RU

Bu iştirak ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir - Deputat

Yazını böyüt
Yazını kiçilt

“Donald Tramp tərəfindən yaradılmış “Sülh Şurası” adlı yeni beynəlxalq təşəbbüs dünya ictimaiyyətində geniş maraqla qarşılanıb. Artıq 20-dən çox dövlət bu qurumun təsisçiləri sırasında yer almaq qərarına gəlib. Azərbaycan da təşəbbüsə qoşulan ölkələrdən biridir.”

Bunu Hafta.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə Sülh Şurası və Azərbaycan Prezidentinin həmin tədbirdə iştirakı ilə bağlı şərh verərkən bildirib.

Deputat qeyd edib ki, yeni platformanın əsas məqsədi dünyanın müxtəlif bölgələrində mövcud olan hərbi qarşıdurma və gərginlik ocaqlarını aradan qaldırmaq, real və davamlı sülhü təmin etməkdir:

“Hazırda təşkilatın əsas tezisləri və məramı elan edilib. Gözlənti ondan ibarətdir ki, bu təşəbbüs gələcəkdə praktik müstəvidə real nəticələr verəcək. 1945-ci ildə yaradılmış Birləşmiş Millətlər Təşkilatı uzun illər beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında mühüm rol oynasa da, son dövrlər qurumun fəaliyyətinə dair müxtəlif narazılıqlar səsləndirilir. Bu baxımdan, yeni beynəlxalq təşəbbüs qlobal səviyyədə əlavə ümidlər formalaşdırır.”

A. Mirzəzadə Azərbaycanın son illər regionda sülhün təşviqi istiqamətində atdığı addımlara da diqqət çəkib:

“Ölkə öz ərazi bütövlüyünü təmin etdikdən sonra Cənubi Qafqazda sabitlik və təhlükəsizlik mühitinin formalaşmasına töhfə verib. Rəsmi Bakı keçmiş münaqişəyə baxmayaraq, Ermənistanla normal qonşuluq münasibətlərinin qurulması üçün siyasi iradə nümayiş etdirib. Sülh sazişinin mətninin hazırlandığı və paraflandığı bildirilir. Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklər həyata keçirildikdən sonra sənədin imzalanmasının mümkün olacağı qeyd edilir. Azərbaycan Prezidenti isə bu dəyişikliklərin qəbul ediləcəyi təqdirdə sənədi dərhal imzalamağa hazır olduğunu bəyan edib.”

Deputat əlavə edib ki, Azərbaycan Prezidentinin “Sülh Şurası”nın tədbirinə dəvət olunması ölkənin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir:

“ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinin soyadını xüsusi məmnunluqla səsləndirməsi ikitərəfli münasibətlərin və liderlərarası dialoqun yüksək səviyyədə olduğunu göstərir. Rəsmi mövqe ondan ibarətdir ki, Azərbaycan sülh tərəfdarıdır və gələcəkdə də beynəlxalq sülh təşəbbüslərini dəstəkləməyə davam edəcək.”

Tahirə Qafarlı

Избранный
39
hafta.az

1Источники