı, dr. Milana Abbasova qonaqları salamlayaraq kitabın insan mənəviyyatındakı əvəzsiz rolundan və ana dilinin qorunmasının vacibliyindən bəhs edib. Rəsmi hissənin ardınca universitetin qızlardan ibarət rəqs qrupunun çıxışı və universitetin  sevimli müəllimi, tanınmış aşıq Ramin Qarayevin ifası tədbirə xüsusi rəng qataraq iştirakçıların ruhunu qidalandırıb.

Mərasimdə çıxış edən Mədəni Antropologiya və Folklor İnstitutunun koordinatoru, dosent Aynur Qəzənfərqızı ana dilinin saflığının qorunması və folklorun gənc nəslə aşılanmasının əhəmiyyətini vurğulayıb. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin rəhbəri və Kalağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı milli geyim və poeziyanın vəhdətindən söz açaraq mütaliənin şəxsiyyət kimi formalaşmadakı yerinə toxunub. Tanınmış tədqiqatçı Əli Şamil öz çıxışında kitabın keçmişlə gələcək arasında mənəvi körpü olduğunu qeyd edib, görkəmli yazıçı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov isə anasının yaradıcılıq yolundan və kitabın bir ümman kimi insan xəyallarını zənginləşdirməsindən danışıb.

Tədbir çərçivəsində dosent Aynur Qəzənfərqızının rəhbərliyi ilə keçirilən “Mütaliə Paneli”ndə şairlər – Tərlan Musayeva, Vaqif Osmanlı, Lalə İsmayıl, Aybəniz Camalova, Esmira Fuad, Mətanət Ulu Şirvanlı, Əzizə Ağahüseynqızı, Qulu Xaləddinoğlu və Rövşən Xaləddinoğlu iştirak edərək tələbələrlə yaxından ünsiyyət qurublar. Tədbirin ən maraqlı və interaktiv məqamı olan sorğuda dosent Aynur Qəzənfərqızının suallarını doğru cavablandıran tələbələrə professor Hamlet İsaxanlının müəllifi olduğu dəyərli kitablar hədiyyə edilib. Proqramın sonunda şairlərhəm tələbələrə, həm də Xəzər Universitetinin kitabxanasına öz kitablarını bağışlayıblar. Bu tədbir ana dilimizə ehtiram və kitabın bir dost kimi gənclərin həyatındakı yerini möhkəmləndirmək baxımından böyük əhəmiyyət kəsb edib.

Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin dəstəyi ilə işıq üzü görən kitablardan 100 - dənəsi tələbələrə  oxuculara təqdim olunub. Mirvarid Dilbazi Poeziya Məclisi İB tərəfindən  2024- cü il 14 fevralda İmişlidə fəaliyyət göstərən Diferensial Təhsil və Tədris Mərkəzinə 100 kitab,  2025- ci il  14 fevralda   Xəzər Universitetində 100 tələbəyə  kitab, 14 fevral 2026 -cı ildə Azərbaycan Milli QHT Forumunda tələbə və məktəblilərə 100 kitab  bağışlanıb. Ənənə davam edir və davam edəcək. Belə tədbirlərin keçirilməsi, kitabların bağışlanması dilimizin özəlliyini, gözəlliyini qoruyacaq, gənc nəslin mütaliə vərdişlərinin genişlənməsinə vəsilə olacaq,  nitq mədəniyyətinin inkişafına təsir edəcək.

Tədbirdə şairlərin çıxışı və tələbələrə kitab hədiyyəsi olunub.

Избранный
2
xalqqazeti.az

1Источники