RU

Tərlan Qorçu: Bu cür ekspozisiyalar müasir incəsənətə baxışı genişləndirir

Bakı, 21 fevral, Günel Alıyeva, foto – Azər İbrahimov, AZƏRTAC

Təqdim olunan işlər daha çox abstrakt xarakter daşıyır. Bir qayda olaraq, bu üsluba daim yaradıcılıq axtarışında olan və yeniliyə açıq rəssam və fotoqraflar müraciət edirlər. Xüsusilə diqqətəlayiq və səmimi heyranlıq doğuran məqam ondan ibarətdir ki, Anna İbrahimbəyova bu qədər müasir və konseptual əsərlər yaratmaq qabiliyyətinə malikdir. Əminəm ki, bu işlər istənilən peşəkar platformada təqdim olunduğu halda yüksək incəsənət nümunələri sırasında layiqincə qiymətləndiriləcək.

Bu fikri AZƏRTAC-ın müxbiri ilə söhbətində teatr rejissoru və rəssam Tərlan Qorçu bildirib.

Onun sözlərinə görə, Azərbaycanda fotoincəsənətin tarixi çox da qədim deyil və bu sahə nisbətən gənc incəsənət növü hesab olunur. Bununla belə, bu gün gənc nəslin fotoqrafiyaya marağı kifayət qədər yüksəkdir və ölkədə çox sayda gənc fotoqraf aktiv fəaliyyət göstərir.

O, həmçinin qeyd edib ki, yaşlı nəslin nümayəndələri arasında müasir üslubda çalışan və yeni bədii axtarışlar aparan müəlliflərin sayı o qədər də çox deyil.

“Bu kontekstdə Anna İbrahimbəyovanın yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir. Bu cür sərgilər gənclərdə müasir incəsənətə fərqli baxış formalaşdıra, estetik zövqün inkişafına töhfə verə və fotoincəsənətə marağı əhəmiyyətli dərəcədə artıra bilər”, – deyə T.Qorçu əlavə edib.

Избранный
15
1
azertag.az

2Источники